İctimai nəqliyyat...

 

Problemlər həllə doğru “şütümür”

 Ölkənin ictimai nəqliyyat sisteminin problemləri tükənmir. Necə deyərlər, sürücülər problemlərini özlərinə sərf etmədiyi üçün dayanmadığı dayanacaqlarda “düşürmək istəmir”...

 Elementar etik qaydaların gözlənmədiyi ictimai nəqliyyatın problemlərini canlılardan savayı, ölkəyə gətirilən yeni tipli, müasir avtobuslar da həll edə bilmir. Beləliklə, köhnə problemlər heç bir vəchlə azalmır, ən azından, həll edilmədiyi üçün.

Sürücülər yeni avtobusları yenə də dayanacaqların bəzisində dayandırmır, şifahi şəkildə “düşən olacaq” deyə, sual edərkən, mənfi cavabın müqabilində onu dayanacaqda saxlamağı lazım bilmir. Guya, avtobusdan düşən olmadığı kimi, dayanacaqda dayanan da ona minməyəcək. Nə isə, ən adi, yuxarıda qeyd etdiyim kimi, elementar məsələlər də hələ bizim ictimai nəqliyyatdan gen gəzir. İctimai xidmətdir axı.

Xidmət demişkən, əksər avtobusların pəncərələrinə sərnişinlərə göstəriləcək xidmətlərlə bağlı məlumatlar yapışdırılıb. Avtobusda yol gedərkən, sərnişinlər onlarla tanış olub “vaxt öldürə” bilsinlər deyə. Çünki bu elanların sərnişinlərə xidmət etməməsini başqa cür ifadə etmək olmur. Misal üçün, elanların birində yazılıb ki, nəqliyyat vasitəsi hər gün dezinfeksiya olunaraq xəttə buraxılır. Sərnişin ürəyində düşünür ki, görməyibsə, buna inana bilməz. Ən azından, döşəmənin vəziyyəti, tutacaqların görüntüsü bu elanın əksini söyləyir. Yaxud, sürücünün sükan arxasında siqaret çəkməsini, telefonla danışmasını əks etdirən məqamlarla bağlı müvafiq qurumun “qaynar xətt”inə müraciət də orada əksini tapıb...

Maraqlıdır, görəsən, sərnişinlərdən kimsə belə məqamlarla üzləşdiyi halda, BNA-ya müraciət edəcəkmi, ən azından, özünə hörmət xatirinə, bu xidmətdən yararlanacaqmı? Çətin məsələdir...

Elə belə məqamlara görə də sürücülər ictimai nəqliyyata, onun bütün növlərinə, ondan istifadə edən sərnişinlərə insan kimi deyil, yük kimi yanaşır, yükdaşıma funksiyasını yerinə yetirir. Çünki sürücüyə deyən yoxdur ki, sükan arxasında siqaret çəkmə, telefonla danışma, musiqinin səsini yüksəltmə. Bunu deyən, sürücünün məsuliyyətini, müvafiq qurumun elanlarında yazılanları onun diqqətinə çatdıran olmadığı üçün sərnişinlər sanki avtobusda deyil, şadlıq sarayındadır. Salonda musiqinin səsindən qulaq batır, yalan olmasın, ağız deyəni qulaq eşitmir. Yeri gəlmişkən, avtobus pəncərəsinə yapışdırılan elanların birində də yazılıb ki, salonda hündürdən danışmaq, sərnişinlərin rahatlığını pozmaq olmaz. Sonuncu məsələyə avtobusdakı insanların hamısı, sürücü-sərnişin qarışıq hamı ellikcə riayət etmir, “qılınc müsəlmanıq” axı.

Amma sürücülərin bəzi məqamlarla bağlı cərimələnməsi məsələsi də mövcuddur. Məsələn, sükan arxasında sürücünün siqaret çəkməsi halları müşahidə olunarsa, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsiylə sürücü 40-50 manat həddində cərimələnə bilər. Sərnişinlərə görə, bu xəbərdarlığın heç bir mənası yoxdur, çünki siqaret çəkən sərnişinlərin də getməyə məcbur olduğu ictimai nəqliyyatda bu tip faktlar olsa da, kimsə sürücünü “satmayacaq”, siqaretçəkənlərin təəssübkeşliyi burda da işə yarayacaq.

