Sosial mənzillər aztəminatlı ailələr üçün əlcatan deyil

 

Rəşad Abdullayev

70 min ailə kasıblıq həddindən aşağı
səviyyədə yaşadığını hökumətə sübut edib

Ökəmizdə vətəndaşların məişət şəraitinin yaxşılaşdırılmasına, əsasən də əhalinin mənzillə təmin edilməsinə ciddi ehtiyac var. Bu qəbildən olan həssas qruplar - Qarabağ veteranları, məcburi köçkünlər və qaçqınlar hələ də tam olaraq mənzillə təmin edilməyib. Bu günlərdə açıqlanan rəqəmlərə görə, hələ də 24 min qaçqın və köçkün mənzillə təmin edilməyib, ağır şəraitdə yaşayır. Qarabağ əlilləri gəldikdə isə onların sayı 12,3 min nəfər olsa da, indiyə qədər qazilərin yarıdan bir qədər çoxu mənzillə, bir o qədəri də maşınla təmin edilib.

Lakin respublikamızda bu həssas qruplardan başqa kasıblıq həddindən aşağı səviyyədə yaşayan aztəminatlı ailələr var. Hökumətin açıqladığı statistikaya görə əhalinin 5 faizi (50 min nəfər) kasıblıq həddindən aşağı səviyyədə yaşayır, 4,5 faizi isə işsizdir. Amma elə hökumətin özünün açıqladığı digər rəqəmlə asanlıqla sübut etmək olar ki, son iki rəqəm həqiqəti əks etdirmir. 

Belə ki, dünya Bankının ölkəmizdə apardığı araşdırmalara görə əhalimizin 27 faizi kasıblıq həddindən aşağı səviyyədə yaşayır. Nəzərə alsaq ki, ölkə əhalisinin sayı 10 milyonu keçib, bu o deməkdir ki, bu gün Azərbaycanda 2 milyon 700 min insan kasıblıq həddindən aşağı səviyyədə yaşayır.

Bütün bunları nəzərə alaraq Azərbaycan hökuməti 2017-si ildə sosial evlər layihəsinə  start verdi. Həyata keçirilən bütün satışlar zamanı Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Elektron Hökumət portalında satışı həyata keçirən bölməsi "çöküb", bir neçə saatdan sonra isə aydın olub ki, bütün mənzillər satılıb, daha şanslı alıcılar isə kənarda qalıb.

Zənginləri daha da zənginləşdirən sosial mənzillər

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sonuncu dəfə qısa müddət ərzində satışa çıxardığı 253 mənzilin hamısı satılıb. Həmin mənzillərin yarıdan çoxu - 146-sı 2 otaqlılar, 64-ü üç otaqlı, 43-ü isə bir otaqlı olub. Mənzil alanların əksəriyyəti keçmiş və indiki hərbi qulluqçulardır - 65 mənzil. Yeri gəlmişkən, onların əksəriyyəti 2 otaqlı mənzillər alıblar. 76 alıcı isə müxtəlif müddətlərdə dövlət qulluğunda xidmət edənlər olub. Onlardan 44-ü iki otaqlı mənzil alıb. Polislər bu dəfə 27 mənzil alıblar. Mənzil alanlardan 46-sı elm adamlarıdır - 27 nəfər elmi işçi, 15 nəfər elmlər doktoru, 4 nəfər isə fəlsəfə doktorudur.

Şəhid ailəsinin üzvləri bu dəfə cəmi 3 mənzil alıblar. Onlardan başqa, 21 məcburi köçkün ailəsi də güzəştli şərtlərlə mənzilə sahib olublar. Nəhayət, bu dəfə alıcılardan biri idman nailiyyətləri əldə edən alıcı olub. Mənzil sahibi olanların 32%-i yaşı 35-ə qədər olanlar, qalanı isə bundan daha çox olanlardır.

Burada bir haşiyə çıxaq ki, sosial mənzillər də hədəf qrupunu tam əhatə edə bilmir, bu mənzillərin bir qismi möhtəkirlərin və işbazların əlinə düşür. Onlar isə həmin mənzilləri kirayə verməklə biznes qurur ki, bu da layihənin qüsurlarından xəbər verir. Məsələn, internetdə kirayə mənzil təklif edən səhifələrdən birində oxuyuruq: "Yasamal rayonundakı "ASAN" xidmətin arxasında MİDA-da (Sosial Evlər) yeni tikilən on mərtəbəli binanın 6-cı mərtəbəsində ümumi sahəsi 80 kv.m olan, 3 otaqlı, əla təmirli mənzil boş - əşyasız vəziyyətdə kirayə verilir. Mənzildə heç vaxt yaşayış olmayıb. Mənzil ilk dəfə kirayə veriləcək. Su, işıq və qaz daimidir. İstilik sistemi "kombidir. Son qiyməti 400 AZN-dir. Real müştəri zəng edə bilər".

Fikrimizcə, şərhə ehtiyac yoxdur, internetdə 5-10 dəqiqə axtarış aparsanız yüzlərlə belə elana rast gəlmək olar. Mənzillərin satışa çıxarılması zamanı hər dəfə internet portalının "çökməsi" və bunun ardınca isə sosial mənzillərin kirayə bazarlarında görünməsi, özü cəmiyyətə hər şeyi deyir.

