Süpürgəçi "soyqırımı"

 

Bu problemin həllinə  kim məsuliyyət daşıyır?

 Son illər tez-tez süpürgəçilərin yollarda maşınla vurulması barədə xəbərlər eşidirik, informasiyalar oxuyuruq. Elə isə bu tendensiya da cəmiyyətin problemlərindən biri sayıla bilər. Çox maraqlıdır ki, nəticələrin ağır olmasına baxmayaraq (əksər hallarda belə hadisələr ölümlə nəticələnir), bu o qədər də mürəkkəb problem deyil.

Məsələn, intihar halları bütün dünyada problemdi, hərə bunu bir formada izah edir və qarşısının alınma təklifini də öz izahına uyğunlaşdırır. Lakin təcrübə göstərir ki, heç bir izah və üsul problemin tam aradan qaldırılmasını təmin etmir - kifayət qədər canına qıyanlar var hələ də. Lakin Bakıda ildən-ilə, aydan-aya inkişaf edən süpürgəçi "soyqırımı" heç də belə həlli mürəkkəb problemlərdən sayıla bilməz. İnkişaf etmiş cəmiyyətlərdə belə tendensiyaları hökumət daha tez sezir, çünki onun nəzarətində geniş idarəetmə və  informasiya şəbəkəsi cəmləşir.

Həmin informasiyanın idarəetmə üçün təhlili bu problemi indikatorlarda dərhal özünü göstərməlidir. Növbəti mərhələdə isə hökumət problemin aradan qaldırılması üçün lazım olan qanunlara dəyişikliklər etməyi təklif edir və tədbirlər planı hazırlayıb, həyata keçirir. Belə problemlər hökumətin diqqətindən yayındıqda isə vətəndaş cəmiyyəti institutları, əsasən də qeyri-hökumət təşkilatları (QHT) və KİV-lər həyəcan təbili çalır. Azərbaycanda isə yollar əjdaha kimi kasıb və ahıl əhalini -süpürgəçiləri "yeyib" qurtarmaqda olsa da, səsini çıxaran yoxdur.

Problemin əsas qaynağı Bakı şəhərində küçələrin süpürülməsi, təmizlənməsi və yuyulması, bərk məişət tullantılarının yığışdırılması və daşınması qaydalarının müasir çağrışlara cavab verməməsidir. İnkişaf etmiş ölkələrdə əhalinin və nəqliyyatın aktiv hərəkəti zamanı küçə, xiyaban və parklarda təmizlik işlərinin aparılması qəti qadağandır. Bu işlər əsasən gecəyarısından başlayaraq səhər saat 5.00-a qədər aparılır. Bakıda isə bir də görürsən, süpürgəçi qadın parkda, xiyabanda və ya küçədə elə tozanaq qaldırıb ki, göz-gözü görmür. Bu, bir tərəfdən şəhər mədəniyyətinə uyğun gəlməyən hərəkətdir, digər tərəfdən isə xadimələrin özləri üçün böyük təhlükədir.

Düşünürük ki, bu sahədə ciddi hüquqi baza yaradılmalı, ölkənin bütün böyük şəhərlərində küçə, park və xiyabanların təmizlənməsi, o cümlədən də bərk məişət tullantılarının əhalinin və nəqliyyatın hərəkətinin aktiv vaxtı - gündüz saatlarında daşınması qadağan edilməlidir. Həmin vaxtlarda küçədə görünən təmizlik işçiləri dərhal cəzalandırılmalıdır.

Eyni zamanda, təmizlik işçiləri fosforlu geyimlərlə təmin edilməli, şəhərdə təmizlik aparılan vaxtlar "sakit saat" kimi elan edilməli, buna əsasən nəqliyyatın hərəkət və sürət həddi minimuma endirilməlidir. Şəhərin küçələrinin işıqlandırılması məsələləri tam həllini tapmalıdır. Yaddan çıxarılmamalıdır ki, bu tədbirlər şəhər küçələrinin təmizlənməsinə və tullantıların rahat şəkildə daşınmasına şərait yaratmaq məqsədilə həyata keçirilir.

Gündüz saatlarında isə şəhərin zibillənməsinin qarşısını almaq üçün tullantı qutularının sayını artırmaq və əhalinin yerə tullantı atmaması üçün sosial reklamları genişləndirmək kifayətdir. Belə reklamlar vasitəsi ilə əhalinin mədəni səviyyəsini qaldırmağa ciddi ehtiyac var. Çünki son zamanlar Azərbaycanın rayonlarından əhalinin Bakıya axışması artıq "mədəni şəhər əhalisi" məfhumunu sıradan çıxarıb. Bununla mən heç də kənd əhalisini aşağılamaq fikrində deyiləm, bu sətirlərin müəllifi də kənddə doğulub və böyüyüb.

Amma cəmiyyət həyatının bir ardıcıllığı var, şəhər əhalisinin içərisində intellektual insanların xüsusi çəkisi daha yüksək olmalıdır ki, şəhər mədəniyyəti formalaşsın. Bu sovetlər dönəmində formalaşmışdı, ona görə ki, kənddən şəhərə köçənlər əsasən intellektli insanlar idi. Üstəgəl, şəhərin özündə də kifayət qədər intellektual kəsim var idi. Son 30 ildə isə kənddən şəhərə elliklə axın olub, əhalinin bütün təbəqəsinin məqsədi Bakıda yaşamaqdı. Bunun da özəl səbəbi var - kənddə əhali işləyib ailəsini dolandıra bilmir. İndi bizim qarşımızda iki böyük vəzifə durur. Birincisi, kəndliləri işlə təmin etmək, ikincisi isə şəhər əhalisinin mədəni səviyyəsini qaldırmaq. Bu problemlərin öhtəsindən gələ bilsək, bu istiqamətdə digər məsələlərin də həlli asanlaşar.

Akif Nəsirli

0.15399193763733