Bir sözlə, inzibati tədbirlərin tətbiq olunmadığı, sərnişinlərə insan kimi deyil, çox vaxt deyildiyi kimi, “30 qəpiklik” sayağı baxıldığı üçün, ictimai nəqliyyatda hər cür problemlər yaşanır, sərnişinlər və sürücülər də bir-birini necə deyərlər, “yola verir”, “birgəyolaçıxma və ünvanaçatma” prosesi macəralarla olsa da, itkisiz-filansız yerinə yetirilir...

İctimai nəqliyyatın problemləri çoxdur, saymaqla bitməsə də, həll olunsa, bitər. Amma kimdir ona baş qoşan? Dediyim kimi, bizdə hamı bir-birini yola verməkdə ixtisaslaşıb; məsuliyyətli olmaqdan, işini bilməkdən savayı. Əhali sanki yekdilliklə çətinliklərə qucaq açaraq onunla, problemlərlə yaşamaqdan zövq alır. Nə öz üzərinə düşən vəzifəni, nə də sürücünün məsuliyyətini bilir, tələb edir.

Elə bu cür qarşılıqlı məsuliyyətsizliyin nəticəsidir ki, sürücünün telefonda kiməsə “dönər yemə haa, ondansa mərci supu al, ye” məsləhətindən də müvafiq nəticə çıxarır - “dönər tərkib baxımından zərərli, mərci isə faydalı olduğu üçün gərək mən də dönərdən imtina edəm” formasında...

Beləcə, həm sərnişinlər, həm də onları aparan sürücülər qarşılıqlı “dostluq”, “qardaşlıq”, “yoldaşlıq” şəraitində hər gün yola çıxır, yol gedir, yollarını birləşdirirlər. Bu yollarda nələr olursa, baş verirsə, onu da sürücüyə irad, xəbərdarlıq formasında deyil, bizə şikayətçi qismində çatdırırlar. Maraqlıdır, görəsən, nə vaxtacan hamının əvəzindən danışıb, müəyyən, ən adi, elementar məsələləri onların əvəzindən kimlərinsə nəzərinə çatdıracağıq? Yeri gəlmişkən, müşahidə etdiyim sərnişinlərin əksəriyyəti salonda az qala siyasətçi, iqtisadçı, təbib, daha hansı qisimdə çıxış edərkən onları hətta kölgədə də qoyurlar. Amma məsələ birbaşa üzləşdikləri problemli mənzərəyə gələndə, susmağı üstün tuturlar. Sürücülərlə hər gün yol gedirlər, məsələni hər necə isə “yola vermək” lazımdır axı.

Bu, məsələnin vaxtaşırı, mütəmadi, hər gün baş verən tərəfidir. Gələk, sərnişinlərin hələ də qəbul etmədiyi, “20 qəpiklik yolun 30 qəpiyə çevrilməsi”ndən sonra bugünlərdə səslənən digər məsələyə. Deməli, BNA-dan bəyan edilib ki, günün pik saatlarında avtobuslarda gediş

haqqı fərqli qiymətə ola bilər. Yəni bütün avtobuslarda kart sisteminə keçid tətbiq olunandan sonra bu məsələ reallaşa bilər. Kart sisteminə bütövlükdə keçid də bu ilin sonuna tamamlanmalıdır. Doğrudur, qurumdan o da bildirilib ki, günün pik saatlarında gediş haqqının fərqli qiymətdə olması hələlik fikirdir. Lakin onun reallığa çevrilməsi də mümkündür. Ki, daha söz ağızdan çıxıb...

Görəsən, hər məsələdə susqunluğunu qoruyub-saxlayan sərnişinlər bu məqamda səsini çıxaracaqmı? Axı fərqli qiymət deyəndə onun hazırkı rəqəmdən az və yaxud, çox olması deyilməyib. O mənada, sərnişinin pik saatlarda itirdiyi vaxtın kompensasiyası kimi yolpulunu hazırkı məbləğdən az ödəməsi tam ədalətlidir. Ola bilər, sürücünün, qurumun itkisi də nəzərə alınaraq qiyməti sərnişinin cibinə “yüklədilər”...

Ümumiyyətlə, belə məqamlardan xəbərdar olmaq üçün, sanırıq, sərnişin də məsələni öz tərəfindən incələməlidir. Heç olmasa, ənənəvi “yollaşmaq ənənəsini yaşatmaq” üçün məsələnin çözümünə ehtiyac var...

 Nigar Orucova 

0.27300000190735