Yoxsulluğun həddi

 

Nigar Orucova 

O, faizlərdə deyil...

Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və BMT-nin araşdırmasına görə, dünyada təxminən 1,3 milyard insan yoxsuldur. Həmin beynəlxalq qurumların gəldiyi qənaət budur ki, dünyadakı yoxsul insanların yarısını 18 yaşa, 1/3-ni isə 10 yaşa qədərki şəxslər əhatə edir. O da qeyd edilir ki, yoxsulluğun vəziyyətinə görə ən çətin həyat şəraiti Liberiyadadır. Orada adambaşına illik gəlirin 710 ABŞ dolları olduğu deyilir. Sonrakı pillədə 730 dollarla Mərkəzi Afrika və 770 dollarla Burundi qərarlaşır. Araşdırmaçılar onu da qeyd edir ki, dünyada 820 milyondan çox insan məhz qida çatışmazlığından əziyyət çəkir...

Əlbəttə, dünyanın qlobal problemləri hamımızın diqqətində olan məsələdir. Yoxsulluq isə həssas məsələ olduğu üçün ondan nə qədər ehtiyatla bəhs edilsə də, təfərrüatlar ən incə məqamların da üzə çıxarılmasını tələb edir. Ona görə də, yoxsulluğun faizi və insanların sosial-iqtisadi həyat şəraitini, yaşam tərzini, problemlərini, ondan fərqli, arzu və istəklərini nəzərə almadan, hesablamadan yoxsulluq səviyyəsini dəqiqliklə bilmək olmaz. Amma mümkündürmü?

Yuxarıda xarici ölkələrin timsalında insanların adambaşına düşən illik gəlirinin hansı həddə olduğunu qeyd etdim. Özü də bu rəqəmlər həmin ölkələrdəki yoxsulların yoxsul sayılmasına hesablanır. Maraqlıdır, görəsən, bəs bizdə hansı rəqəm yoxsulluğun göstəricisi, onun güzgüdəki əksi hesab oluna bilər?

Bu məqamda fikrimi iqtisadi dildə, rəqəmlərlə, faiz göstəriciləriylə, ümumiyyətlə, statistika ilə ifadə etmək niyyətindən çox uzağam. Çünki rəqəmlər ümumi mənada insanları daha çox çaşdırmağa hesablanır. Misal üçün, ölkədə hər il filan qədər yeni iş yerinin yaradıldığı, orada neçə yüz, bəzən hətta minlərlə insanın işlə təmin edildiyindən söhbət açılır. Mövsümi iş yerləri daimi iş yeri kimi təqdim edilir. Görəsən, harada?

Çünki uzun illərdir iqtisadçı-ekspertlərin yorulmadan haqqında danışdığı qeyri-neft sektorunun günümüzdə hələ də yetərli həddə inkişaf etmədiyi bəlli olur. Yüksəliş, artım demişkən, insanların aylıq gəlirinin hansısa həddə artdığı iddia edilir. Yaxud, onların gəlirinin xərcini hansısa faiz hesabıyla üstələdiyi deyilir. Pozitiv misalları artırmaq da olar, danışmağa nə var ki, gərək ağızdan çıxan da boşluğa düşməsin...

Diqqət etdinizsə, insanların işlə təminatı, yoxsulluq həddi və həyat tərzinin, gəlirlərinin artımıyla bağlı konkret rəqəmləri misal gətirmədim. Çünki rəqəmlərə etibar etmək düzgün deyil, onlar heç də həqiqəti əks etdirmir, bu quru, statistik işarələr olsa-olsa, rəsmi, aidiyyatı orqanların hökumət qarşısında götürdüyü öhdəliyin rəsmi hesabatıdır. Ki, onlarsız da iqtisadiyyatın, sosial həyat səviyyəsinin doğrudan da inkişaf etdiyinin göstərişi, görünüşü mümkün deyil.

