Nə istəsən taparsan...

 

Xəzərin sularında!

 

 

Bu yaxında yerli sənət adamlarımızın Türkiyədə çəkildikləri verilişə baxdım. Proqrama tam baxmaq imkanı olmasa da, bir neçə məqam bəs elədi ki, özümüzü  başqalarıyla müqayisə etmək mümkün olsun.

Bəli, bu dəfə şou-biznesdən,  səviyyə baxımından əcnəbilərdən nə qədər fərqləndiyimizdən, həm uzaq, həm də yaxın ölkələrin sənət adamlarından,  bir sözlə, həmin aləmdən bəhs etmirəm. Haqqında bəhs edəcəyim məsələ, daha dəqiqi problem, ətraf aləmlə bağlıdır.

Bizim sənətçilər Türkiyədə, Antalyada  çəkildikləri verilişdə, sahilində dayandıqları  dənizdən böyük şövqlə danışırdılar. Çünki dəniz elə adına uyğun, masmavi rəngdə, o gözəllikdə idi. Adicə gözlə görünən təmizlik,  yəqin elə laborator müayinəsindən də üzüağ çıxardı. Dənizin suyunun sanitar-gigiyenik normalara uyğun olduğu ona baxan kimi görünürdü. Sahil də, xırda daşların  belə, göründüyü dənizin dibi də tərtəmiz idi, göz yaşı kimi.

Halına yalnız göz yaşı yarayan doğma Xəzərimiz yadıma düşdü o an. Bəli, başqa millətlər bizə dəniz sahilində qərar tutan bir ölkənin sakinləri kimi həsəd apara bilər.  Xəzərin sualtı sərvətlərinə də həmçinin. Çünki dünyanın ən böyük axmayan gölü olan Xəzərin adı  hələ eramızdan əvvəl  VI əsrdə yunan coğrafiyaçısı Hekatey  Miletskinin diqqətini çəkib. O öz əsərlərində Xəzərin adını  Kaspi və Hirkan kimi qeyd edib. Bundan başqa, eramızdan əvvəl  V əsrdə yaşamış tarixçi Herodotun əsərlərində də Xəzərin adı çəkilib.

Bir sözlə, qədim salnamələrdə və əsərlərdə adı keçən dənizimiz təkcə tarixi mənbələrə görə deyil, iqtisadi, ekoloji, bioloji və s. məqamlara görə də dünya ölkələrinin daim diqqətində olub. Niyə də olmasın?! Elə bir neçə faktı demək kifayətdir ki, Xəzərin qiymətini bilməyənlərin nəzərinə çatdıraq.

Deməli, dünyanın ən nadir nərə cinsli balıqlarının 85 faizi, eləcə də qızıl balıq məhz, bizim dənizdədir.  Bundan əlavə, dünya üzrə qara kürünün 95 faizi Xəzərə bağlıdır. Hansı dənizdə 900-dən çox heyvan növü yaşayır? Xəzərdə! Hansı ki, onların adı bir çox elmi kitabların nadir tapıntıları sırasındadır.

“Qara qızıl”dan bəhs etsək, sözümüzə söz çatmaz. Bircə faktı söyləmək yetər ki, Xəzər böyük karbohidrogen yataqlarının məskənidir və dənizin neft ehtiyatları da 200 milyard barelə çatır... 

Qeyd edilənlər dənizin tək region üçün deyil, dünya ölkələrinin marağında olan bir su hövzəsi kimi əhəmiyyətini deməyə əsas verir. Bəlkə də hansısa ölkələrin ərazisində olsaydı, Xəzərə münasibət də tam başqa olardı. Lakin...

Sənətçilərimiz Antalyada, sahildə tərtəmiz sulara, dibi görünən dənizə baxaraq öz fikirlərini söyləyirdilər. Dediklərinə görə, orada dənizin suyu ona görə belə təmizdir ki, bir neçə dənizin suyu bir-birinə qarışır və təbii filtrlənmə baş verir. Onların fikrincə, bizdə isə Xəzər sahilyanı ölkələrin tam əhatəsindədir. Necə deyərlər, dənizimiz blokadaya alınıb və digər su hövzələrinə çıxacaq yeri olmadığı üçün belə çirklidir.

Onların fikriylə bəlkə də razılaşmaq olar. Lakin təbii baxımdan axmayan göl, dəniz olsa da, onu özümüz də süni vasitələrlə bulaşdırmşıq, çikləndirmişik. Sahilyanı müəssisələrdən dənizə illərlə axan çirkablar, kanalizasiya sistemlərinin məhz dənizə istiqamətlənməsi problemin yüzdə biridir. İstənilən şəxs dənizkənarı bulvarda Xəzərə mütləq “bir çöp” atır, çimərliklərdəki tullantıların bir neçə faizi zibil qutularına deyil, ona doğru yön alır. Hələ Xəzərin problemlərinin hamısını sadalasaq, göz yaşısız ötüşmək mümkün olmaz.

Suyu göz yaşı kimi olmalı olduğu halda, vəziyyətinə ağlamaq gərəkən Xəzərdən danışmaq üçün söz çoxdur. Elə onun problemləri qədər. Bircə onu söyləyək ki, hərəmiz kölgəlik salan ağacdan bir yarpaq qoparsaq, ondan nə qalar?

Kanalizasiya borularını az qala mərkəzi şəbəkə hesab edərək birləşdirdiyimiz dəniz çirkləndirdiyimiz suyunu bizə verir. Biz çirkab sularını filtrlənmədən ona sarı axıtdığımız kimi, o da aldığını qaytarır bizə. Başqa dənizlərlə qarışacağı olmayan, suyu da filtrdən keçə bilməyən Xəzərin təəssüf, öz borcunu qaytarmaqdan savayı, əlacı yoxdur daha.

 

Nigar Vaqifqızı

0.17560815811157