Xəzər dənizi kimindir:
xalqın, yoxsa məmurların?

 

Xalq hökuməti  və hasar sahiblərini haqlı qınayır Xalqın mülkiyyətindən xalqa heç nə çatmır

Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovun Xəzər dənizi sahillərinin hasarlardan təmizlənməsi barədə göstərişindən sonra bu sahədə ciddi dönüşün yaranacağını düşünürdük, çünki dövlətimizin başçısı, Prezident İlham Əliyev də, bu barədə dəfələrlə öz çıxışlarında məmurlara xəbərdarlıq etmişdi. Hesab etmək olardı ki, Prezidentin tapşırıqlarını əlində əsas tutun Eldar Əlizov bu sahədə qayda-qanun yarada biləcək. Lakin təəssüflər olsun ki, icra hakimiyyəti başçısının bütün cəhdlərinə baxmayaraq, bu gün də yüksək vəzifə sahiblərinin himayəsinə güvənən oliqarx məmurlar, bu və ya digər yolla sərvət sahibi olan bəzi imkanlı şəxislər Xəzər sahilində at oynadırlar.

Qeyd etmək lazımdır ki, Xəzər dənizi xalqımızın milli sərvətidir. Bu sərvəti heç kim özəlləşdirə bilməz. Dəniz hər birimizindir. Bununla belə, imkanlı, varlı adamlar dənizi elə hasarlayıblar ki, adi vətəndaşlar ləpədöyənə çıxmaq üçün xeyli pul xərcləmək məcburiyyətində qalırlar. Bu da istər- istəməz insanların haqlı narazılığına səbəb olur. Çünki yayın istisindən qorunmaq üçün dənizdən istifadə haqqı millətin əlindən alınıb. Dövlət qurumları isə insanların haqqının bu cür tapdanmasına hələ də göz yumur. Xalq məmurların və imkanlı adamların qanunsuz əməlləri nəticəsində öz haqq və hüquqlarından istifadə edə bilmir, bu özbaşınalıqlardan əziyyət çəkir. Hazırda hər bir ölkə vətəndaşını bir sual düşündürür: Azərbaycanda Xəzər dənizini özününküləşdirən və xalqı dənizə həsrət qoyan məmurlar kimdir və onların qarşısını kim alacaq?

Maraqlıdır ki, ölkə Prezidenti məmurların özbaşınalığı və harınlığı barədə daim xəbərdarlıq etsə də, bu xəbərdarlığın təsiri hiss olunmur. Necə deyərlər, məmurlar o qədər həddini aşıb ki, hətta ölkə başçısının tapşırıqlarını, xəbərdarlıqlarını belə, qulaqardına vurmaq cəsarəti ortaya qoyurlar. Çünki həddini aşan məmurların hər birinin arxasında dağ kimi dayanan daha yüksək çinli məmurlar var. Həmin məmurların da öz təsirləri altında olanlara "işinizdə olun!" tapşırığı verdikləri heç kimdə şübhə doğurmur. Açıq hiss olunur ki, məhz buna görə də cənab Prezidentin məmurlara etdiyi xəbərdarlıqların heç bir təsiri olmur. Məmur özbaşınalığı əvvəlki qaydada və bir az da ondan sürətli şəkildə davam edir. Əgər belə olmasaydı, Xəzər dənizi məmurlar, millət vəkilləri və digər imkanlı adamlar tərəfindən mənimsənilməzdi,yaxud, çəkilən divar sökülərdi.

Dənizin hansı hissəsinə gedirsən, hər tərəf hündür hasarlarla əhatə olunub. Dənizə girmək üçün mütləq şəkildə pul ödənişi tələb olunur. Soruşursan ki, qardaş, xalqa məxsus olan dənizi niyə zəbt edibsiniz, dənizə getmək üçün niyə pul ödəməliyik?! Dərhal 5-6 qoluzorlu çıxıb: "sizi şil- küt edərik, rədd olun buradan!",- deyərək insanları təhdid edirlər. Vətəndaşlar isə öz haqlarını tələb etmək üçün kimə müraciət edəcəklərini belə müəyyən edə bilmirlər! Azərbaycandakı mövcud duruma diqqət edəndə görürük ki, elə bil bu ölkədə məmurlara bütün qanunları pozmaq hüququ verilib. Xalqın bütün milli sərvətləri, o cümlədən, Xəzər dənizi məmurlar tərəfindən elə zəbt olunub ki, onları durdurmaq üçün digər təsir və təzyiq vasitələrindən istifadə etməyə ciddi ehtiyac var. Çünki məmurlar həddini o səviyyədə aşıblar ki, artıq ölkə başçısının tələblərini belə, yerinə yetirmirlər. O da ola şəhər icra hakimiyyətinin başçısı. Əslində, məmurların bu dərəcədə hədlərini aşmasının əsas səbəbi ölkədə yaranmış cəzasızlıq mühitidir. Məlumdur ki, bu günə qədər ölkəni bu cür pis vəziyyətə salan məmurlardan heç bir törətdiyi qanunsuz əməlinə görə, qanun qarşısında cavab verməyib və  məsuliyyətə cəlb edilməyib. Uzaqbaşı tutduqları vəzifələrindən azad olunublar və dövlətdən, xalqdan taladıqların rahat xırıd etmək üçün daha geniş imkanlar qazanıblar. Hətta vəziyyət o qədər qəlizləşib ki, məmurlar əlbir olub ölkəni talamaqla həm də xalqı dövlətdən narazı salmaqla ölkə prezidenti ilə üz-üzə qoyurlar.  Bu isə ölkəmizdə daxili sosial gərginliyin yaranmasına səbəb ola bilir ki, bunun da adı   düşmən dəyirmanına su tökməkdir. Məmurlar Azərbaycan xalqını təkcə Xəzər dənizinin suyunda sərinləməkdən məhrum etməyib, eyni zamanda, onun bütün sərvətlərindən məhrum edib. Bu gün millətimiz dəniz sahilində yaşasa da, dəniz məhsullarını, xüsusən balığı, kürünü yalnız brokonyerlərin əlində görə bilir. Müstəqillik əldə etdiyimiz 28 ildə milli sərvət olan Xəzərin balığını, kürüsünü  bu millət bir dəfə də olsun, süfrəsində görməyib. Artıq kürünün görünüşü, forması da yaddaşımdan silinib, çünki şəxsən mən bu neməti sonuncu dəfə 17 yaşımda yemişəm. Amma restoran sahibləri Xəzərin növ-növ, xüsusən də ağ balığının kababını satmaqla milyonlar qazanırlar! Sual yaranır: əgər dəniz xalqın, millətindirsə, bəs onun sərvətlərini - balığını, kürüsünü niyə yalnız məmurlar yeyir, satır, talayır?  Bəs, xalq həmin sərvətlərin sahibi kimi, onlardan nə zaman istifadə edəcək?!

Yəqin hakimiyyət nə vaxt məsuliyyət hiss edib, xalqı düşünsə, o zaman. O da, bu gedişlə çox çətin məsələdir. Bu yerdə yadıma ataların "balıq başdan iylənər" kəlamı düşdü. Xəzər dənizi haqqında ürəkağrısı ilə yazılan bu sətirlərin sonunda bir həqiqəti yazmağı özümə borc bilirəm: Xalq dövlətinə sahib çıxıb, Prezidentinə kömək kimi məmurlar üzərində nəzarət funksiyasını əlinə almayınca, ölkədə məmur özbaşınalığının, talançılığının qarşısını almaq mümkün olmayacaq!..

Şahnaz Salehqızı

0.13641095161438