Qafqaz İslam Ordusu - 100+1

 

"Rəbbim! Ordumu qalib, məni şəhid et!"

XX əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi həyatında baş verən mühüm proseslər fonunda milli özünüdərkin vüsət alması Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə nəticələndi. 23 ay fəaliyyəti olan Cümhuriyyətin  həm təşəkkül tapmasında, həm də mövcudluğunun qorunmasında o dövrün görkəmli simaları ilə yanaşı, qardaş Türkiyə  tarixində  xüsusi yeri olan şəxsiyyətlərin xidmətləri  də danılmazdır.

Bu baxımdan 1918-ci ilin sentyabrında Bakını daşnak-bolşevik işğalından xilas edən Qafqaz İslam Ordusu və onun 29 yaşlı komandanı general Nuru paşanın (1889-1949) xidmətlərini xüsusilə qeyd etmək lazımdır.

Həmin dövrdə Türkiyə hərbi-siyasi reallığı belə idi: Mehman Rəşadın sultan elan olunmasına (1909) baxmayaraq, 1908-1918-ci illərdə Hakimiyyətdə gənc türklərin "İttihad və tərəqqi" partiyası nüfuz sahibi idi. İtaliya-Türkiyə (1911-1912) və Balkan müharibələrindən (1912-1913) sonra hakimiyyətdə olan Ənvər paşa, Tələt paşa və Camal paşa üçlüyü dövründə Türkiyə I Dünya Müharibəsində (1914-1918) Almaniya ilə müttəfiq idi.

Qafqaz İslam Ordusu (QİO) Türkiyə dövlətinin 1918-ci ilin mart-avqust aylarında Şərq orduları qrupuna daxil edilən və hərbi nazir Ənvər paşanın əmri ilə yaradılan ordu olub. Tamamilə müsəlmanlardan  təşkil olunan bu ordu 14 min Osmanlı əsgəri, Azərbaycan türkləri və Dağıstan könüllülərini birləşdirən 20 minlik hərbi qurum idi. Həmin dövrdə Türkiyə özü çox ağır hərbi-siyasi vəziyyətdə olsa da, QİO-nun məqsədi Bakı qırğınından sonra azərbaycanlı türklərə qarşı həyata keçirilən genosidin qarşısını almaq və Dağıstan müsəlmanlarına yardım etmək olub. Azərbaycan və Dağıstanın coğrafi mövqeyini nəzərə alan Ənvər paşa Qafqazda heç kimə, o cümlədən ruslara qarşı yönəlməyən bitərəf  bölgə yaratmaq istəyirdi. Lakin Osmanlı  dövlətinin I Dünya Müharibəsində müttəfiqi olan Almaniya bunu istəmirdi. Almaniyanın Gürcüstan və xüsusən Bakı  neftində gizli hesabları - iqtisadi maraqları var idi. Bunu nəzərə alan Ənvər paşa QİO-nun təşkili və formalaşdırılmasını son dərəcədə gizli saxlayırdı.  O, Almaniya və Rusiyanı  qıcıqlandırmamaq üçün qurulacaq ordunu sırf Azərbaycanda yaşayan türk müsəlmanlarından təşkil edilməsi kimi təqdim edirdi.

Beləliklə, beynəlxalq diplomatik təpgilərə baxmayaraq, bəzi hərbi-siyasi gedişlərdən sonra Qafqaz İslam Ordusu komandanı Nuru paşa 25 may 1918-ci ildə gəncəlilərin alqışları ilə Gəncəyə daxil oldu. Bu hadisədən bir gün sonra Tiflisdəki Zaqafqaziya Seymi buraxıldı. Seymin azərbaycanlı üzvləri  Gəncədə Milli Şura yaratdılar. 28 may 1918-ci ildə isə Azərbaycan Cümhuriyyəti və Gəncə şəhəri paytaxt elan edildi; təxirə salınmadan 1000 nəfərdən ibarət Milli Korpus yaradıldı. Lakin Cümhuriyyətin müdafiəsi üçün bu kifayət deyildi. Həmin səbəbdən Nuru paşa Türkiyədən canlı qüvvə, 10 min dəst uniforma, silah və cəbbəxananın göndərilməsinə nail oldu.

