Paytaxtın yolları, ictimai nəqliyyat
və bazarları niyə pis durumdadır?

 

Eldar Əzizov mer təyin olunanda hamı sevinirdi

Bakı şəhəri haqqında tərif deməyi özümüzə təlqin etmişik. Bu, yaxşı haldır. Hər kəs öz doğma yurdunu olduğu kimi deyil, onu daha gözəl görmək istəyi ilə mədh edir. Amma gəlin görək, paytaxtımız doğrudan da dünyanın ən gözəl şəhəridirmi?

Atalar deyir ki, bir yerin abadlığı onun yolundan və bazarından bəlli olur. Ona görə də öncə Bakımızın yolları barədə söhbət açaq.

Paytaxtın Ziya Bünyadov, Heydər Əliyev və digər mərkəzi yolları yüksək səviyyədə təmir və bərpa olunduğundan rahat, təmiz və gözəldir. Bunlar çox yaxşıdır, sevindiricidir.

Amma Bakının mərkəzində olan yolların bəziləri hələ də bərbad olaraq qalır. Xüsusən Yasamal, Nəsimi, Xətai, Suraxanı, Binəqədi, Abşeron rayonlarında elə küçələr var ki, həmin yollarla nəinki avtomobillə, heç at arabası ilə də getmək mümkün deyil. Deməli, bütövlükdə götürsək, şəhərin yollarından, xüsusən mərkəzdən kənardakı yolların rahatlığından danışmaq mümkün deyil.

Paytaxt yollarından və ümumiyyətlə, ölkədə sürətlə gedən yol çəkilişindən söhbət düşəndə, yeni asfalt örtüyü çəkilmiş yolların keyfiyyətsizliyi barədə də xüsusi olaraq danışmağa ehtiyac var. Çünki bir tərəfdən ölkədə yeni yolların çəkilməsinə, köhnə yolların yenidən qurulmasına ayrılan külli miqdarda pul xərcləməklə bərabər ölkə prezidentinin də, bu məsələyə diqqət etməsi, insanların sevincinə səbəb olur, digər tərəfdən isə həmin yolların qısa zamanda sıradan çıxması adamlarda ciddi məyusluq yaradır. Və aydın hiss olunur ki, "Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədov yol çəkilişinə ayrılan pulun bir hissəsinin təyinatdan yayındırılıb, mənimsənilməsinə şərait yaradır ki, nəticədə yollar keyfiyyətsiz çəkilir. Bu, həm də yolların nəzərdə tutulduğundan daha tez təmir olunmasına səbəb olur.

Paytaxtın digər acınacaqlı problemlərindən biri də şəhər nəqliyyatında hökm sürən özbaşınalıqdır. Bu sahədə heç bir nizam-intizamdan söhbət gedə bilməz. Şəhərdəki marşrutları əlinə keçirən məmurlar və onlara yaxın adamlar ən sadə sərnişindaşıma qaydaları haqqında təlimatlara belə, riayət etmirlər. Şəhərin mərkəzi küçələrində fəaliyyət göstərən və bütün standartlara cavab verən avtobuslar istisna olmaqla, gözdən, diqqətdən kənar "arxa sokaklarda" hərəkət edən avtobus və mikroavtobuslar  istismara tam yararsız vəziyyətdədir. 77 və 39 nömrəli marşrutlar buna əyani misaldır ki, istismara verildiyi gündən bu avtobuslarda ümumiyyətlə nə sərinləşdirici, nə də qışda qızdırıcı işləyir. Bu marşrutların sürücülərini isə elə bil xüsusi olaraq seçiblər- kobud rəftarlı, çirkli geyimli, ağızda siqaret, telefonla danışmaq,10 dəqiqəlik yolu 1 saata gedərək nəqliyyatı özlərinə sərf edən şəkildə idarə etmək.

Bəli, şəhər nəqliyyatında sürücü işləyənlərin böyük əksəriyyəti isə ad yazdırıb və siqə alanlardır.

Bir sözlə, paytaxtın dərdlərindən danışmaqla qurtarmır ki, qurtarmır. İnsanlar sabiq şəhər meri H. Abutalıbovun fəaliyyətindən cana doymuşdular və onun Eldar Əzizovla əvəz edilməsi şəhər sakinlərini xeyli ümidləndirmişdi. Lakin E.Əzizovun təyinatından keçən müddətdəki fəaliyyəti də göz önündədir və gördüyünüz kimi, mer heç nəyi yaxşıya doğru dəyişə bilməyib. Əksinə, vəziyyət bir qədər də pisləşib. Necə deyərlər, "köhnə hamam, köhnə tas, biz nə edək, ay yoldaş?".

Son zamanlar eşitdiyim, gördüyüm, qarşılaşdığım natəmiz cala-çuxur yollar, şəhər sərnişindaşıma qaydalarından bixəbər ictimai nəqliyyat, antisanitariyanın ağuşuna aldığı alışıb-yanan qiymətlərin hakim olduğu bazarlar, daim sərin küləkli Bakımız haqqında demək istədiyimiz mədhiyyələrlə bir araya sığmır. Biz əcnəbi qonaqları, turistləri «Neftçilər» prospekti ilə dəniz kənarı bulvarda gəzdirib, onlara şəhər haqqında əfsanələr, nağıllar danışıb yola sala bilərik. Amma özümüz-özümüzü aldada bilmərik. Bu yerdə bir məsəl yadıma düşdü: "... qazan özünü çox tərifləyib, bunu eşidən çömçə dözməyib, deyib ki, çox da öyünmə, hər gün içində bulanıb çıxıram!" Yəni sözümün canı odur ki, Bakı şəhərinin gözəlliyi barədə söz düşəndə, gəlin, şəhərin yalnız dənizkənarı və ora yaxın ərazilərini nəzərdə tutduğumuzu unutmayaq. Şahidi olduğum, bər-bəzəkli mərkəzi küçə və prospektlərindən kənar küçələrdə gördüyümüz mənzərə Bakı haqqında deyilən bütün müsbət nə varsa, hamısının üstündən qara xətt çəkmək üçün bəs edir!

Problem bir sahədə olsa, dözməyə nə var ki... İndi deyəcəksiz ki, hey şikayətlənirsən. Şəhərin istənilən bazarına daxil olanda ilk olaraq, adamı burada hökm sürən üfunət qoxusu necə gicəlləndirirsə, vallahi- billahi bazara nədən ötrü gəldiyini belə unudursan. Natəmizlik, antisanitariya və bahalıq sanki şəhər bazarlarının xarakterik xüsusiyyətinə çevrilib. Ən dəhşətli isə odur ki, bunu dəfələrlə yazsaq da, desək də, yenə də bazara həkim nəzarəti yoxdur. Bu sahəni də əllərinə keçirən məmurlar burada  sanitar qayda-qanun yaratmağı unudublar. Onlar ancaq gündəlik qazandıqları və vergisini ödəmədikləri pulları saymaqla məşğuldurlar ki, bununla da işlərini bitmiş hesab edirlər. Əslində, paytaxtın bütün bazarları qorxulu yoluxucu xəstəliklərin yayılması üçün təhlükəli mənbədir. Sonra demədi, deməyin.

Şahnaz Salehqızı

0.26092791557312