Neft yenə ucuzlaşır...

 

Yeni iqtisadi islahatlar dalğasına ciddi ehtiyac var

 

 

Son bir neçə gün ərzində neftin qiyməti on dollar dəyər itirərək, 60 dollara qədər ucuzlaşıb. Beynəlxalq ekspertlər "qara qızıl"ın qısa müddətdə bu qədər dəyər itirməsini əsasən siyasi proseslərlə izah edirlər. Onsuz da müasir dünyada beynəlxalq iqtisadi tendensiyalar siyasi münasibətlərin təsirləri altında inkişaf edir. Konkret olaraq neftin dünya bazarında dəyər itirməsini beynəlxalq şərhçilər bir neçə məsələ ilə əlaqələndirirlər. Tendensiyaya təsir edən birinci məsələ İranla ABŞ arasında son aylar yaranan gərginliyin öz kluminasiya nöqtəsinə çatması və Vaşinqtonun rəsmi Tehranı yenidən danışıqlar masasına əyləşməyə məcbur etməyi bacarmasıdır. Bununla da İrana qarşı gücləndirilən sanksiyalar dalğası səngidi, rəsmən sanksiyalar qüvvədən salınmasa da, İranın neft ticarətinin genişlənməsinə Amerika heç bir reaksiya vermir. Bununla yanaşı, İranın birjadankənar neft satışlarının da həcmi artıb, Tehran bu istiqamətdə razılaşmaları sanksyalara qarşı immunitet kimi planlaşdırmışdı. Amma onunla bahəm sanksiyalar da ciddi şəkildə sərtləşdirilmədi. Bu proses dünya bazarında neft təklifinin artmasına səbəb oldu. Lakin dünya bazarında neft təklifini artıran təkcə İran amili deyil, Amerikada da neft quyularının sayı və hasilat tezlikləri artmaqdadır. Bu meyil də onun göstəricisi sayıla bilər ki, ABŞ dünyada neftin qiymətini ucuzlaşdırmaqda maraqlıdır.

Neftin qiymətinin ucuzlaşmasına təsir edən daha bir amil də ABŞ-ın xarici siyasəti ilə bağlıdır. Belə ki, ABŞ-la Çin arasında açılan iqtisadi müharibə Çin iqtisadiyyatında artım templərinin zəifləməsinə səbə olub. Bu isə öz növbəsində dünya iqtisadiyyatının dörddə birinə yaxın hissəsini özündə cəmləşdirən bir ölkənin neftə tələbatının azalmasına səbəb olub. Bununla yanaşı, son zamanlar dünya iqtisadiyyatında proqnozlaşdırılan yeni böhran dalğası, bazara psixoloji də olsa, təsirsiz ötüşmür.

Göründüyü kimi, dünya bazarında neftin ucuzlaşmasına təsir edən amillərin davamlılıq ehtimalı böyükdür, bu isə onu deməyə əsas verir ki, neft qarşıdakı dövrdə də ucuzlaşmaqda davam edəcək. Sözügedən perspektiv isə Azərbaycan iqtisadiyyatı üçün neqativ təsirlər vəd edir. Belə ki, respublikanın dövlət büdcəsinin 60 faizdən çoxu birbaşa, 70 faizə qədəri isə dolayısı yolla neft və qaz gəlirlərindən formalaşır. İxracatımızın 92 faizini karbohidrogen və onun məhsulları təşkil edir. Belə bir şəraitdə neftin ucuzlaşma prosesinin davamlı xarakter alması Azərbaycan iqtisadiyyatında yenidən 2015-ci ilin mənzərəsini canlandıra bilər. Ona görə də hesab edirik ki, ölkə iqtisadiyyatının belə bir perspektivə qarşı immunitetinin yaradılması istiqamətində islahatların intensivləşdirilməsinə ciddi ehtiyac var. Bunun üçün klassik üsul sözsüz ki, qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Məlum olduğu kimi, respublikamızın hal-hazırda 48 milyard dollardan çox valyuta ehtiyatı var. Biz heç bir islahat aparmadan neftin yenidən bahalaşmasını gözləsək və neft bahalaşmaq əvəzinə bir qədər də ucuzlaşsa, həmin valyuta ehtiyatı hiss edilmədən əriyib, azala və ya yoxa çıxa bilər. Bundan sığortalanmaq üçün həmin valyuta ehtiyatının bir hissəsini qeyri-neft sektoruna real investisiya şəklində yatrılması ən yaxşı variant ola bilər. Lakin bunun üçün hökumət və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə əsaslandırılmış islahat layihəsinin hazırlanmasına ehtiyac var. Buna qədər isə ölkə iqtisadiyyatında məmur inhisarçılığı və inhisarçılığın digər növləri, rüşvətxorluq və korrupsiya minimuma endirilməli, mülkiyyət hüququna "qızıl zəmanət" verilməli və məhkəmələrin müstəqilliyi tam təmin edilməlidir. Sadaladığımız problemlər aradan qaldırılmadan sözügedən istiqamətdə hər hansı bir səmərəli iqtisadi layihənin həyata keçirilməsi mümkün deyil. Buna bariz nümunə ola bilən kifayət qədər sosial və iqtisadi layihəni misal gətirmək mümkündür. Hətta, bir sıra bizə bənzər ölkələrdə sosial layihələrin uğur qazanması faktına rast gəlmək olur, lakin təcrübə göstərir ki, bu bizdə alınmır. Məsələn, pensiya islahatı, ünvanlı sosial yardım, özünüməşğulluq və s. iflasa uğramış digər layihələr buna bariz nümunə ola bilər. 2006-cı ildə start götürən, fərdi uçotala yığıma (həmrəylik sisteminə deyil, hərənin gənc yaşlarında özüna pensiya kapitalı yığmasına) əsaslanan pensiya sisteminin qurulmasına 1 iyul 2017-ci ildə xitam verildi. Ünvanlı sosial yardımın ünvanına çatmaması barədə şikayət lsə onminlərlədir, özünüməşğulluq proqramı da həmçinin. Yalnız sosial layihələri sadalamaqla onu demək istəyirik ki, sosial layihələri bir çox ölkələrdə sadaladığımız problemlərin qaldığı şəraitdə də uğurla həyata keçirmək mümkün olur. Amma təcrübə göstərir ki, respublikamızda sosial layihələr belə gözəlnilən səmərəni vermir. Belə olan halda həmin problemlərlə paralel iqtisadi islahatların uğur qazanmasına ümid etmək mümkün deyil.

Ümid edirik ki, Azərbaycan hökuməti qarşıdakı dövrdə iqtisadiyyatımızı gözləyən böhranları qarşılamaq üçün təsirli tədbirlər görəcək və tezliklə islahatların yeni dalğasını  müşahidə edə biləcəyik.

 

 

Akif Nəsirli

[email protected]

0.12562489509583