Osmanlı dövləti ilə Azərbaycan Cümhuriyyəti arasında 1918-ci il 4 iyunda Batumidə Dostluq və Əməkdaşlıq müqaviləsinin bağlanması isə iki dövlət arasındakı münasibətlərdə yeni səhifə açdı. Müqaviləyə əsasən M.Ə. Rəsulzadə Qafqazdakı türk və müsəlmanlara qarşı qətliamın dərhal dayandırılması üçün Türkiyədən hərbi yardım istədi. Bundan sonra 5-ci Qafqaz Piyada Diviziyası QİO-na qatılmaq üçün Gəncəyə hərəkət etdi. Diviziya Qazax və Tovuzdan keçib 9-10 iyunda Gəncəyə çatdı. Sünni-şiə amilini qabardanların əksinə olaraq, Gəncə camaatı türk əsgərlərini böyük şövqlə  qarşılayıb qurbanlar kəsdi. Gəncə Müfrəzəsi (silahlı mühafizə dəstəsi) erməni hərbi dəstələrini tərk-silah etmək məqsədilə onları mühasirəyə aldı. Erməni məhəlləsinin yaxınlığında yerləşən Yelenendorfda (Göygöl) yaşayan almanlarla danışıqdan sonra alman milisləri də Gəncə Müfrəzəsinə qoşuldular. Bundan sonra türk zabitləri erməni məhəlləsinə gedərək onlardan silahları təhvil verməyi tələb etdi. Ermənilər bu çağırışa məhəl qoymayıb atəş açdılar. Lakin Gəncə Müfrəzəsi iyunun 13 və 14-də hərbi yolla erməniləri tərk-silah edib, vəziyyətə tam nəzarəti ələ keçirtdi. Gəncənin erməni məhəlləsində baş verən bu hadisə türk əsgərinin Azərbaycanda ilk vuruşu idi.

Mehmetcik Qafqazda ilk dəfə Gəncədə torpağa tapşırıldı.

Gəncədəki qalibiyyət  işğal altında olan Bakıda böyük əks-səda doğurdu. Bolşevik rus və erməni daşnakların Bakıdakı rəhbəri Şaumyan Lenindən Qırmızı Ordunun təcili Bakıya göndərilməsini istədi.

Şaumyan Gəncəyə hücum etmək üçün daşnak və bolşeviklərdən ibarət  ordu da yaratmışdı. Bu ordu müsəlman əhlini qətl edib, demoqrafik tərkibi ermənilərin xeyrinə dəyişmək istəyirdi.  Erməni məkrini başa düşən Nuru paşa QİO-nun 10-cu alayını Göyçaya göndərdi. Alay Qaraməryəm qəsəbəsində daşnak-bolşevik quldurları ilə döyüşdə 200 şəhid versə də, qəsəbəni tam azad edə bildi. Qeyd edək ki, Bakıdan Qaraməryəmə gələn bu quldurlar 50-dən artıq yaşayış məntəqəsini yandırıb, dinc əhalini qətlə yetirmişdilər. Şamaxı, İsmayıllı və digər yerlərdən qaçaraq Göyçay, Ağdam və Yevlax  ətrafına sığınan azərbaycanlıların sayı bir həftə ərzində 400 mini keçmişdi. Millət üçün çox ağır olan belə bir vəziyyətdə Nuru paşanın ordusu azərbaycanlılardan  ibarət hərbi qurumun komandanı general Əliağa Şıxlinski və qərargah rəisi Ruştü bəylə birlikdə 18 iyun 1918-ci ildə Gəncədən cəbhə bölgəsinə hərəkət etdi. Beləliklə, Bakının xilasına aparan istiqlal vuruşuna start verildi. Ağsu, Şamaxı və digər rayonlarda bolşevik-daşnak işğalına son qoyuldu. Bakıda isə QİO-nu ingilis, rus, ermənilərin birləşmiş qüvvələri ilə döyüş gözləyirdi.