Lakin bu gün ölkənin istənilən bölgəsinə, lap ucqar diyara getsək, orada insanların hamısının yüksək rifah halında yaşamadığını görərik. Doğrudur, əlaqədar qurumlar məşğulluq proqramının tətbiqini, icrasını bu dəm misal gətirə, onun insanların həyat səviyyəsinə müsbət təsirini söyləyə bilər. Lakin bu hələ yenicə ayaq açan körpənin ilk addımı misallıdır və bizlər də onun addımının gələcəkdə daha da möhkəmlənməsini, yəni əhalimizin yekdilliklə yüksək səviyyədə yaşamasını ən çox arzulayanlardanıq.

Bölgələr dedim, yadıma düşdü, xeyli müddət öncə şikayətçi qismində bir qadın müraciət edərək həyat tərzinin mümkün qədər yaxşılaşması üçün yardım istəmişdi. Yardım isə ona az da olsa stabil bir əməkhaqqı almağa yetən iş yeri tapmağımızdan ibarət idi. Əslində, axtarışa da çıxdıq, saytlardakı iş elanlarını incələdik, qohum-tanışlardan, rastımıza çıxan humanist adamlardan da soraqlaşdıq. Lakin həmin qadının fiziki və intellektual imkanlarına uyğun iş tapılmadı. Ən əsası isə onun iki azyaşlı övladı vardı, onları etibar edəsi dayəyə də pul ödəmək lazım idi, uşaq bağçasının kriteriyaları isə ümumiyyətlə, həmin qadının imkanlarına uyğun deyildi.

Onunla söhbət, problemini dinləmək çoxsaylı şikayətçilərlə bağlı üzləşdiyimiz məsələlərdən ciddi şəkildə fərqlənmirdi. Lakin dediyi bir cümlə hələ də yadımdadır: “Ayda 50 manat gəlirim olsa, bəy-xan kimi yaşayaram”...

Unutmuram, çünki onun hələ də ayda 50 manatla necə yaşaya biləcəyi, ümumiyyətlə, bu rəqəmlə dolanmağın mümkünlüyü barədə “baş sındırıram”; təbii, həmin rəqəmlə yaşamaq mümkündürsə...

Bu məqamda ölkənin hərtərəfli inkişafı haqda trafaret yazılardan, statistik göstəricilərdən, yoxsulluq həddinin azalmasından və daha nələrdənsə misal gətirmək istəmirəm. Çünki həmin qadın, eşitdiyimə görə hələ də işsiz-gücsüzdür və təbii ki, övladları da günbəgün, aybaay böyüməkdədir. Sözsüz ki, problemləriylə birlikdə...

Bir nümunədə ölkəmizdəki yoxsul ailənin hələ də var olduğunu qeyd etdim. Lakin belə ailələr tək deyil və hər gün televiziya ekranlarından boy verən, məşhur sosial verilişlərin qonağı olan onlarla, yüzlərlə şəxsin, onların maddi təminatsızlıq ucbatından evindən çıxıb gedən, xarici ölkələrdə itib-batan, tapılsa da geri qayıtmaq istəməyən ailə üzvlərinin ürəkdağlayan süjetləriylə evlərimizə “qonaq gəlir”...

Haqqında bəhs etdiyim imkansız, daha dəqiqi, yoxsul qadın ayda 50 manat, yəni illik 600 manatın ümidiylə istədiyi, istəmədiyi qapıları döyməli oldu. Amma onun adı yoxsulluğun artan səviyyəsində özünü göstərmədi. Axı yoxsulluq faizi statistik rəqəmlərdə enişə doğru “yuvarlanmaqda” dır. Bəli, o insan illik 600 manatın arzusu ilə hamıya üz tutmuşdu, halbuki, beynəlxalq təşkilatlar təxminən 1200-1400 manat illik gəliri olanları ən çətin həyat şəraitli hesab edərək dünyaya bəyan edir...

Analoqsuz məsələlərdən biri də elə budur - dünyanın ən çətin həyat şəraitini ifadə edən rəqəmlərin yarısına çatmayan gəlirlə “yaşamaq”. Daha dəqiqi, onu arzulamaq.

0.24445390701294