Soçi görüşü: Qarabağla bağlı gizli detallar...

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarının dəvəti ilə Rusiyaya səfəri və Soçidə Dağlıq Qarabağ məsələsinin müzakirəsinin aparılıb-aparılmamasının müəmmalı qalması ilə bağlı politoloq İlqar Vəlizadənin Axar.az-a müsahibəsini təqdim edirik:

- Ötən gün Rusiya və Türkiyə prezidentləri Soçidə görüşdü. Görüşə qədər Soçidə Dağlıq Qarabağ məsələsinin müzakirə olunub-olunmaması geniş müzakirələrlə yadda qaldı. Ancaq dünən görüşün yekun bəyanatında Qarabağ mövzusu yer almasa da, bəzi suallar açıq qalır. Ərdoğan görüşdən öncə Qarabağ mövzusunun gündəmdə olacağını bəyan etdi. Türkiyə prezidentinin bu açıqlamaları təsadüf ola bilməzdi...

- Ərdoğan-Putin görüşündə Dağlıq Qarabağ məsələsi müzakirə olunub. Tamamilə haqlısız, Türkiyə prezidentinin ard-arda iki dəfə Qarabağa dair açıqlaması təsadüf sayıla bilməz. Məsələ o qədər mürəkkəbdir ki, onun ətrafında hər an spekulyasiyalar baş verə bilər. O üzdən də detallar gizli saxlanılır. Aydın məsələdir ki, bu görüşdə maraqlı olmayan tərəfin biri Ermənistandır. İnanmıram ki, Qarabağ mövzusunda xüsusi danışıqların detallarının vurğulanması aparıcı format olan Minsk Qrupu ölkələri üçün də məqbul olsun. Çox güman ki, Qarabağla bağlı müzakirələrin ictimailəşdirilməməsi Putinin istəyi olub. Görüşdən öncə Soçidə Qarabağ məsələsinin müzakirə edilməyəcəyi bildirilsə də, əsəlində bu belə deyil. Yəni Qarabağ mövzusu heç də 3-cü və ya 4-cü mövzu olmayıb. Hətta mən deyərdim ki, Soçidə öncə Qarabağ, daha sonra digər mövzular müzakirə olunub.

- İlqar müəllim, bir konfliktoloq kimi Dağlıq Qarabağ məsələsinin Soçidə konkret müzakirəsini necə əsaslandırardız?

- Bu görüş daha çox regionda təhlükəsizliklə bağlı məsələlərin müzakirəsinə həsr olundu. Fikir verin, Ərdoğan Soçidən sonra Küveytə səfər etdi. Çünki Yaxın Şərqdə hərbi-siyasi vəziyyət hazırda Rusiyanın diqqət mərkəzindədir. Ümumiyyətlə, təhlükəsizlik məsələləri dedikdə, təkcə Yaxın Şərq deyil, eyni zamanda, Cənubi Qafqazdakı hərbi-siyasi durum və Dağlıq Qarabağ məsələsi də nəzərdə tutulur. Ona görə də hesab edirəm ki, Soçidə təhlükəsizlik kontekstində Dağlıq Qarabağ məsələsi gündəmdə olunub. Düzdür, bu, sadəcə müzakirələrdir və tərəflər hələ hansısa qərarlar vermək niyyətində deyillər. Çünki bu elə bir format deyil ki, görüş əsnasında hansısa konkert qərarlar qəbul olunsun. Sadəcə, liderlər aktual məsələlərlə bağlı mövqelərini uzlaşdırmağa çalışırlar. Bu fonda Soçi görüşünü çox faydalı hesab etmək olar. Putinin artıq Türkiyə ilə bütün problemli məsələlərin arxada qaldığını söyləməsi də bunu deməyə əsas verir. Bu, həm də o deməkdir ki, müzakirələr daha səmimi ortamda keçir. Ankara və Moskva arasında bu cür münasibətlərin qurulması Bakının da xeyrinədir. Çünki Azərbaycanın hər iki ölkəylə münasibətləri çox yaxşıdır. Türkiyə-Rusiya münasibətləri nə qədər sıx olarsa, bu, bir o qədər Dağlıq Qarabağ probleminin həllinə müsbət təsir göstərər. Yadınızdadırsa, Aprel hadisələri zamanı Qararbağ müharibəsinin baş verməsini Türkiyə ilə əlaqələndirirdilər. Hətta bu münaqişənin Azərbaycan-Ermənistan müharibəsi yox, daha çox, Rusiya və Türkiyə arasında regionda gedən nüfuz davası olduğu və müharibənin də buna görə başlandığı söylənilirdi. Prezidentlərin Soçi görüşü bu spekulyasiyaların tamamilə yalan oldğunu göstərdi. Digər tərəfdən, İrəvanın əlində Azərbaycanın guya Dağlıq Qarabağ konfliktində Türkiyədən Rusiyaya qarşı istifadə etməsi yalanını davam etdirmək üçün heç bir əsas qalmır. Ona görə də Soçi görüşünü müsbət qiymətləndirirəm. Çox güman ki, görüşün nəticələri gizli saxlanılacaq. Detallar və tərəflərin gəldiyi qərarlar Rusiya və Türkiyənin konkret siyasi addımlarından sonra bilinəcək.

- Son zamanlar Dağlıq Qarabağ danışıqlarının nəticə verməməsi ilə bağlı belə bir versiya irəli sürülür ki, konfliktin həllində dönüş Suriya böhranının həllindən sonra baş verəcək. Söylənilənlər nə dərəcədə reallığı əks etdirir?

- Bunlar bir-birilə əlaqəli məsələlərdir. Əgər prezidentlər təhlükəsizliklə bağlı bir araya gəliblərsə, demək, Soçidə Suriya məsələsi ciddi müzakirə olunub. Hazırda İdlibdə şiddətli döyüşlər gedir. Bu şəhər Rusiya aviasiyası tərəfindən bombardman edilir. Ancaq İdlibdə vuruşan döyüşçülərin böyük bir qisminə Türkiyə dəstək verir. Əlbəttə ki, burada qıcıq yaradan məsələlər var. Çox güman ki, Ankara və Moskva bu barədə fikir mübadiləsi aparıblar. Açıqlamalar verilməsə də, bu məsələdə müəyyən qaydalarla bağlı tərəflərin razılığa gəldiyini söyləmək olar. Türkiyənin maraqlarının prosesdən minimum zərərlə çıxması da müzakirə mövzusu olub. Ancaq buna baxmayaraq, Suriya məsələsinin Dağlıq Qarabağ münaqişəsinin həllini arxa plana atdığını düşünmürəm. Əgər müzakirələr gedirsə, belə bir şey mümkün deyil. Türkiyə də bunu heç vaxt istəməz. Çünki Ankaranın bu məsələdə Bakı ilə sıx əlaqələri var. Hesab edirəm ki, Türkiyə beynəlxalq təşəbbüslərdə Azərbaycanı dəstəkləmək siyasətini ardıcıl olaraq aparır. Ona görə də Ankara Qarabağ məsələsinin həllinə biganə qala bilməz. Bu üzdən Dağlıq Qarabağ məsələsinin Suriya böhranının həllindən sonra mümkünlüyü barədə fikirlərlə qəti şəkildə razılaşmıram.

0.17966198921204