Bakının girişində mövqe tutan türk topçuları şəhəri dağıtmamaq üçün mərmiləri yalnız hərbi hissələrə hədəfləmişdi. Xilaskar türk əsgərinin top atəşini eşidən qarşı tərəf qorxu və təlaş içində sahildəki gəmilərə mindilər. Düşmən gəmilərindən atılan top atəşləri isə hücumda olan türk əsgərini dayandıra bilmirdi. Bakının tam azad etmək üçün son döyüşə çıxan QİO-da Anadoludan 8 min türk  əsgəri, 7 min azərbaycanlı türklərdən ibarət milis qüvvələri şəhərin küçələrində davam edən döyüşlərdə erməni və rus birləşmələrinin müqavimətinə son qoydu. Bakı 15 sentyabr 1918-ci ildə işğaldan tam azad edildi. Bu münasibətlə Nuru paşanın Ənvər paşaya göndərdiyi teleqramda deyilirdi: "Allahın yardımı ilə Bakı şəhəri 30 saat davam edən şiddətli müharibədən sonra 15.09.1918-ci ildə, saat 9 radələrində fəth edildi...". Ənvər paşa və Xəlil paşanın Nuru paşaya birgə göndərdiyi mətndə isə deyilirdi: "Böyük Turan imperiyasının Xəzər kənarındakı zəngin bir qonaq yeri olan Bakı şəhərinin fəth xəbərini böyük maraqla qarşıladıq. Türk və islam tarixi sizin bu xidmətinizi unutmayacaq. Qazilərimizin gözlərindən öpür, şəhidlərimizin ruhuna fatihə ithaf edirik".

27 sentyabr 1918-ci ildə Nuru paşa və 5-ci Qafqaz Piyada Diviziyasının komandanı Mürsəl paşa Azərbaycan Milli Rəyasət Heyəti və hökumət üzvləri ilə yüksək rütbəli türk zabitlərinə ziyafət verdi. Baş nazir Fətəli Xan Xoyski Azərbaycan hökumətinin Bakıya köçməsi haqqında sənəd imzaladı. Türk ordusunun Bakını daşnak-bolşevik işğalından azad etməsi münasibətilə milyonçu-xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev də mötəbər ziyafətlər, Nuru paşa və digər  zabitlərə hədiyyələr verdi.

QİO-nun planında Dağıstan və Çeçenistanı rus işğalından xilas etmək də var idi. O dövrün Türkiyəsi bunu özünün həm də mənəvi borcu hesab edirdi. Çünki Türkiyə vaxtilə müəyyən obyektiv səbəblərdən Dağıstan və Çeçenistandakı azadlıq hərəkatının rəhbəri Şeyx Şamilə (1797, Dağıstan - 1871, Mədinə) kömək edə bilməmişdi. Təəssüf ki, I Dünya Müharibəsində Türkiyə məğlub durumda olduğu üçün həmin istək bu dəfə də arzu kimi qaldı. Antantanın təzyiqi ilə artıq qara dumanlar Osmanlı Türkiyəsinin başının üstünü almışdı...

Yaddaş: Nuru paşa 1889-cu ildə İstanbulda hərbçi ailəsində doğulub. 29 yaşında general hərbi rütbəsinə layiq görülən Nuru paşa Osmanlı sultanı tərəfindən "Altın-Ləyaqət", "Altın-İmtiyaz" medalına, "Osmanlı" və "Məcidiuyyə" (qılıncla birlikdə) ordeninə, "Üçüncü dərəcəli fəxri əsgər" fərqlənmə nişanı və s. fəxri adlara layiq görülüb. Türk ordusu Bakıdan çıxdıqdan sonra Nuru paşa Dağıstanda bolşevik rejiminə qarşı mübarizə aparıb. II Dünya Müharibəsində onun rəhbərlik etdiyi hərbi sursat zavodu  Türkiyə ordusu üçün mina və əl qumbaraları istehsal edib. Nuru paşa 1949-cu ildə İstanbuldakı zavodunda naməlum səbəbdən baş verən partylayış nəticəsində dünyasını dəyişib.

