“Belə büdcəni necə sosial büdcə adlandırmaq olar?”

 

Dünən Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanunun layihəsinin birinci oxunuşu müzakirə edildi. Müzakirə zamanı millət vəkili Qüdrət Həsənquliyev çıxış edərək bildirdi ki; “Ötən il büdcədən tikintiyə  8 milyard 100 milyon manat, təhsil  sahəsinə 2 milyard manat, səhiyyəyə 700 milyon manat civarında, sosial təminata isə 1 milyard 300 milyon manat xərclənib. Təhsilə, səhiyyəyə, elmə və sosial təminata ayrılan və xərclənən vəsait, tikinti sahəsinə ayrılan xərclərin  50 %-ni belə təşkil etmir. Belə büdcəni necə sosial büdcə adlandırmaq olar?”

Vitse-spiker Bahar Muradova isə həssas qruplara aid olan insanlar üçün binalar tikildiyini, yollar çəkildiyini, yaşıllıqlar salındığını xatırladıb. Bahar Muradova daha sonra  qeyd edib ki; “Təkcə tikintiyə ayrılan vəsaiti nəzərdə tutaraq, büdcənin sosial büdcə olmadığını demək düzgün deyil. Tikinti sahəsində də insanlar çalışır və əmək haqqı alırlar”.

Deputat Azay Quliyev də məsələyə münasibət bildirərək qeyd edib ki; “Bu gün sosial şəbəkələrdə ehtiyat fondları ilə bağlı məsələni fərqli yöndə müzakirəyə çıxarıblar. Büdcə bir kənarda qalb, ehtiyat fondlarını müzakirə edirlər. Ehtiyat fondlarından müdafiə xərclərinə kifayət qədər vəsait yönəldilib. Bu gün Mənzil -Kommunal İstismar İdarələrinin özəlləşdirilməsi məsələsi də müzəkirə olunmalıdır. Təkcə mənim depupat olduğum rayonda binalarda yüzlərlə işləməyən lift var” deyə deputat vurğulayıb.

 

 

 Ziyad Səmədzadə ile ilgili görsel sonucu

“Bağlanan müəssisələrin monitorinqi aparılmalıdır”

 

Parlamentin dünən keçirilən plenar iclasında iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə çıxışı zamanı qeyd edib ki; “2018-ci ildə sadələşdirilmiş verginin xüsusi çəkisi 5,3%-dən 6%-a yüksəlib, məbləği isə 20,7% artıb”.

 O, daha sonra, 2019-cu ildə 1 yanvar tarixinə cəmi vergi ödəyicilərinin sayının il ərzində 6,9% və ya 62 400 vahid artaraq 970 340 nəfər oluduğunu bildirib.

“ƏDV ödəyicilərinin sayı isə 12,4% və ya 3 767 vahid artaraq 34 269 nəfər təşkil edib. 1 yanvar 2019-cu il tarixinə qədər olan vergi obyektləri isə 7,4% artaraq 17 389 ədəd təşkil edib. 2018-ci ildə qeydiyyata alınan obyektlərin sayı 12,4% artaraq 35 729 ədəd olub. Xahiş edirəm rəqəmləri nəzərə alın. İl ərzində qeydiyyata alınan və fəaliyytəini bərpa edən obyektlərin sayı fəaliyyəti dayandırılan və ləğv edilən obyektlərin sayını 1,9 dəfə üstələyib. Biz deputatlar bu bağlanan obyektlərlə bağlı danışırıq. Həddən artıq haqsız yoxlamalar, sanksiyalar, iddialar,  müəssisələrin bağlanması ilə nəticələnir.  Bu obyektlərin bağlanması ölkəmizin əlavə dəyərinin artmasına mənfi təsir göstərir. Yeni yaradılan müəssisələrin dinamikasında müsbət meyllər var. Müvafiq strukturlar bağlanan müəssisələrin monitorinqini aparsınlar. Daha iri və orta müəssisələr niyə bağlanır?! Bunun səbəbləri nədir?! Yoxlamalara, ya digər məsələlərə görə bağlanır? Biz bunları araşdırsaq konkret nəticələr əldə olunar. Bu aparılan araşdırmalar nəticəsində fəaliyyətini dayandıran müəssisələrin sayını minimuma endirə bilərik. Hesab edirəm ki, bu məsələyə diqqət ayırmalıyıq”-deyə deputat bir daha vurğulayıb.

