Eks-nazirlər

 

Paxıllıq pis şeydir, yaxud hərənin öz arşını

 

Hə millət, son bir həftə ərzində məmləkətimizdə o qədər əndirabadi olaylar baş verib ki, bilmirəm hansından başlayım. Əvvəlcə onu qeyd edim ki, paxıllıq pis şeydir, insan gərək başqasına paxıllıq etməsin. Bunu elə - belə xatırlatdım ki, yaddaşlarınızı təzələyim və indi yazacaqlarımı doğru-dürüst anlaya biləsiniz.

Bu günlərdə bizim möhtərəm eks-nazirlərimizin bir qismi və digər səlahiyyət sahibləri bir araya gələrək, "Heydər Məscidi"də hüzr məclisinə qatılıblar. Bu da sosial mediada böyük dedi-qoduya səbəb olub. Əsas müzakirə mövzusu da, eks-nazirlərin məclisə təşrif buyurduqları bahalı avtomobilləridir.

Bu nə sayğısızlıq, bu nə paxıllıq, anlamıram? İstəyirdiniz ki, bu mötəbər şəxslər məclisə pay-piyada, yaxud ictimai nəqliyyatdan istifadə edərək gəlsinlər? Xatırlayırsınızsa, onlar vəzifədən uzaqlaşdırılanda məlumatlar yayıldı ki, onların milyardlarla manat pul vəsaitləri var. Amma onlardan həmin pulları necə əldə etdiklərini nə soruşan oldu, nə də əllərindən alan. Deməli, ömürlərinin sonuna kimi, bahalı evlərdə şad-xürrəm yaşamaq, bahalı maşınlardan istifadə etmək imkanları var və bundan istifadə edirlər. Yoxsa, mənim kim 50 il işləyib 300 manat pensiyanın ümidinə qalmayıblar ki!

Diqqət edin, həmin şəxslərin arasında eks-DSMF sədri, daha sonra Əmək və Əhalini Sosial Müdafiəsi naziri olmuş Səlim Müslümsv da var. O Səlim Müslümov ki, onun Azərbaycanda həyata keçirdiyi alternativsiz, dünya miqyasında təəccüb doğuran (çünki Azərbaycanda olan heç bir əcnəbini inandırmaq mümkün deyil ki, insan 130 manat pensiya ilə dolan bilər. S. Müslümovun dövründə minimum pensiya, məhz bu qədər olub- Y.S) pensiya təyinatı qaydaları da, eks-nazirlərin və digər səlahiyyət sahiblərinin heç bir problemsiz, "yağ içində böyrək kimi" yaşamalarına tam təminat verir.

Təsəvvür edin ki, minimum pensiya 160 manat (Prezident İlham Əliyevin son pensiya istahatlarından sonra) olan bir məmləkətdə məmurlar, deputatlar və s. səlahiyyət sahibləri ən azından 1500-2000 manta pensiya ilə təmin olunublar ki, bu da heç şübhəsiz Səlim Müslümovun xidmətləridir. Əmək və əhalinin yox, məmurların və digər səlahiyyət sahiblərinin sosial müdafiəsi naziri olan Səlim Müslümov bu gün də həmin metod və təcrübəni ali təhsil ocağında tədris edir, yeni-yeni müslümanlar yetişdirir, uğurlar olsun! 2 milyard az pul deyil, bu pula 100 il heç bir problemsiz yaşamaq olar (bunu, sadəcə xatırlatmaq üçün yazdım). Səlim Müslümov o  nazirliyi elə bir dalana dirəyib ki, Sahil Babayevin həmin dalandan çıxa biləcəyinə də, heç kimdə ümid qalmayıb.

Ziya Məmmədovun nəqliyyat naziri kimi fəaliyyəti heç kimə məlum olmasa da, sürücülər (ələlxüsus da hər gün onun "qoçu"ları tərəfindən döyülən, söyülən taksi sürücülərin qan yaddaşına köçüb) çox gözəl bilirlər. Buradan taladığı pulların hesabına yaratdığı biznes imperiyası, heç də Səlim Müslümovun pensiya islahatları metodikasında geri qalmır və hətta daha da irəli gedib.

Möhtərəm Heydər Əsədov isə ölkəmizin kənd təsərrüfatını elə bir səviyyəyə «qaldırdı» ki, bu gün də onun «bəhrələrindən» istifadə edərək bazarlarda ən bahalı

meyvə-tərəvəz məhsulların istehlak etmək imkanları qazanmışıq. Necə deyərlər, "ucuz ətin şorbası olmaz".

Hörmətli Abel Məhərrəmovun da, məclisə bahalı maşında təşrif buyurması anlaşılandır. Niyə də olmasın? Kişi 19 il «Günəşli» yatağı tək gəlirli olan bir ali məktəbə rəhbərlik edib və paralel olaraq həm də çaxır istehsalı və ixracı sahəsində ad çıxarmış birisidir. Bu səbəbdən də, sadə insanlar kimi avtobusdan, yaxud taksidən istifadə etsəydi, öz "brendinə" zərbə vurmuş olardı.

Bir daha deyirəm, paxıllıq pis şeydir. Bu mötəbər zatların kölgəsini qamçılamaqdansa, onlara daha çox sərvət diləyin ki, bəlkə Allahın sizlərə də rəhmi gəldi.

Bir də yaddan çıxarmayın ki, bu insanlar tutduqları vəzifələrindən "səmərəli" istifadə etdiklərinə görə, uzaqlaşdırılıblar. Bu, o demək deyil ki, onlar cəmiyyətdən təcrid olunublar.

Onlardan hər birinin indi də gül kimi vəzifəsi var. Məsələn, Səlim Müslümov Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasının müəllimidir. Əhsən! Azərbaycan pensiya sistemini "bu səviyyəyə qaldıran" adama imkan versələr, dünya əhalisini də ayda 130 manata dolanmağa öyrədər. Bu da dünya miqyasında yeni bir kəşf olar.

Ölkəmizin kənd təsərrüfatında xarüqələr yaradan Heydər Əsədov, indi də dəniz və okeanları fəth etmək qərarına gəlib və Azərbaycan Dövlət Dəniz Akademiyasına rəhbərlik edir. Dəniz də çox geniş bir məkandır, kənd təsərrüfatı kimi. Ancaq əkinçiliklə, dənizçiliyin çox böyük fərqi var, yenə də uğurlar olsun!

Məşhur "Azvayenkom" (Əliağa Hüseynov-Y.S) isə sadəcə deputatdır. Onun hansı yolla yüksək yaşam tərzini təmin etdiyi bizə məlum deyil. Deyilənlər görə, kənd təsərrüfatında Heydər Əsədovun həyata keçirə bilmədiyi islahatları gerçəkləşdirməklə heç də pis yaşamır. Babalı deyənlərin boynuna.

O ki qaldı, hörmətli Abel Məhərrəmova, o da doğma (yəni rektoru olduğu) universitetdə "Üzvi kimya" kafedrasına rəhbərlik edir. Üzvi kimyanın çaxır istehsalına nə dədəcədə təsiri var, deyə bilmərəm. Ancaq bir şeyi dəqiq bilirəm ki, artıq həyatımızın bütün sahələri kimyalaşdığı kimi, yəqin yaxın gələcəkdə çaxır istehsalı da, üzvi kimyanın bir bölməsinə çevriləcək Abel müəllimin bilavasitə iştirakı ilə, heç şübhəsiz.

 

Yusif Seyid

0.15770101547241