Ənvər paşa Nuru paşanın ögey qardaşıdır. Hərbi nazir olub. Ateist bolşevik ideologiyasına bioloji anti-patiyası ilə seçilən Ənvər paşa Şərq xalqlarının Bakıda keçirilən I Qurultayına (1920, 1-8 sentyabr) təqdim etdiyi bəyannamədə QİO-nun yaradılmasına bir daha haqq qazandırıb. Lakin bolşevik bayrağı altında keçirilən həmin qurultay onun bəyannaməsini rədd edib.

Ənvər paşa sovet ordusuna qarşı döyüşdə, Tacikstanda 41 yaşında şəhid olub. 28 cəsədin içində üstündə gəzdirdiyi kiçik həcmli Quran kitabı ilə tapılan və tanınan Ənvər paşanın məzarı uzun illər "Həzrəti Şah" adı ilə ziyarətgah olub. Ənvər Paşanın cəsədi  74 il sonra, 1996-cı ildə Tacikstana səfər edən prezident S.Dəmirəl tərəfindən Türkiyəyə gətirilib.

Ənvər paşanın rəhbərliyi ilə mücadilə edənlərdən biri də həmvətənimiz Yusif  Ziya Talıbzadə olub. Bolşevik ideologiyasını qəbul etməyən Y.Talıbzadə Azərbaycan XKS-nın sədri N.Nərimanovdan mühacirətə getmək üçün icazə istəyib. N.Nərimanov müvafiq sənədi verdikdən sonra Talıbzadə Türkiyəyə, oradan da orta Asiyaya gedib. Tarixi mühacirət ədəbiyyatında polkovnik Y.Talıbzadənin Ənvər paşanın müavini olması, onun Orta Asiyada 1923-cü ilin mayın 18-də - Ənvər paşanın həlakından bir il sonra sovetlərə qarşı döyüşdə şəhid olduğu təsdiq edilir. 1923-cü ildə Orta Asiyadan gələn bir nəfər Y.Ziyanın qanlı köynəyini və həmişə üstündə gəzdirdiyi kiçik həcmli Quran kitabını onun kiçik qardaşı, görkəmli yazıçı-şair Abdulla Şaiqə (Talıbzadəyə) verib. Həmin qanlı Quran A.Şaiqin mənzil muzeyində bu gün də mühafizə olunur.

Keçən əsrin 60-cı illərində Salyan şəhər qəbiristanlığını ziyarət edən atam hər dəfə mənə tək qəbri göstərib dedi: "Oğul, bu, qərib bir türk əsgərinin qəbridir. 1918-ci ildə Azərbaycanı xilas edənlərdən biri kimi şəhid olub". Sonradan, xüsusən müstəqilliyimiz dövründə aparılan tədqiatlar göstərdi ki, şəhid türk əsgərinin sayı bir deyil, minlərlədir. Bir sözlə, harada türk-müsəlman xalqlarının malı, canı, azadlığı, dini və gələcək nəslinin müdafiəsi naminə azadlıq, istiqlal mücadiləsi varsa, orda ən yüksək mərtəbə olan şəhidlik də var. Bu baxımdan Dədə Qorqudu, dini, dili, qibləsi, kitabı, Peyğəmbəri, Xaliqi bir olan  ümumtürk əsgərinin, "Rəbbim! Ordumu qalib, məni şəhid et!" məfkurəsi ilə yaşayan QİO-nun komandanı Nuru paşa və Türkiyənin o dövrki müdafiə naziri Ənvər paşanın xilaskar missiyası, xidmətləri xalqımız tərəfindən heç vaxt unudulmayacaq. Çünki tarixi və bugünkü müstəqilliyimizin qazanılmasındakı təməl prinsiplər həm də onlar tərəfindən qorunub. Bu şanlı səhifə həm də Azərbaycan naminə 101 il torpaq altında yatan 2000 türk şəhidinin azad torpaq üstündəki həmişəlik haqqının rəmzidir.

  

Vaqif Cəliloğlu
Tex. elmləri üzrə
fəlsəfə doktoru

 

0.17110586166382