Dövlət Yol Polisi İdarəsinin 5 saylı otağında pul yığılır

 

Kompüterdə yazılan ərizə avtomobil sahiblərinə 10 manata satılır

 Ölkə Prezidenti bütün dövlət orqanlarında rüşvətxorluğun, qənimətçiliyin, süründürməçiliyin ləğv edilməsi istiqamətində ardıcıl mübarizə aparmasına baxmayraq, əksər dövlət orqanlarında müxtəlif adlar altında vətəndaşlardan pul alınır. Maraqlıdır ki, bu hallar dövlət orqanlarında o qədər geniş yayılıb ki, hətta bəziləri bu pulları dövlət rüsumu kimi qələmə verməkdən belə çəkinmir. Qeyd edim ki, belə bir hal, yəni vətəndaşlardan qanunsuz pul yığmaq ölkənin cəzaçəkmə müəssisələrində çoxdan mövcuddur. Məhbusla görüşə gələn hər kəsə 1 manata ərizə yazmaq məcburi təklif olunur. Ərizə formasını əlində hazır saxlayan şəxs üçün, hətta cəzaçəkmə müəssəsinin rəisi tərəfindən ayrıca otaq da ayrılıb. Bu hal, ərizələrdən əldə olunan pulun bir hissəsinin rəisə çatdıını deməyə əsas verir və bu, belədir.

Bu günlərdə avtomobil aldığım insanla DİN – in Respublika DYP İdarəsinə getdik. Avtomobili baxışdan keçirdikdən sonra bizi 5 saylı otağa göndərdilər. Otaqda məlum oldu ki, maşını qeydiyyatdan çıxarmaq üçün rəisin adına ərizə yazmalıyıq və bu ərizə mütləq (!) kompüterdə yazılmalıdır. Təbii ki, bura gələn avtomobil sahibləri özləri ilə kompüter gətirmir, həm də orada onlara kompüterdə ərizə yazmaq üçün şərait yaradılmayıb. Deməli, Azərbaycan Respublikası Dövlət Yol Polisi İdarəsində vətəndaşlardan düşünülmüş şəkildə pul qoparmaq üçün mexanizm yaradılıb. Eyni zamanda, o da məlum oldu ki, kompüterdə ərizəni yazan adama 10 manat pul verilməlidir. Maraqlanıb məlumat aldıq ki, hər gün 250 – 500 sayda avtomobil qeydiyyatdan çıxarılır və ya qeydiyyata salınırsa, deməli, tək 5 saylı otaqda gün ərzində 2500 – 5000 manat pul əldə olunur və mənimsənilir!

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyində olan Dövlət Yol Polisi İdarəsinə 30 ilə yaxındır ki, DİN müavini, general Ramiz Zeynalov rəhbərlik edir. İdarəyə rəhbərlik etdiyi müddətdə cənab generalın mətbuatın gündəmini zəbt etməsi heç də təsadüfi deyil. Çünki bu idarə başdan- ayağa, təpədən- dırnağa, giriş qapısından çıxış qapısına kimi rüşvətlə idarə olunur. Bu idarədə rüşvətxorluğun qanun halına salınması barədə yalnız ölkə vətəndaşları, ölkə mətbuatı deyil, eyni zamanda, beynəlxalq təşkilatlar, ictimaiyyət və mətbuat geniş materiallar dərc edir. Amma ölkədə bu sahəyə rəhbərlik edən cənab nazir və nazir müavini nədənsə, ölkəni beynəlxalq aləmdə hörmətdən salan, vətəndaşın dövlətə bəslədiyi inama açıq sarsıdıcı zərbə vuran rüşvətxorluğun hökm sürdüyü idarənin rəhbərliyinə cəza vermir, tədbir görmür və idarədə baş verən rüşvətxorluq kimi, çirkin cinayət hadisələrinə loyal münasibət bəsləyir ki, buna yanaşmanı anlamaq və bu loyallığa haqq qazandırmaq qəti mümkün deyil.

Açıq, çəkinmədən qeyd edirəm ki, ölkəmizin Daxili İşlər Nazirliyinin tərkibində olan idarələri arasında nazirliyi xalqın tənqid hədəfinə çevirən, narazılıq yaradan, dövlət – xalq münasibətlərini gərginləşdirən və dövləti ən çox hörmətdən salan Dövlət Yol Polisi İdarəsidir! Bu cür eybəcər hal həm Bakı şəhərində, həm də əyalətlərdə xalqı çox narahat edir. Xalq DYP tərəfindən o qədər talanır ki, bu talanın gerçək rəqəmlərlə ifadəsi milyonlarla manatdır. Ölkə başdan başa kameralaşdırılıb. Bu kameralar xalqın və dövlətin xeyirinə deyil, DİN – də yüksək vəzifə tutan adamlara xidmət edir. Ailəsini zorla, çətinliklə, köhnə avtomobili ilə saxlayan, yaxud təsərrüfatını inkişaf etdirən ölkə vətəndaşları yazıq kökə salınıb. DYP əməkdaşları həddlərini o dərəcədə aşıblar ki, əyalətlərdə alınan cərimələri mənimsəyib ciblərinə qoyurlar və külli miqdarda pulun dövlətin xəzinəsinə daxil olmasına imkan vermirlər.

DYP sistemində xalq və dövlət əleyhinə cərəyan edən hadisələr bundan sonra da indiki tərzdə davam edəcəksə, uzaq yox, yaxın gələcəkdə ölkəni xalq etirazları bürüyəcəyinə şübhə etmirəm və o zaman cənab nazir başda olmaqla, bu sistemi rüşvət çarxına çevirib xalqın üzərinə salanlar, milləti talayıb dövlətdən narazı salanlar ölkə Prezidentinin sərt qərarı ilə üzləşəcəklər!

Əminəm ki, ölkədə DYP sisteminin xalqa qarşı törətdiyi haqsızlıqlar barədə həqiqətlər ölkə Prezidenti cənab İlham Əliyevdən gizlədilir. Bu sahədə baş verən mənfi hadisələr haqqında cənab Prezidenti məlumatlandırmalı olan vəzifəli şəxslər öz vəzifə borclarını yeinə yetirmək əvəzinə, xalqı incidən, avtomobil sahibi olan insanları talamaqla məşğul olan DYP əməkdaşlarını himayə edirlər.

Vəzifəsini lazımınca yeinə yetirməyən, oturduğu dövlət kürsüsündən öz şəxsi məqsədləri üçün geniş istifadə edən yüksək vəzifəli şəxslərin son 16 ildə uğursuzluğa düçar olmuş sələfləriylə bağlı kifayət qədər misal gətirə bilərəm. Amma Respublika DYP İdarəsi rəhbərliyinin taleyinin də belə uğursuzluğa düçar olmasını arzu etməsəm də, bu idarənin əməkdaşlarının törətdikləri rüşvətxorluq və korrupsiya əməllərinin yaxşı sonluqla bitəcəyinə edə əmin deyiləm.

 Mahir Abbas

0.12156701087952