Sanitar-gigiyena qaydalarına niyə riayət olunmur?

 

Şahnaz Salehqızı
[email protected]

 Əhaliyə xidmət edən obyektlər xəstəlik mənbəyinə çevrilib

 

Hazırda xəstəliklərdən, xüsusən yoluxucu xəstəliklərdən qorunmaq dünyanın ən böyük probleminə çevrilib. İnsan sağlamlığı hər bir dövlətin strateji məsələsi sayıldığına görə, inkişaf etmiş ölkələrdə sağlamlığı qorumaq məqsədilə sanitar-gigiyena qaydalarına əməl olunmasına ciddi diqqət yetirilir və bu sahəyə gündəlik nəzarət gücləndirilir.

İctimai yerlərdə, marketlərdə, mağazalarda, restoran və çayxanalarda, digər xidmət sahələrində natəmizliyə, köhnəlmiş, istifadə müddəti keçmiş qida məhsullarının satışına və siqaret çəkməyə qarşı dünyada elan edilmiş «müharibə» heç də təsadüfi deyil.

Alimlərin son tədqiqatları nəticəsində sanitar-gigiyena qaydalarının pozulması halları, xüsusən alkoqollu içkilərin, narkotiklərin və siqaretdən istifadə olunması nəticəsində insanlarda ağır, müalicəsi mümkün olmayan xəstəliklərin yaranması öz təsdiqini tapıb.

Gəlin görək, dünyanı təşvişə salan sanitar-gigiyena qaydalarına Azərbaycanda necə, əməl olunurmu?

 Şəxsi müşahidə və çoxsaylı insanlardan əldə etdiyim rəylərə əsasən, əvvəlcədən qeyd edim ki, ölkəmizdə tam bərbad vəziyyətdə olan sahələrdən biri kimi ictimai xidmət sahəsində sanitar-gigiyena qaydalarına əsla əməl olunmur. Bakıda və ölkənin hər yerində fəaliyyət göstərən irili-xırdalı bütün marketlərdə çalışan işçilərin uniforması, demək olar ki, yox dərəcəsindədir. Marketlərdə satılan ərzaq məhsullarının arasında istifadə müddəti keçmiş mallara demək olar ki, hər gün rast gəlirik. "Bravo", "Araz", "Oba", "Favaorit", "Planet" kimi  Azərbaycan türkçəsinə yad ifadələrlə adlandırılan bu kimi  marketlərin kiçik filiallarında isə belə hallar adi hala çevrilib. Bu cür xoşagəlməz halların tez-tez baş verməsinə baxmayaraq, dövlətin bu sahə ilə məşğul olan əlaqədar, müvafiq nəzarətedici təşkilatları barədə cəza tədbiri görülmür. Sanki xidmət təşkilatlarında baş verən ciddi qanun pozuntularına dövlət orqanları yaşıl işıq yandırıb.

Apardığımız sistemli araşdırmaların nəticəsi göstərir  ki, Bakıda fəaliyyət göstərən bütün yeməkxana və restoranların mətbəxlərində hökm sürən antisanitariya çox təhlükəli həddədir. Bu obyektlərdə istifadə olunan ət və digər ərzaq məhsullarının keyfiyyətinə heç bir dövlət orqanı vaxtında nəzarət etmir. Bu nəzarətsizlikdən istifadə edən sahibkarlar əhaliyə müasir tibbi tələblərə cavab verməyən spirtli içkilər, qida məhsulları verirlər. Nəticədə insanlar arasında zəhərlənmə, hətta ölüm halları qeydə alınır və bu ağır cinayət hadisəsinə görə, əksər hallarda heç kim məsuliyyətə cəlb olunmur. Yeməkxana və restoranlarda, çayxana və pivəxanalarda xidmət edənlərin çirkli paltarda xidmət etməsi əsl təhlükə mənbəyidir. Bir çox hallarda yeməkxana, çayxana, pivəxana obyektlərinin sahibləri az əmək haqqı vermək müqabilində, təhlükəli yoluxucu xəstəliyə tutulmuş xəstə insanlardan xidmətçi kimi istifadə edirlər. Bu cinayətlərə nəzarət edən isə ya yoxdur, ya da aylıq haqq almaq hesabına hər şeyə göz yumurlar.

Bakı şəhərində sanitar-gigiyena qaydalarına əməl olunmayan sahələrdən biri də hər gün istifadə etdiyimiz ictimai nəqliyyatdır. İctimai nəqliyyatda mövcud olan antisanitariyanın ən böyük mənbəyi elə avtobus sürücüsünün özüdür. Xüsusən sürücülərin sükan arxasında siqaret çəkməsi, telefonla danışması, avtobusa daxil olan və enən sərnişinləri (hər gün eşitdiyim) «bir az tez, bir  az tez düşün,» yaxud «minin» deyərək tələsdirmələri, bir növ pis «ənənəyə» çevrilib. Buna görə də şəhər nəqliyyatında çalışan sürücülərin mədəni səviyyəsini yüksəltmək üçün onların maarifləndirilməsinə ciddi ehtiyac var. Son zamanlar bu sahədə Bakı Nəqliyyat Agentliyinə məxsus olan «BakuBus»da xeyli qayda-qanun yaradılsa da, bu sahədə əsaslı dönüş yaranmasından bəhs etmək hələ də mümkün deyil. Çünki avtobus marşrutlarını, xüsusilə də 205, 210,199,  165, 39, 77, 96 və (biz sadəcə şəhərin  bir hissəsində xidmət göstərən avtobusları qeyd etdik - Ş.S) adını qeyd etmədiyim digər marşrutları  işlədən sahibkarların bir çoxunun ictimai nəqliyyat qarşısında qoyulan tələbləri təmin etmək iqtidarında olmadıqlarını hər gün görürük. Təəssüf ki, bu yaramaz və əsəblərimizi tarıma çəkən marşrutlardan hər gün istifadə etmək məcburiyyətindəyik. Marşrutların bacarıqsız sahibkarlardan alınıb BNA-ya verilməsi  hər kəsin arzusuna çevrilsə də, bu iş gecikir. Nətisədə, şəhər əhalisinə göstərilən nəqliyyat xidmətindən əhalinin narazılığı gün-gündən artır.

Bakı şəhərində ictimai yerlərdə sanitar-gigiyena tələblərinin yerinə yetirilməsi sahəsində mövcud olan qüsur, nöqsan və çatışmazlıq o qədər dəhşətli və aktualdır ki, bu problemi həll etmədən əhalinin sağlamlığını təmin etmək istiqamətində uğur əldə etməkdən danışmaq qeyri- mümkündür.

Hər hansı uğurdan danışmazdan əvvəl, qeyd etdiyimiz saysız-hesabsız problemləri həll etmək lazımdır. Bakı Şəhər İcra Hakimiyyətinin ən ümdə vəzifəsidə, ictimai xidmət obyektlərində sanitar-gigiyena normalarını gecikdirmədən, vaxtında yerinə yetirməkdən ibarətdir.

0.17920303344727