Minsk Qrupunun üzvləri ümumerməni oyunlarına dəstək verir?

 

Zərdüşt Əlizadə: "...bu Azərbaycan hökumətinin

və cəmiyyətinin məsuliyətsizliyindən irəli gəlir"

 

 

Artıq bir neçə gündür ki, işğal altında olan Azərbaycan torpaqlarında - Xankəndidə VII ümumerməni oyunları keçirilir. Ötən il analoji yarışlar Ermənistanda keçrilib. Yarışlara dünyanın 145 şəhərindən beş minə qədər idmançı qatılıb.

Sözügedən ərazi Ermənistanın işğalı altındadır və bu ərazidə həyata keçirilən inzibati idarəetmədən tutmuş hazırda keçirilən tədbirlərə qədər bütün hərəkətlər qeyri-qanunidir, beynəlxalq hüquqa ziddir.

Burada diqqət çəkən əsas məqam ondan ibarətdir ki, Ermənistanla Azərbaycan arasındakı münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin vətəndaşları bu oyunlarda daha çox fəallıq göstərirlər.

Belə ki, sözügedən oyunlarda Rusiyadan 368, ABŞ-dan isə 308 idmançı iştirak edir. Bu gün Azərbaycan cəmiyyətini daha çox düşündürən də, bu cür qeyri-qanuni tədbirə münaqişənin nizamlanması ilə məşğul olan ölkələrin daha çox dəstək verməsidir.

Məsələ ilə bağlı bizimlə söhbətləşən politoloq Zərdüşt Əlizadə bildirdi ki, Cənubi Qafqaz beynəlxalq hüququn total pozulduğu bir məkandır, bu baxımdan Ermənistan liderdir - həm dövlət, həm də vətəndaşlar tərəfindən qanunlar pozulur: "Odur ki, erməni işğalı altında olan Xankəndidə hansısa bir qeyri-qanuni tədbirin keçrilməsi, qeyri-adi situasiya yaratmır, bu bölgə üçün səciyəvi xarakter daşıyır.

Digər tərəfdən, bu yarışların Xankəndidə keçrilməsi Ermənistanın dövlət siyasətinin tərkib hassəsi, təcəssümüdür - rəsmi İrəvan açıq şəkildə bəyan edir ki, biz Qarabağı Azərbaycanın işğalından azad etmişik, bura qədim erməni torpaqlarıdır. Dünya da buna çox soyuqqanlı yanaşır və deyir ki, qoy Azərbay-canla Ermənistan bunu öz aralarında həll etsinlər. Lakin oyunların konkret olaraq bu mərhələdə keçrilməsi Paşinyanın 2020-ci ildə Qarabağda keçriləcək "prezident seçkilərində" ona sadiq olan "namizədə" dəstək məqsədi daşıyır. O, çalışır ki, Qarabağda öz adamını yerləşdirsin.

Nəhayət, Minsk Qrupunun həmsədr olan ölkələrdən bu yarışlara idmançıların təşrif buyurmasına gəldikdə isə bu onunla izah edilə bilər ki, həmin ölkələrdə demokratiya var, yəni XİN və ya Dövlət Departamenti vətəndaşa əmr verə bilməz ki, biz Minsk Qrupunun həmsədri olduğumuz üçün sizin Ermənistana getməyinizi qadağan edirik. Bu baxımdan Rusiya və ya Amerikadakı ermənilər səyahət edərkən hökumətdən icazə almır.

O ki qaldı Azərbaycan ərazisində düşmən ölkənin öz oyunlarını keçirməsinə, bu Azərbaycan hökumətinin və cəmiyyətinin məsuliyətsizliyindən irəli gəlir. Vəziyyətdən çıxmaq üçün Azərbaycan hökuməti birinci növbədə ölkənin işğal edilməyən ərazilərində qanunun aliliyini təmin etməlidir. İkincisi, beynəlxalq aləmdə dövlətin nüfuzu qaldırılmalıdır, hazırda bu istiqamətdə ciddi problemlərimiz var. Üçüncüsü, biz elə bir dövlət qurmalıyıq ki, bu hamıya yaşamaq üçün cəlbedici olsun, o cümlədən Qarabağ erməniləri üçün də... Lakin ermənilər görəndə ki, imkanı olan Azərbaycandan mühacirət edir, min-bir fırıldaqla ölkədən qaçmaq istəyirlər, onlar da indiki Azərbaycanda yaşamağı münasib saymır və bundan bir şüar kimi istifadə edirlər.

Digər tərəfdən, biz hələ də münaqişənin həllində Moskvanın iradəsindən kənar qərar qəbul edib bilmirik, ona görə də münaqişənin həlli mümkün olmur".

Akif Nəsirli

0.2238130569458