İran Ermənistana hərbi dəstək verir

 

Qabil Hüseynli: "...İranın Ermənistana yardımı  xristian ölkəsinin müsəlman-şiə ölkəsinə təcəvüzünü genişləndirməyə imkan yaradır"

 İran İslam Respublikası ilə Azərbaycanın 20 faiz ərazisini işğal etmiş Ermənistan dövləti arasındakı siyasi, iqtisadi və mədəni əlaqələr cəmiyyətdə daima ciddi müzakirə mövzusu olub. Hətta, rəsmlərin görüşündə belə bu məsələ Azərbaycan tərəfindən narahatlığa səbəb olan problem kimi qaldırılıb. Beləki, hələ 2010-cu ilin noyabır ayında o vaxtkı İran prezidenti Mahmud Əhmədnejadın Bakı səfəri zaman jurnalistlərin bu məsələ ilə bağlı çoxsaylı və israrlı jsuallarını cavabsız buraxdı.

Bu yerdə qeyd edək ki, İran müştəhidi, rəhmətlik  Şeyx Muhəmməd Fazil Lənkərani belə bir fətva vermişdi ki, istənilən müsəlman ölkəsinə edilən hücum, İran İslam Respublikasına hücum kimi dəyərləndirilərək ona qarşı tədbir görülməlidir.

Lakin bütün bunlarla yanaşı biz bu gün İran-Ermənistan münasibətlərinin daha da dərinləşdiryini, əməkdaşlıq sahələrinin günbəgün artdığının şahidi oluruq. Məsələn, ötən həftənin ilk günlərində bəlli oldu ki, İranla Ermənistan artıq hərbi sənaye sahəsində də əməkdaşlığa başlayıb. Deməli, bundan sonra İran həm də Azərbaycanla müharibə şəraitində olan və ərazilərini işğal altında saxlayan Ermənistanın hərbi-sənaye komplekslərinin çiçəklənməsinə yardımçı olacaq.

Belə ki, 2019-cu ilin, iyunun 25-də Rusiyda "ARMY 2019" hərbi-texniki forumu keçirilib. Forumda əsasən KTMT üzvü olan dövlətlər yeni istehsal edilən hərbi sursat və məhsularını nümayiş etidirib. Qeyd edək ki, forumda müşahidəçi-qonaq qismində Azərbaycan da iştirak edib.

Forumda sərgilənən silahlar arasında Ermənistan istehsalı olan hərbi sursatlar diqqəti çəkir. Belə ki, Ermənistan PUA (pilotsuz uçan aparat), uçan mərmi, gecə görmə sistemləri kimi texniki silahlarından savayı hərbi-elektron lokasiya qurğusu olan - "NAİM-802" da nümayiş etdirilib. Ermənistan Müdafiə Sənayesi Nazirliyi ilk dəfədir ki, belə bir qurğu istehsal edib. Sözügedən elektron müşahidə vasitəsi Ermənistan və İranın birgə istehsal etdiyi radiolokasiya qurğusudur. Bu qurğu radar sistemi rolunu oynayır. Quraşdırıldığı məntəqə üzərindən uçan bütün obyektləri və hədəfləri dəqiq nişanlayır.

Bu qurğunun vasitələri İrəvan Elmi Araşdırmalar İnsitutunda konstruksiya olunub. "NAİM-802" 24 saat ekipajsız fəaliyyət göstərə bilir. Ermənistan rəsmilərinin sözlərinə görə "NAİM-802" radar sistemlərinə yiyələnməkdə əsas məqsəd Qarabağ və Ermənistan səmasını Azərbaycan hərbi-aviasiyasının üzünə tam bağlamaqdır.

Bu gün Azərbaycan cəmiyyətini düşündürən əsas suallardan biri budur ki, ölkəmiz belə bir şəraitdə İran İslam Respublikasına qarşı hansı münasibətdə olmalıdır?

Qeyd edək ki, regionda gedən proseslər İranın Azərbaycana olan ehtiyaclarını artırır. Belə ki, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar və hərbi təhdidlər rəsmi Tehranın Yaxın Şərq vasitəsilə dünyaya çıxışını ciddi şəkildə məhdudlaşdırır. Belə bir şəraitdə Azərbaycan İran iqtisadiyyatı üçün "nəfəslik" rolu oynaya bilən yeganə ölkədir. Bununla yanaşı, İranın dünyada ən əhəmiyyətli müttəfiqi olan Rusiya Fedarasiyası ilə yeganə rahat quru yolu, məhz Azərbaycan üzərindən keçir. Bu məqsədlə Astara dəmiryolu körpüsü inşa edilib, Şimal-Cənub nəqliyyat dəhlizi genişləndirilib.

Məsələyə münasibət bildirən politoloq Qabil Hüseyinli bildirdi ki, Azərbaycan hökuməti İranla bu istiqamətdə ciddi danışıb, münasibətlərini aydınlaşdırmalıdır, bol-bol İslam, şiə həmrəyliyindən danışan, Ermənistanın təcavüzünü pisləyən rəsmi Tehrandan təcavüzkar xristian ölkəsinə yardımları dayandırmağı tələb etməlidir: "Əgər İran Azərbaycanın düşməninə ona qarşı təcavüz meydanını genişləndirməyə birbaşa yardım edirsə, bunun qarşılığında Azərbaycan da İranın düşmənlərinə strateji imkanlar qazandırmaq iqtidarındadır. Azərbaycan İrana qarşı bu istiqamətdə İsraillə də, ABŞ-la da əməkdaşlıq edə bilər.

Rəsmi təmaslarda İran hökumətinə bunlar xatırladılmalıdır. Qarşıda Rusiya, Azərbaycan və İran prezidentlərinin görüşü gözlənilir, yəqin ki, Azərbaycan məsələni  bütün kəskinliyi ilə qaldıracaq - İrandan Ermənistanla bütün istiqamətlərdə strateji əməkdaşlığın dayandırılmasını tələb edəcək. Bəzən İran bizim qarşımıza kontur-arqument kimi İsrailin bizə yardımını qoyur.  İsrailin yardımı ilə Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi hədəflənib, müsəlman ölkəsinin bir xristian ölkəsindən müdafiəsi məqsədi daşıyır, İranın Ermənistana yardımı isə əksinə, xristian ölkəsinin müsəlman-şiə ölkəsinə təcəvüzünü genişləndirməyə imkan yaradır. Bu iki münasibəti müqayisə etmək, onlar arasında paravlellər axtarmaq absurddur. Ona görə də Azərbaycan öz haqqını İrandan tələb etməli, eyni zamanda, məsələ səfirlər və digər diplomatlar səviyyəsində işlənilməlidir".

Politoloq onu da əlavə etdi ki, İran digər hərbi silah-sursat istehsalında da Ermənistana yardım edir. Onun sözlərinə görə, Rusiya Ermənistanda hərbi-sənaye kompleksinin yaranmasında və inkişaf etdirilməsində maraqlı deyil: "Moskva Ermənistanı özünün hərbi texnika bazarı kimi görmək arzusundadır. İran isə Rusiyadan da bir qədər irəli gedərək düşmən ölkədə hərbi-sənaye kompleksinin qurulmasını təşkil edir. Bu durdurulmalıdır, ", deyə Hüseyinli vurğulayıb.

Akif Nəsirli

0.16480994224548