“Nadir bitkilər məskəni” - Dendrapark...

 

“Soltan bəyin evi buradır?”

 Batuminin məşhur Botanika bağını bugünədək unutmamağımızın adi bir səbəbi var. Təyinatına uyğun fəaliyyət göstərən, ucsuz-bucaqsız, geniş sahədə mövcud olan, yaşıl xəzinəsiylə, əzəməti, ekzotikası, əsrarəngizliyilə insanı heyran qoyan bir bağı necə yaddan çıxarmaq olar? Bir halda ki, özümüzün ona alternativ hesab edə bilmədiyimiz bağımız-bağçamız yoxdur, o möhtəşəm bağ nədən yaddan çıxsın ki? Amma yox. Bu yerdə özümüzün də məşhur bir bağımız yada düşür . O, ziyarətdən sonra yaddan çıxmamışdı əslində...

Haşiyə: Azərbaycan Milli Elmlər Akademiyası Dendrologiya İnstitutunun yerləşdiyi ərazi neft milyonçusu Murtuza Muxtarovun şəxsi bağı olub və o, müəyyən illər orada yaşayıb. Azərbaycandan kənarda da xeyriyyəçilik məqsədiylə fəaliyyəti olan neftxudanın bu bağdakı məşhur mülkünün milli kinomuzun inciləriylə də əlaqəsi var ki, ondan da bəhs edəcəyik. Zamanla həmin bağın təyinatı dəyişdirilib və o, 1966-96-cı ildə Nəbatat İnstitutunun elmi strukturuna daxil edilib. 1996-cı ildən biologiya elmləri bölməsinə tabe edilən Mərdəkan Dendrarisinə hüquqi status verilib. 2014-cü ildə isə Dendrologiya İnstitutu adına layiq görülərək dünya botanika bağlarının üzvü kimi bu qurumlarla əməkdaşlıq edir. Bu, necə deyərlər, rəsmi hissə. İndi keçək digərinə.

Mərdəkan Dendrarisi hər gün səhər saat 9-dan axşam 7-dək ziyarətçilərə xidmət göstərir. Giriş təbii ki, ödənişlidir: beş yaşadək uşaqların girişi pulsuz, 9 yaşadək uşaqların biletinin qiyməti 1 manat, 9 yaşdan yuxarılar və böyüklərin giriş biletinin qiymətisə 2 manatdır. Bağda yerləşən, rus şairi Sergey Yeseninin ev-muzeyinə də ayrıca giriş qiyməti var ki, o da bağın giriş biletinə daxil deyil. Yəni bileti muzeydən almaq lazımdır: uşaqların girişi üçün 1 manat, valideynlər, böyüklər üçün isə 2 manat ödəmək tələb olunur.

Yunan dilində “nadir ağaclar məskəni” mənasını verən parkda “Arşın mal alan”, “Dərviş Parisi partladır”, “O olmasın, bu olsun” və s. filmlərin müəyyən kadrları çəkilib. Alçaq, arka tipli qapıdan başını içəri uzatdınmı, “Soltan bəyin evi buradır” sualını eşitməyə müntəzir ziyarətçilərin təsdiqedici baxışlarını görəcəksən. Həmziyarətçilərimin hamısını ora aparan da məşhur filmlərimizin məşhur səhnələrinin nostaljisidir. Çünki o parkdan nə parklıq, nə də bağlıq qalıb. Elə bircə dəfə başdan-başa dolanmaq kifayətdir ki, giriləsi mümkün olmayan kol-kosun içində itib-batmaq qorxusunu təkrar yaşamayasan. Doğrudur, parkın içərilərinə aparan səkilər genişdir, lakin insanlar o parka məgər süni salınan şəhəriçi parklardakı sayağı, irəli-geri addımlamaq, piyada gəzinti və s. üçünmü gedir? İnsanlar məşhur Dendraparkın nadir bitkilərini, yaşı yüzillərlə ölçülən ağaclarını görmək, fauna və floramızı, milli sərvətimizə çevirdiklərimizlə yerindəcə tanış olmaq üçün ora yollanır.

Fauna dedim, parkın heyvanlar saxlanılan hissəsindəki asılan lövhələrdə adı olub, özü yoxa çıxan heyvanlar və quşlar yadıma düşdü. Gərək elə hər işdə olduğu kimi, heyvanat aləminə yanaşmada da kim olduğumuzu unudaq. Elanda adı keçən heyvanları, quşları görmək marağının üstündən elə anındaca qara xətt çəkilir. Çünki adı maraqlı gələn heyvanlar, quşlar təəssüf, parkı çoxdan tərk eləmiş. Yuvalarda, setkalanmış hücrələrdə qalanlarsa, tanıdığımız dovşanlar, meymun və quşlar, göyərçinlərdir. Onu da şəhərin zoomağazalarında həmişə görürük...

