Rəisin "Dostluq" kafe-restoranı vergidən yayınır və müştəriləri soyur

 

 

Kafe-restoranın İmişli Rayon Polis şöbəsinin rəisi Füzuli Şıxəliyevə məxsus olduğu bildirilir

 

Azərbaycanda şadlıq saraylarının, ailəvi istirahət mərkəzlərinin, Otellərin, kafe-restoranın şəbəkələrinin böyük hissəsinin polis rəislərinə, ümumiyyətlə, hüquq-mühafizə orqanlarının məsul rəhbər şəxslərinə məxsus olması adi hal hesab olunur.


Belə kafe-restoranların bərk gedənlərindən biri də Sabirabad rayonu ərazisində yerləşən "Dostluq" kafesidir. Əvvəlcədən qeyd edim ki, bu kafenin hazırda İmişli Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışan Füzuli Şıxəliyevin yaxın qohumları işlədir və yerli əhali kafenin rəisin olduğunu deyir.


Kafe ilin bütün fəsillərində müştərin bolluğu ilə seçilir. Bakıdan Mil, Muğan, Qarabağ zonasına və əks istiqamətə avtomobillə hərəkət edənlərin əksəriyyəti, demək olar ki, bu kafedə dayanıb istirahət edir, yemək yeyir, kafenin ətrafındakı yaşıllıqda günün istisindən qorunur və dincini alıb, yoluna davam edir.


Hər kəs kimi mən də il ərzində hər ay bir neçə dəfə Beyləqana gedərkən, bu kafedə dayanıram, yemək yeyirəm, dincəlib, sonra yola davam edirəm. Bu kafenin insanları daha çox cəlb etməsinin əsas səbəbi zəngin bitki örtüklü təbiəti ilə yanaşı, həm də ksfedə göstərilən xidmətin keyfiyyəti yaxşı olması ilə bağlıdır.

 

Bir neçə gün öncə ailəmlə Bakıya gələndə, həmişəki kimi, "Dostluq" yeməkxanasında dayanıb, istirahət etdik və yemək yemək yedik. Həmişə olduğu kimi, xidmət edənlər bu dəfə də bizi gülərüz, mehriban qarşıladılar, kanalqirağı hissədə yer verdilər. Stolumuza üç nəfərlik "maça" (balaca quzunun ayaqda yuxarı hissəsi, üzərində təxminən 100 qram ət olan bazu sümüyü), 3 lülə, bir qabda 4 tikə pendir, 3 kasa qatıq, para qarpız, iki şüşə su, çörək, bir boşqabda pomidor-xiyar salatı və salfetka qoyuldu.

 

Gəlin, pulunuzu hesablayın, alin dedikdə, bizə xidmət edən balacaboy, gülərüz ofisiant irişə-irişə dedi ki, dayı, hesabınız 50 manatdır! Bir az dayanıb, hesabı beynimdə araşdırdım. Qiymətin ən azı 15 manat artıq olduğunu hiss etdim. Adətən, müştərilərə bu kafedə kassa aparatında vurulmuş çek verilmir, neçə ildir görməmişəm və bu dəfə çek istəsəm də, "kassa aparatı xarab olub"- dedilər. Məsələnin bu tərəfi mənə dərhal məlum oldu ki, İmişli RPŞ - nin rəisi Füzuli Şıxəliyev məxsus olduğu deyilən "Dostuq" kafesində kassa aparatı olsa da, işlədilmir və vergi idarəsi də bu hala göz yumur.


Üzümü Vergilər Naziri cənab Mikayıl Cabbarova tutub, sual edirəm: cənab nazir, bəs, siz nazir təyin olunduqdan sonra ölkədə fəaliyyət göstərən obyektlərin vergidən yayınmasına imkan verilməyəcəyi barədə xalqa və cənab Prezidentə söz vermişdiniz, nə oldu ki, verdiyiniz sözü tutub, Sabirabadda kassa aparatı işləməyən "Dostluq" kafesində neçə illərdir mütəmadi baş verən vergidən yayınma halına qarşı bu günədək niyə göz yumursunuz, yoxsa İmişli RPŞ - nin rəisi Füzuli Şıxəliyev sizin də gözünüzü bağlamağın yolunu tapıb?!

0.34426712989807