 

 

 

 Vahid Əhmədov ile ilgili görsel sonucu

“Əgər onlar xərcləyə bilmirsə, versinlər şimal zonasına biz xərcləyək”

 

 

“Dövlət büdcəsinin qəbulu ilə bağlı Milli Məclisdə keçirilən müzakirələrdə hökumətin bütün üzvləri Milli Məclisdə faktiki iştirak edir. Amma təəssüf ki, büdcənin icrası ilə bağlı iclasda belə deyil”.

Bunu Parlamentin dünən keçirilən plenar iclasında “2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

O, qeyd edib ki; “Sanki büdcə yalnız Şahin Mustafayev (iqtisadiyyat naziri), Mikayıl Cabbarov (vergilər naziri) və Samir Şərifova (maliyyə naziri) aiddir. Hesab edirəm ki, büdcənin icrası geniş müzakirə obyekti olmalıdır. Çünki müəyyən xərclər olur və bunları millət vəkilləri bilməlidir, araşdırmalıdır”

 Milli Məclisin sədri Oqtay Əsədov isə bildirib ki, hökumət üvlərinin hamısının plenar iclasda iştirak etməməsinin səbəbi Polşa prezidentinin Azərbaycana səfəridir: “Hökümət üzvlərinin bəziləri dövlət rəhbərlərinin görüşlərində iştirak edir”.

Bundan başqa, V.Əhmədov deyib ki, ötən il Azərbaycanın rayonlarında dövlət büdcəsi vəsaitlərinin xərclənməsi nisbəti 28% təşkil edib.

“Mən o rayonların adlarını çəkmək istəmirəm, amma S.Şərifovdan xahiş edirəm ki, sənəddə göstərsin və millət vəkilləri bilsin ki, hansı icra başçıları vəsaitləri xərcləmir. Əgər onlar xərcləyə bilmirsə, versinlər şimal zonasına və Quba, Qusar, Xaçmazda biz onu xərcləyək” – deyə deputat əlavə edib.

Şahnaz Salehqızı

 

 

 

 

 Çingiz Qənizadə ile ilgili görsel sonucu

 

Qarşıdakı aylarda cəbhədə vəziyyət gərginləşə bilər

 

“Ermənistan-Azərbaycan Da-ğlıq Qarabağ münaqişəsinin qarşıdakı aylarda gərginləşməsi ehtimalı arta bilər. Ermənistanın baş naziri Nikol Paşinyanı ittiham edirlər ki, o, münaqişənin həlli ilə bağlı güzəştli mövqe ortaya qoymağa hazırlaşır”.

Bunu parlamentin dünən keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Elman Nəsirov deyib.

Onun sözlərinə görə, Ermənistan KİV-i məlumat yayıb ki, Ermənistanın oliqarxları ilə qondarma Dağlıq Qarabağ klanı arasında ittifaq bağlanıb: “Razılaşmaya görə onlar Paşinyanı hakimiyyətdən devirənə qədər mübarizə aparacaqlar. Artıq açıq şəkildə müharibə elan ediblər. Belə olan halda, Paşinyandan münaqişənin həlli ilə bağlı konstruktiv nəyisə gözləməyin mənası qalmır. Ermənilər bir təxribat törətdilər, Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid oldu. İstisna deyil ki, yeni təxribatlara əl atılsın”.

Deputat Çingiz Qənizadə də çıxışında xatırladıb ki, Azərbaycan ordusunun mayoru Aqil Ömərov erməni snayperi ilə vurularaq şəhid olub.

“Bu o vaxta təsadüf edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıda idi. Bir mayorun, bir komandirin yetişdirilməsi üçün Azərbaycan dövləti nə qədər xərc çəkir və bizim atəşkəs rejimi elan etdiyimiz bir dövrdə snayperlərin istifadəsinin qadağa olunmasına baxmayaraq bu hadisə baş verib” – deyə deputat qeyd edib.

Milli Məclisin sədri Oqtay Əsədov isə deyib ki, bu barədə beynəlxalq təşkilatlara məlumat çatdırılıb: “Azərbaycan Xarici İşlər Nazirliyi bu istiqamətdə işlər aparır. Azərbaycan Milli Məclisinin beynəlxalq təşkilatlardakı nümayəndələrinə tapşırılacaq ki, bu məsələni orada daha yüksək səviyyədə qabartsınlar”.

 

 

Şahnaz Salehqızı

0.16911792755127