Ekzotik heyvanlar və quşlar anlayışını çoxdan yadırğamış parka girişin nədən hələ də pullu olması da ora səfər etdiyimiz günün günorta çağı qaranlıq qalan məsələdir. Özü də ayrıca kassadan insanlara giriş biletiylə keçid imkanı yaradan parkda nəyə, hansı xidmətə görə pul xərcləməliyik? İçəridə qoyulan mini-kafelərdə satılan şirniyyatlaramı, onları onsuz da pulsuz paylamırlar. Mağazalardan ikiqat baha satılan adi su butulkalarınamı, onların zatən olduğu qiymət kəlləçarxa qaldırılmaqla parkın içindəcə bazar iqtisadiyyatını diqtə edir. Bəlkə, parkın təyinatına aid bağ-bağatına, nadir xəzinəsinə? Adının mahiyyətini əks etdirmədiyini yanılmıramsa, yuxarıda demişdim.

Bir sözlə, insanlar parkın özü qədər, orada yaşamış rus şairi Yeseninin ev-muzeyinə baxmağa, bu məşhur bağın əsrarəngizliyinin onun yaradıcılığına necə təsir etdiyinə, adı keçən, fəqət qarışıqlıqda seyr edilməsi mümkün olmayan bitki və ağacları görməyə maraqlıdırlar. Lakin parka giriş, ev-muzeyinə baxış, orada fəaliyyət göstərən hər nə var, satlıq məmulatlar yalnız pul diqtə edir. Nəzarətsizlik də öz yerində, nadir bitki aləmi qeyd edilən parkdakı açıq sahələrdə kim istəyir gül və bitkilərdən qoparır, onların şəklini çəkir, toy fotosessiyası etdirir və s. Bayır görünüşündən təmin edildiyi açıq-aydın görünən Muxtarovun sarayının qapısı da ki bağlı. Orda kimsə onun nə vaxt açıq olduğu sualına cavab da vermədi.

Maraqlıdır, adı parkdırsa, dendradidirsə, qiymətli ağac və bitkilərlə zəngindirsə, belə bir canlı, yaşıl xəzinəyə görə insanlar oraya can atırsa, hanı bəs təqdim edilən, təbliğ edilən?!. Molla Nəsrəddin demiş, “bu pişik, bu da ət”...

Yeri gəlmişkən, dendraparka gələnlərin böyük əksəriyyətinə onun hansı elmi fəaliyyətdə olması, hansı tədqiqatların aparılması maraqlı deyil. Çünki biomüxtəlifliyin vəziyyətinin öyrənilməsi, təbii-mədəni şəraitdə becərilən bitki sortlarının, onların genefondunun müdafiəsi, yaxud, seleksiya, introduksiya sahələrinin öyrənilməsi və s. məsələlər konkret sahənin mütəxəssislərinə aiddir. Sıravi vətəndaşların, böyüklərin və uşaqların, əcnəbi turistlərin marağında olan başqa məqamlardır ki, onun da necə olmasını təsvir etdik. Mənzərə göz qabağındadır. Əminəm ki, Mərdəkan Dendraparkına bir dəfə səyahət edən oradan zəngin təəssüratla qayıtmaz ( Əlbəttə, Murtuza Muxtarovun evini, xatirəsini yad etməyi çıxmaq şərtilə, o da əksəriyyətdə milli kinomuzun Soltan bəyin evi kimi yaddaşlarda qalıb). Çünki ağaclara ara-sıra yapışdırılan məlumat tipli yazılardakını canlı görmək arzusunu gərəkdir qəlbində dəfn edəsən. Ya da ki, ağacları budanmayan, kol-kosun ağuşuna aldığı park-bağın dərinliklərinə baş vurmaq cəsarətin ola. Bu cəsarət də hamıda olmadığından, Dendrapark sadəcə, piyada gəzinti üçün düşünülmüş uzun səkilərlə, qiyməti bayırdakından dəfələrlə baha olan su-şirniyyatlarla yolumuzu gözləyir. Bunu da anlamaq olmur ki, parkın vaxtilə bir rəsmi qurumdan alınıb digərinə verilməsiylə hansı dəyişiklik baş verib. Ağac da, bitki də, Bakı milyonçusunun evi, rus şairinin ev-muzeyi də dəyişməyib, həminkidir. Dəyişən bircə ekoloji turizm anlayışıdır ki, onu da ərəblər Bakımıza axın edəndən bəri leksikonumuza salmışıq. Zatən, cəmiyyətimizdə pinti davranışlarla yadda qalan ərəblərdən hansısa ciddi fərqimizi də görə bilmədik Dendraparkda. İnsanların parkda gəzib-dolaşandan sonra yeyib-içməsi üçün açıq havada quraşdırılan uzun stolların üstündə yığışdırılmadan qalan ərzaq qalıqları, qoyulan zibil qablarına əhəmiyyət verilmədən ətrafa tökülən zir-zibil və s. zövqkorlayan nəsnələr, özümüzü öz gözümüzlə görmək üçün düşündürücü mənzərə idi. Düşündürücü əsas məqam isə, Batuminin məşhur Botanika bağının ucsuz-bucaqsız, zəngin, qiymətli, yaşıl xəzinəsinə maraqdan oraya dünyanın hər yerindən səyahət edən milyonlarla insanın tapdağına rəğmən, hektarlarla sahənin zibildən, tullantıdan xali olmasıydı - adamın əl-ayağını güdən, meşəni xatırladan bağın hər yerinə əlinə gələni tolazlamağa imkan verməyən mühafizəçisinin olmamasındaydı. Bir də ki, heç yerdə zibil qablarının qoyulmamasında...

 

Nigar Orucova 

0.21150398254395