Kirayə mənzil layihəsinin aqibəti necə olacaq?

Göründüyü kimi, sosial mənzil layihəsi əsasən orta təminatlı və həssas qrupdan olan ailələri əhatə edir. Orta təminatlı ailələr qrupuna dövlət qulluqçularını, müəllimləri, elm adamlarını və hüquq-mühafizə orqanlarında çalışan vətəndaşları aid etmək olar. Həssas qruplara isə şəhid ailələri, Qarabağ qazilərini və qaçqın və məcburi köçkünlər şamildir. Ancaq bu qrupların heç birinə daxil olmayan, aztəminatlı, ömrü boyu qazancı ilə heç vaxt ev ala bilməyəcək ailələrimiz də kifayət qədərdir. Məsələn, yuxarıda qeyd etdiyimiz kimi, təxminən 500 min vətəndaş rəsmən kasıblıq həddindən aşağı səviyyədə yaşadığını hökumət qarşısında sübut hökumətsə etiraz edib. Bu o deməkdir ki, bu qədər vətəndaşımızın aylıq qazancı gündəlik minimum ehtiyaclarını ödəmir. Deməli, bu qrupa aid edilən əhalinin qazancından yığıma yönəldiləcək hissə mövcud deyil ki, onlar ev almaq üçün pul yığa bilsin. Düşünürük ki, ilk növbədə hökumət bu qrupu və bundan bir qədər təminatlı olan təbəqə barədə düşünsə, onların mənzillə təminatı üçün də müvafiq layihə həyata keçirilsə, bu qrup da mənzillə sahəblənə bilər.

Qeyd edək ki, otən ilin əvvəlində prezidentin imzaladığı fərmana görə, İpoteka və Kredit Zəmanət Fondu balansındakı mənzilləri uzunmüddətli kirayə verəcək və kirayənişin bu mənzilin pulunu aybaay ödəməklə sonda mənzilə mülkiyyət hüququ əldə edəcək.

Yeni qaydalara görə, vətəndaşlar kirayə yaşadıqları mənzilləri ala biləcəklər, lakin kirayə pulunu ödəyə bilməyib evi qaytarsalar, o zaman ödədikləri pulu geri ala bilməyəcəklər.

Fondun saytında göstərilib ki, bu mexanizm ilk növbədə, həm ilkin ödəniş etmək imkanı olmayan, həm də gəlir səviyyəsi ipoteka kreditinin götürülməsinə yetməyən vətəndaşların öz mənzil şəraitlərini yaxşılaşdırmasına imkan yaradacaq.

Prezident fərmanında Fonddan mənzil kirayə etmək hüququ olan vətəndaşların təsnifatı aparılmayıb. Bu o deməkdir ki, ödəmə qabiliyyətli və hər hansı bank kreditləri - borc öhdəliyi olmayan istənilən vətəndaş kirayə mənzillərə sahib olmaq üçün müraciət edə bilər. Evlərin satlış öhdəliyi ilə kirayə verilməsinin mənfi cəhəti odur ki, bir neçə ildən sonra kirayəni ödəyə bilməyən şəxs evi geri qaytarmaq istəsə onun ödədiyi pul Fond tərəfindən vətəndaşa qaytarılmayacaq. Yalnız yaşadığı evlə bağlı sığorta hadisəsi baş verərsə, bu zaman sığorta hadisəsi üçün ödədiyi vəsait kirayəçiyə qaytarılacaq.

Qaydalara əsasən dövlətdən mənzil kirayələyən vətəndaş üç ildən sonra mənzilin dəyərinin qalan hissəsini birdəfəyə verməklə mənzilin tam hüquqlu mülkiyyətçisinə çevrilə bilər. Lakin dövlətdən mənzil kirələyən vətəndaş kirayə haqqını iki ay gecikdirərsə, kirayənişinlik hüququnu itirir və həmin vaxta qədər ödədiyi vəsaitlər isə geri qaytarılmır.

Sözügedən layihənin özündən əvvəlkilərdən bir çox üstünlükləri var. Üstünlüklər arasında ən önəmlisi odur ki, vətəndaşdan ödəmə qabiliyyətini sübut etmək tələb edilmir. Bu ona görə önəmlidir ki, ölkəmizdə "kölgə iqtisadiyyatı" geniş yayıldığından vətəndaşlarımızın bir hissəsinin qazancı həmin sektordan gəldiyi üçün onlar öz gəlirlərini - yəni ödəmə qabiliyyətlərini sübut edə bilmir və dövlətdən mənzil almaq şansını itirir. Bu layihə məhz qeyri-rəsmi gəlirlərə malik olan vətəndaşlara da dövlətdən mənzil almaq fürsətinə "yaşıl işıq" yandıracaq.

Dövlətin mənzilləri vətəndaşlarına kirayə verilməsi qaydaları tam təsdiq edilsə də, hələlik layihənin icrasına start verilməyib. Ümid edirik ki, bu layihə çərçivəsində kirayələnən mənzillər hədəf qrupuna çatacaq, möhtəkir və işbazların əlinə keçməyəcək.

 

 

0.169429063797