Gürcüstan Azərbaycandan daha

çox şey "qoparmağa" çalışır?

 

"Ölkəmizin Avropaya qapısını bağlamaq

istəyən bir çox qüvvələr var"

 

Son zamanlar Gürcüstanla Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsi istiqamətində yaranan fikr ayrılıqları qarşı tərəfin israrı üzündən xeyli qəlizləşməkdədir. Artıq azərbaycanlı politoloqlar bu məsələnin ölkəmizə daha ciddi zərərlər vura biləcəyindən danışır, hətta, Azərbaycanın Avropaya açılan yeganə qapısının qapana biləcəyi ehtimallarından narahatlıq  keçirirlər. Belə ki, dünən Kamran Sultanlının Fb.com səhifəsində bir neçə politoloqun sözügedən məsələyə birgə mövqeyi paylaşılıb. Bu açıqlamaların cəmiyyətdə maraq doğuracağını nəzərə alaraq, olduğu kimi oxucularımıza təqdim edirik:

 - Gürcüstan Azərbaycanın Avropaya çıxış qapısıdır. Ermənistanın axmaq işğalcı siyasətinə görə, tranzit baxımdan Gürcüstan yeganə çıxış nöqtəmizdir. Gürcüstan olmasa, biz məcburuq ya Rusiya, ya da İran vasitəsilə dünya bazarlarına çıxış edək. Rusiya özünün imperialist siyasətinə və Cənubi Qafqaza arxa bağçası kimi baxdığına görə, Rusiyadan tranzit cəhətdən aslı olmaq bizə sərf etməz. İran isə rejimi, qeyri-demokratikliyi, Qərblə konfrantasiyası və maraqlarımıza təhdid olduğuna görə İran variantı da əlverişli deyil. Məsələnin coğrafi tərəfi də var. İranın ərazisi böyükdür, daha çox dağlıqdır. Rusiya tərəfində isə qış aylarında şimal kanalları donur. Bu baxımdan çıxış yolumuz qalır Gürcüstana. Halbuki Ermənistanın ağlı başına gəlsəydi, çoxdan bu lahiyələrin hamsında iştirak etmişdi. Qarabağın işğalı ilə əlaqədar ölkəmiz Ermənistana qarşı "anakonda taktikası"nı aparmağa məcburdu. (Bu taktika rəqibin geostrateji lahiyələrdən, yollardan kənarda qoymağı hədəfləyir.)

Gürcüstana Qarabağın işğalda olması, bu baxımdan müsbət dividend verir. Həmçinin, rəsmi Tbilisi, artıq özünün Cənubi Qafqaz dövləti hesab etmir. O özünü Qara dəniz dövləti, millətini isə Avropa milləti adlandırır. Gürcüstan Azərbaycanın ondan tranzit cəhətdən aslılığından istifadə edərək, bizdən daha çox şeylər "qoparmaq" istəyir. Zurabaşvili əvvələr Qafqazı yaxşı tanımadığını qeyd etmişdim. Gürcüstan fürsətlərdən yararlanaraq, qazın qiymətində, tranzit qiymətdə və başqa bir sıra məsələlərdə nələrisə əldə etməyə çalışır. Gürcü höküməti həmçinin Keşikçidağ monastrı istiqamətində insanların ideoloji mövqeyindən yararlanmağa cəhd edir. Çox təhlükəli gedişatdı. Ölkəmizin Avropa qapısını bağlamaq istəyən bir çox qüvvələr var. Bunlara ölkə daxildə olan beşinci kolonun nümayəndələri, Gürcüstanda olan marginal və panprovaslanist qruplar, Rusiya və təbii ki, erməni lobbisi aiddir. Təsadüfi deyil ki, "Gallupun" apardığı son sorğuda Gürcüstanda ermənilər ölkənin NATO-ya inteqrasiyasına qarşı olduqları halda, azərbaycanlılar buna dəstək olublar. Təbii ki, burada azərbaycanlıların savadsız olduqları məsələsi də qabardılır.

Lakin gürcü cəmiyyətinə kifayət qədər inteqrasiya edən ermənilərin ölkənin xarici siyasətinin əsas strategiyasına qarşı olmaları çox şeydən xəbər verir.

Gürcüstanla kompromisə getmək lazımdır. Lakin Keşikçidağın onlara verilməsi, bizim əlimizi zəifləndirəcək - Gürcülər daha çox şey istəyəcək.

Gürcüstan Anakliya limanının inşasına başlayacaq. Bu limanın inşası ilə əlaqədar Avrasiya İnkişaf Bankı onlara 3 mld dollar ayıracaq. Burada LNG terminalının da inşası gözlənilir. Gürcülər bununla SOCAR-ın dominantlıq etdiyi Kulevi, Poti limanlarını zəiflətmək istəyir. Həmçinin, Azərbaycandan enerji idxalında aslılığı azaltmağa çalışırlar. Tikinti işləri yaxın 3 ildə həyata keçiriləcək. Əgər bunu bacarsalar, daha çox üstümüzə gələcəklər, daha çox şey istəyəcəklər. Azərbaycanlıların son dövrlərdə siyasətdə aktiv iştirakı təqdirəlaiqdir. Lakin bu azdır, dövlət Gürcüstan türklərinə dəstəyi artırmalıdır, oraya investisiya yatırmalıdır, onların Gürcüstan siyasətinə inteqrasiya olunmasına dəstək olmalıdır. Digər iş isə Avropa Birliyi ilə yaxınlaşmaq və anlaşmanı sağlam əsasda imzalamaqdır. Qonşuların Avropaya yaxınlaşmasında bizi daha çox qabaqlamağa imkan vermək olmaz. Çünki regionda əleyhimizə olan qüvvələr artır. Bizi blokada vəziyyətinə sürükləməyə cəhd edirlər.

Akif Nəsirli

0.15806198120117