Özəl və dövlət xəstəxanaları xalqı talamaqda

 

Azərbaycan Səhiyyə nazirliyi isə...

Bu gün heç kim şübhə etmir ki, ölkəmizdə bərbad vəziyyətdə olan dövlət qurumlarından biri də Səhiyyə Nazirliyidir. Bu nazirliyin indiyə qədərki bütün fəaliyyəti, yalnız səhiyyə sistemini başdan-ayağa rüşvət kimi, sağalmaz və ağır xəstəliyə düçar etmək olub. Bu qurumun mövcudluğuna ancaq dövlət büdcəsindən milyonlarla pul ayrılan təşkilatların siyahısında rast gəlmək olur.

2005-ci ildən səhiyyə naziri kreslosuna daval-zurna ilə oturan Oqtay Şirəliyev 14 ildə Səhiyyə Nazirliyini sələfini də ötüb keçərək rüşvət və korrupsiya nazirliyinə çevirməyi bacarıb. Hazırda ölkə əhalisinin sağlamlığının keşiyində durmalı olan bu dövlət strukturu xalqın maddi baxımdan müflus, mənəvi cəhətdən fiziki məhv edilməsi mərkəzi rolunu oynayır.

Azərbaycanı yağışdan sonra göbələk kimi bürüyən özəl klinikalardakı qiymətlər də xalqın qazancı, təqaüdü ilə tam zidiyyət təşkil edir. Nəzərə alın ki, istənilən özəl klinikada insanın istənilən orqanının MRT-si minimum 120, maksimum 1000 (müayinə ediləcək orqanların sayına müvafiq -M.A) manatdır! Minimum əmək haqqının və təqaüdün 160-250 manat civarında olduğu ölkədə bir aparat müayinəsinin qiymətinin bunca yüksək təyin olunması, görəsən, dövlətin müvafiq orqanlarının diqqətini niyə cəlb etmir?! Bəs, görəsən, xalqın müstəqil dövlət uğurunda verdiyi on minlərlə şəhidin arzuladığı müstəqil, demokratik, azad dövlət haradadır?!

Ölkədə özəl klinikaların məmurlara məxsus olduğu heç kimə sirr deyil. Hər bir nazirin özünün supermatketi, bazarı, fabrik-zavodu, şadlıq sarayı, restoranlar şəbəkəsi, mərasim evi, özəl klinikası olması inkar edilməsi mümkün olmayan həqiqətdir.

Mövcud durum xalqda belə qənaət yaradır ki, dövlət strukturlarında kreslo tutan məmurlar xalqın sağlamlığının təmin olunmasının və insan kimi normal yaşamasının əleyhinədir. Əgər bu ölkə məmurlar üçün cənnət, xalq üçün cəhənnəmdirsə, bəs, xalq niyə məmurların soyğunçuluqla məşğul olduğu dövlətin qorunması üçün öz övladını qurban verməlidir, anlamıram?!

Ölkə səhiyyəsindəki vəziyyətə diqqət edəndə təbii sual yaranır: niyə dövlətin xalqa xidmət etməli olan xəstəxanaları, dövlətin kifayət qədər pulu olduğu halda, tibbi avadanlıq sarıdan bu qədər imkansızdır, amma məmurlara məxsus klinikalar isə bütün cəhətdən yüksək təminata malikdirlər?! Dövlət xalq üçün niyə normal müalicə almağa bu qədər məsuliyyətsiz yanaşır, səbəbini bilən varmı? Bu sualın cavabını daha kim verməlidir?

Xalq ölkədə baş verən hər şeyi, mənfili-müsbətli, çox aydın görür və anlayır ki, dövlətin bütün imkanları talançı məmurların ixtiyarına verilib. Xalq, bilərəkdən, qəsdən öz qurduğu dövlətində girov götürülmüş əsir kökünə salınıb, niyə?!

Səhiyyə Nazirliyinin və onun rəhbəri Oqtay Şirəliyevin hansı vəziyyətdə olduğunu külli xalq, bütün aləm bilir. Dövlət rəhbərlərinin nazirin hansı «xəstəlikdən» «əziyyət çəkdiyini»bilmirəm! Əlbəttə, bilirlər və bir çoxlarının qeyd etdiyi kimi, bu cür hərəkətlər xalqı daim ehtiyac içində ağır durumda saxlamaq, xəstəlik vasitəsilə ya qırmaq ya da ölkədən qaçmağa məcbur etmək məqsədilə ortaya atılmış məkrli bir planın tərkib hissəsidir!

Əgər qeyd etdiyim mənfi halların səbəbini başqa cür izah edən biləcək kimsə varsa, buyursun və xalqı inandırsın ki, söylədiyim doğru deyil, qərəzdir?!

Hər kəsə yaxşı məlumdur ki, bu ölkədə istənilən nazir özbaşına sərbəst hərəkət etmək cürətində deyil, hər kəsin xərclədiyi pula ciddi nəzarət var. Nazirliklərə dövlət büdcəsində ayrılan pulların necə mənimsənilməsi "metodikası" uzun illərdir ölkədə tətbiq olunur. Ölkədə keçirilən saysız-hesabsız tədbirlərə xərclənən, məmurlar tərəfindən mənimsənilən pulun, məhz nazirliklərə, o cümlədən Səhiyyə nazirliyinə büdcədən ayırılan pulun bir hissəsi olduğu barədə ictimaiyyət arasında gəzən söz-söhbətlər heç də təsadüfi deyil.

Əslində, Səhiyyə nazirliyində mövcud olan korrupsiya toru haqqında hər kəsin məlumatı var. Nazirlik sistemində rüşvətxorluq sürücüdən, qapıçıdan, sıravi tibb işçisindən tutmuş nazirin özünə qədər uzanır. Guya, hər kəsə, hətta sadə vətəndaşa da bəlli olan ölkənin səhiyyə sistemini bürümüş bu rüşvət toru barədə ölkəni idarə edənlər, hüquq-mühafizə orqanlarının, dövlət təhlükəsizlik xidmətinin rəhbərləri heç nə bilmirlər? Əlbəttə, bilirlər və bilərəkdən də bu biabırçılığın qarşısını almırlar. Niyə, nə üçün, nədən ötrü bu cür cinayətlərə imkan tanıyırlar,- sualına cavab verə bilən isə yoxdur bu məmləkətdə!..

Müraciət etdiyim bu yazı cəmiyyətimiz və dövlətçiliyimiz üçün olduqca aktualdır və ölkəmizin təhlükəsizliyi üçün vacibdir. Yazıda toxunduğum nöqsanlar Səhiyyə nazirliyi sistemində olan cinayətlərin yalnız çox xırda, ümumi şəkildə ifadə olunmuş bir hissəsidir. Bu mövzuda detallı yazılarımı silsilə halında dərc etmək barədə düşünürəm.

Sonda bir həqiqəti də qeyd edim ki, ölkədə elə bir nazirlik, komitə, idarə, təşkilat yoxdur ki, onun vəziyyəti Səhiyyə Nazirliyində  yaxşı olsun. Real həyat həqiqətləri hələlik budur. Allah betərində qorusun!..

Mahir Abbaszadə

0.14221405982971