Hər dövrün öz “ad-soyadı”...

 

Nigar Orucova 

 Onu kimin daşımasını dövranın öz gərdişinə buraxaq

 Hər on ildən bir nəsillər dəyişir. Bu fikri öncələr qəbul etməzdik. Ən azı, bizim nəsil elə öz dövründə olduğu, yaşadığı üçün tanıyıb-bildikləri də elə öz sıralarından idi. Ona görə də, başqa nəslin təmsilçiləriylə o qədər də təmasda olmadıqları üçün bu fikrin hansı anlamda deyildiyinin də fərqinə varmazdılar.

Amma diqqət etməsələr də, hamını birləşdirən ümumi baxış, adət, bəzən də eyni vərdişlərlə həyata davam edirdilər. Dərsdən çıxan kimi birbaşa evə getməz, yolüstü yeyiləcək nəsə alaraq birbaşa kitabxanaya üz tutardılar. Böyük əksəriyyətdən, yəni təhsil alaraq gələcəyini düşünənlərdən bəhs edirəm bu məqamda. Sözsüz ki, hər dövrün istisnaları da olur. Bunsuz mümkün deyil, əsla...

Üstündən on il keçəndən sonra yaranan gəncliyin arzu-xəyalları, məqsəd və məramları, adət və vərdişlərini mü-şahidə etdikcə, yuxarıda söylənən fikrin həqiqət payını anladım. Bəlkə də o illərdə gəncliyin qaynar həyatı özündən əvvəlki və mövcud nəsli müşahidə imkanını qaçırmışdı. Və beləliklə, anlamaq çətin olmadı ki, nəsillər yaşam haqqı olaraq bir-birini əvəz etsə də, hər gələn digərini maraq və adətlərinə, vərdişlərinə görə təkrar etmir. Hər nəsil, yetişən gənclik elə öz dövrünün məhsuludur. Həzrət Əlinin müdrikcəsinə ifadə etdiyi kimi: “Övladlar daha çox öz zəmanəsinə bənzəyirlər”...

Bugünün gəncliyi əvvəlki nəsillərdən inqilabi addım sayılacaq texniki yenilikləri daha tez, anında qavrama qabiliyyətinə görə on addım irəlidədir. Son illər texniki yeniliklər saat, dəqiqə deyil, an hesabıyla inkişaf edir, dəyişir, irəliləyir. İndi kiməsə mobil telefonun, noutbukun, internetin olmadığı dövrdən danışmaq, bəhs etmək “Nuh əyyamı”ndan qalmaq təsəvvürü yarada bilər. Yaxud, gənclərə, yeniyetmələrə kabel televiziyasının mövcud olmadığı, kanallardan cəmisi iki - Bakı və Moskva kanalının varlığını, indinin xəbər bolluğundan yer-göy qədər fərqlənən, yeniliklərin cəmisi “Günün ekranı” və “Zaman” xəbərlər proqramından əldə edildiyi dövrü anlatmaq çox çətin...

Çətinliklərin asanlığının gəldiyi dövrdə onlar keçmiş, hazırkı gənclik isə ötənlərdəkini anlamaqda az qala mücadiləyə girmiş kimidir. Amma son zaman iş bir az yüngülləşib, keçmiş gəncliyin nümayəndələri indikilərə o qədər də qınaqla baxmır, ikincilər də öz sələflərinə qərəzlə yanaşmır. Sanki bir aydınlıq gəlib, hər keçən il nəsillər arasına görünməyən sədd çəkirsə, nədən nəsillər bir-birini əsassız günahlandırmaqla o divarı daha da böyütsün, zərrəcə qalan işığın qarşısını kəssin?

Bəlkə də belə deyil, ehtimalların ümidə bürünmüş formasıdır ki, bizə elə gəlir. Lakin fərqi yoxdur, mühakimələr, suçlamalar azalırsa, deməli, hər keçən nəsillərlə ümumi dil tapmaq da mümkün olacaq... Soruşsalar, onlara deyərik ki, biz də tələbə olanda küçədə-bayırda aldığımız yeyəcəkləri elə əlimizdə həzm-rabedən keçirib kitabxanalara gedərdik. Gün axşama ordan çıxmazdıq, günümüzün əsas hissəsi elə məkanlarda keçərdi. Vaxt-imkan, pul tapanda da elliklə gəzməyə gedərdik, heç kimin pal-paltarı, pul-parası, fikirləri, düşüncəsi digərindən yer-göy qədər fərqlənməzdi. Birinin olan o birinin malı, pulu, canı sayılardı...

Bir sözlə, bizim nəsil, xətirlərinə dəyməsin, indikilərdən qat-qat “zəngin” idi. Demirəm hansı dəyərlərinə görə, onu fərq etmək üçün yaxın keçmişlə bugünün adətlərinə, vərdişlərinə, arzu-xəyallarına, məqsəd-məramlarına diqqət etmək gərək.

Tək bircə fərqi desəm, qalanını özləri də müşahidə edərlər, onu da, təbii, istəsələr...

Bugünün reallığında, kitabxanalardan tutmuş, o adda olan mədəni-mənəvi, elmi-kütləvi məkanların az qala hamısının əvəzinə fəaliyyət göstərən kafe-restoranların, hər adda xüsusi şirniyyat mağazalarının bolluğunda deyəcəyim fərq də itib-batır, görünməz olur. Hər halda, diqqətli oxucu nəyi nəzərdə tutduğumu bilir. Yaxud da, nəsillərin bir-birini “qəbul etmə” prosedurunda üz-üzə oturmaq, sivil polemika açmaq üçün belə məkanlara daha çox ehtiyac var bəlkə? Ola bilsin, ona görə ehtiyacdan zərurət doğub?

Ehtimallar bazar iqtisadiyyatının şüurlara, hər anımıza bu qədər yeridiyini, sirayət etdiyini qəbul etməyənlər üçün ən asan “saman çöpü”dür.

Son olaraq, üz-gözü, sir-sifəti nədənsə qaraqabaq olan əhalimizin, yaş fərqi olmadan bu “mərəz”dən əziyyət çəkənlərin cüzi bir təbəssüm üçün belə məkanların çoxluğuna əlac kimi baxmaq da tərəfimizdən bir təsəlli...

 

P.S. Son abzası problem kimi yazı predmetinə çevirməyin üzərindən gəncliyin yalnız sözügedən məkanlarda özünü “tapması” xətt çəkir. Bunu da əvvəlki nəslin düşüncəli bir nümayəndəsi kimi anlamalıyıq...

0.15448689460754