Yaylaqsız yaylaq festivalı

 

Mədəni dəyərləri də idxal edirik

 

Təxminən bir ay əvvəl Gədəbəy rəyonunun Miskin bölgəsində yaylaq festivalı keçirildi. Festival təşkilatçıları özləri də etiraf etdi ki, tədbirin ideya müəllifləri onlar deyil, analoji festival Türkiyədə keçirilib və bizimkilər həmin festivaldan bəhrələnib. Hətta, festivalın təşkili üçün türk mütəxəssislər dəvət edilib, onlar da Türkiyədəki avadanlıqların analoqunu Azərbaycana gətiriblər. Festivalı canlı olaraq izləmək imkanım olmasa da, internet resursları üzərindən paylaşılan, televizya kanallarında nümayiş etdirilən bütün video-görüntüləri izləməyə çalışdım və müəyyən qədər buna nail ola bildum. Ümumi təəssurat ondan ibarət oldu ki, Azərbaycanın Gədəbəy rayonunda keçirilən, "El şənlikləri" adlandırılan bu tədbirlərin Azərbaycan xalqının yaylaq-elat mədəniyyətinə çox az aidiyyatı var.

Qeyd edim ki, festival ölkəyə turis cəlb edilməsi baxımından çox böyük əhəmiyyətə malik ola bilər, amma gələn turist Azərbaycada daha çox səlcuq türklərinin yaylaq mədəniyyəti ilə tanış olur. Düzü, tədbirdə Azərbaycan rəqsləri, mahnıları, aşıq sənətinin nümayişi də nəzərə çarpdı, lakin bunlar içərisində yaylaq-elat mədəniyyətinə aid olan məsələ yalnız aşıq sənətidir, qalanları isə ümumi şifahi xalq ədəbiyyatına aid olan nümunələrdir. Uzun illər Kəlbəcər yaylaqların gəzən bir şəxs kimi deyə bilərəm ki, bu yaylaq festivalının Azərbaycanın elat-yaylaq mədəniyyətinin çox məhdud elementlərini özündə ehtiva edə bildi. Çox təəssüf ki, həmin yaylaqlar indi işğal altındadır.

Mənim yaylaq festivalında əsas diqqətimi çəkən  qurulan, yaşayış üçün nəzərdə tutulan konstruksiya mənzilləri - kantlar oldu. Azərbaycan xalqının yaylaq-elat mədəniyyətindən az-çox xəbəri olan hər kəs bilir ki, bizim tərəkəmələr kantlarda yox, alaçıqlarda yaşayıblar. Həmin alaçıqların çardaq konstruksiyası xüsusi ağac növlərinin əyilmiş uzun budaqlarından hazırlanırdı və bu budaqlar "çubuq" adlanırdı.

Elatın əsas atributlarından biri də köçdür - yazda iri və xırda buynuzlu davarları ilə birlikdə Arandan dağa, payız isə dağdan Arana - qışlağa qayıdardılar. Festivalda bu barədə də heç bir element nəzərə çarpmır. Ancaq ümumi xalq mədəniyyətinə aid olan, elat və yaylaqla heç bir əlaqəsi olmayan elementlər kifayət qədərdir. Yaylağa aid olmayan elementlərin festivala salınmasını neqativ hal kimi qeyd etmək fikrində deyilik, amma əsas məsələ odur ki, festivalda xalqın həqiqi yaylaq-elat ənənələri tam əhatə olunmalı idi. Bu ona görə önəmlidir ki, festvala gələn xarici qonaqlar - turistlər xalqımız haqqında real təsəvürlərə malik ola bilsin.

Məsələn, Türkiyədə keçirilən festivalda nümayiş etdirilən və Gədəbəydə də təkrarlanan kantlar səlcuq mədəniyyətinə monqol-tatar istilasından sonra daxil olub. O dövrə qədər türklər də bizim elat camaatının ənənəsinə aid olan alaçıqlardan istifadə ediblər. Yəni bizim elat alaçıqlarının tarixi region üçn daha qədimdir. Elə isə biz nədən alaçıqları kantlarla əvəzləməliyik?

Ümumiyyətlə, son zamanlar biz bir cəmiyyət olaraq mədəniyyət idxalına xüsusi önəm veririk. Dünyanın inkişaf etmiş ölkələrində nə varsa hamısını öz forması və məzmunu ilə birlikdə Azərbaycana gətirmək istəyirik. Bir dəfə profesor Şahlar Əsgərov müsahibəsində demişdi ki, Azərbaycana hündür pəncərə "dəbi" Avropadan gəlib: "Əslində bu Avropada dəb deyil, sadəcə olaraq orada günəşli günlərin sayı az olduğundan binaların daxilinə daha çox günəş işığı düşməsi üçün pəncərələri hündürləşdiriblər. Bizdə isə əksinə, günəşli günlərin sayı çox olduğundan pəncərələr daha kiçik və alçaq formada dizayn edilməlidir. Biz isə hündür pəncərələr quraşdırıb, sonra da onları qalın pərdələrlə örtürük".

Bizim xaricdən idxal etdiyimiz bütün mədəni dəyərlər yuxarıda qeyd edildiyi kimi məntiqsiz və şablon şəkildə həyata keçirilir. Elə bu il keçirilən yaylaq festivalı da belə mədəni dəyər idxalının bir nümunəsi sayıla bilər. Ümid edirik ki, qarşıdakı illərdə Azərbaycan xalqının yaylaq-elat mədəniyyətini özündə tam olaraq əks etdirən mədəni tədbirlər keçirəcək və bunun sayəsində turistlər bizi bir xalq kimi necə varıq, elə də tanıyacaq.

 

Akif Nəsirli

0.18765020370483