Bakıda yaşıl terrora nə vaxt son qoyulacaq?

 

Hələlik "tazıya tut, dovşana qaç", deyirik

 Hələ sovetlər dönəmində Bakı şəhəri park, bağ və xiyabanları ilə sakinlərini və qonaqlarını valeh edirdi. İnsanları təəccübləndirən heç də Bakının park, bağ və xiyabanlarındakı möhtəşəm ağaclar deyildi, çünki paytaxtda belə ağaclara nadir hallarda rast gəlinirdi. Sadəcə insanlar təəccüblənirdi ki, Bakıda bu qədər ağacın yetişdirilməsinə necə nail olunub. Ötən əsrin 60-cı illərinin sonuna qədər Bakıda çox nadir hallarda ağaca rast gəlmək olurdu, şəhərdəki ağacları bir neçə saata saymaq olardı. O zaman tək-tək ağaclara bulvarda,  "Parapet"  və "Qubernator" bağında rast gəlmək olurdu ki, bunları da vaxtilə Nobel qardaşları və digər neft milyonçuları əkib, becərmişdilər. Bunun üçün Bakıya vaqonlarla münbit torpaq gətirilmiş, ağaclara xüsusi qulluq göstərilmişdi.

Paytaxt Bakıda əsil yaşıllıq bumu yuxarıda qeyd etdiyimiz kimi, ötən əsrin 60-cı illərinin sonunda, Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişindən sonra başlanıb. Həmin dövrdə paytaxtda yerləşən bütün idarə və təşkilatlarda çalışan əməkçilər ağacların əkilməsinə və ona qulluq edilməsinə cəlb edilirdilər. Ağaclar qulluq üçün müəyyən adamlara təhkim edilir, bu təhkimçiliyin ciddi uçotu aparılır, ağaca təhkim olunan şəxs öz vəzifə məsuliyyətindən daha çox ağaca qulluq məsuliyyəti daşıyırdı. Beləcə küçə və meydanları savannanı xatırladan Bakıda iki onillik ərzində park, xiyaban və bağlar salındı. Bu yaşıllıqlar şəhərin yarımsəhra iqlimini ciddi şəkildə dəyişdi. Məhz bunu görəydi ki, Ulu Öndər xəbərdarlıq etmişdir ki, Bakıda bir ağac kəsən elə bil mənim qollarımı kəsir.

İndi Azərbaycanın milyonçu oliqarxlarına arxalanan iş adamları düz 20 ildir ki, həmin park, xiyaban və bağları qıraraq yerində iaşə obyektləri, ticarət mərkəzləri tikməklə məşğuldurlar. Hətta, bəzi hallarda bağların qırılmasına məmurlar özləri rəhbərlik edirlər. Onlar bunun üçün təlimatlanmış xüsusi dəstə yaradır, bu dəstə üzvləri ya ağac gövdələrini soyur, dibinə aktiv kimyəvi maddə və ya kerosin tökür ki, bir müddət sonra ağaclar qurusun, onları kəsməyə "təbii" ehtiyac yaransın. Növbəti mərhələdə isə sıradan çıxan ağacların yerində tikinti işlərinin aparılmasına başlasınlar. Bu üsulla Bakı şəhərində yüzlərlə daşınmaz əmlak tikilib, əvəzində isə on hektarlarla yaşıllıq məhv edilib.

Məsələn, bir neçə il əvvəl "Azadlıq" qəzetinin müxbiri Aqil Xəlili "Zeytun bağı" deyilən ərazidə ağacların kəsilib, yerində qanunsuz tikililərin aparılması barədə reportaj hazırlayarkən ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Dağbəyi Allahverdiyev və hazırda həbsdə olan general Akif Çovdarov tərəfindən döyümüşdü.

Bu cür hallara əvvəllər daha çox rast gəlinirdi. İndi isə Bakıda yaşıllıqlar azaldığından onlara müştəri çıxan oliqarxların da sayı azalıb, amma paytaxtda "yaşıl terror" davam etməkdədir.

Bir neçə gün əvvəl media gündəmini belə bir xəbər zəbt etdi ki, Bakıda Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 93/99 ünvanında ağacların köçürülməsi və kəsilməsi faktları prokurorluqda araşdırılacaq.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyin (ETSN) məlumat vermişdi. Məlumatada bildirilirdi ki, torpaq mülkiyyətçisi Həzrət Temirov barəsində toplanmış materiallar qanunauyğun tədbirlərin görülməsindən ötrü Azərbaycan Baş Prokurorluğuna göndərilib.

Sakinlərin məlumatına görə, iki gün əvvəl M.Hadi küçəsində göstərilən ünvana elektrik enerjisinin verilişi qəfil dayandırılıb. Sakinlərin sözlərinə görə, təkrar elektrik enerjisi veriləndə görüblər ki, ərazidə onlarla ağac kəsilib və ya başqa yerə köçürülüb.

Nazirlikdən verilən açıqlamaya görə, araşdırmada bəlli olub ki, ərazidə 25 meyvə ağacı kəsilib, 2 zeytun ağacı və 96 nar kolu köçürülüb. Budur, bütöv bir bağ məhv edilib. Yuxarıda adı çəkilən torpaq mülkiyyətçisi yüksək çinli məmur səviyyəsində xeyir-dua almasa, paytaxtda bu qədər ağac və kolun məhv edilməsinə cəsarət etməzdi.

Bəzən biz cəmiyyət olaraq, yalnız iş icraçılarını tanıyırıq, onları qınayır, lap lənətləyirik. Amma bu icraçıların arxasında dayanan görəv sahibləri barədə heç bir bilgi ala bilmirik, beləcə işin əsas təşkilatçısı sudan quru çıxır. Lakin o görəv sahibi elə bilir ki, o, sudan quru çıxır, əslində o həm də zərərçəkəndir. Çünki paytaxtın yaşıllığa ehtiyacı olan mərkəzi hissəsində əsasən elə o görəv sahiblləri, dövlət məmurları, deputatlar, milyonçu iş adamları yaşayır. Onlar anlamır ki, bütün yaşıllıqlar məhv edildikdən sonra "pristij"li məhəllələr sayılan, villaları milyonlarla qiymətləndirilən ərazilər cəhənnəmə çevriləcək.

Düzdür, son zamanlar Bakının mərkəzi hissələrində yeni park və xiyabanlar da salınır, lakin onların paytaxt atmosferinə töhfə verməsi üçün onilliklər gərəkir. Ona görə də biz Bakını köhnə bağlarındakı yaşlı ağaclara daha çox qayğı göstərməliyik. Əks təqdirdə, bir neçə ildən sonra Bakıda nəfəs almağa hava tapa bilməyəcəyik.

 

Akif Nəsirli

0.13419508934021