Azərbaycanla Avropa İttifaqı arasında saziş nə vaxt imzalanacaq?

 

Mübariz Əhmədoğlu: "Prezidentin xarici siyasətinin əsas istiqaməti Aİ-yə doğrudur, məqsəd Azərbaycanı risksiz yolla həmin qurumun üzvü etməkdir"

 Artıq bir neçə aydır ki, Azərbaycanla Avropa İttifaqı arasında imzalanacaq saziş cəmiyyətin müzakirə mövzularından birinə çevrilib. Lakin məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, imzalanacaq saziş hələ də cəmiyyətə açıqlanmır. Azərbaycan XİN bildirir ki, hələ saziş cəmiyətin müzakirəsinə çıxarılma mərhələsində deyil. Lakin digər mənbələrdən gələn xəbərlərə görə, sazişin imzalanmasına qısa bir zaman qalıb, bu barədə bir qədər sonra söhbət açacağıq. Sazişi imzalamağa hazırlaşan digər tərəf olan Avropa İttifaqı sazişin ictimailəşdirilməməsinə çox maraqlı səbəb gətirir - Azərbaycan qanunlarına uyğun olaraq hələlik sənəd barədə açıqlama verilmir. Lakin Aİ yetkililəri hansı qanuna əsaslandıqlarını açıqlamırlar.

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə əsası 2009-cu ildə qoyulan "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq edir. Şərq Tərəfdaşlığı Aİ-nin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiativ (daha geniş münasibətlər) sazişi imzalayıb. Bu üç ölkə artıq Aİ-nin tam hüquqlu üzvü olmaq ərəfəsindədir. Gürcüstanda isə yeganə problem ölkə əhalisinin razılığını referendum yolu ilə əldə etməkdir. Həyata keçirilən son sosialoji sorğuya əsasən gürcüstan əhalisinin yalnız 27 faizi ölkənin Aİ üzvü olmasına razıdır. Hökumətin bu istiqamətdə hərəkətə keçməsi üçün sözügedən göstərici 51 faiz olmalıdır.

2017-ci ilin noyabrında isə qurumla Ermənistan arasında tərəfdaşlıq sazişi imzalanıb. Azərbaycanla da belə sazişin imzalanması ilə bağlı danışıqlar 2017-ci ilin əvvəlindən başlayıb. Ancaq, hələlik, tərəflər arasında tərəfdaşlıq sazişi imzalanmayıb.

Aprel ayının 23-də Milli Məclisin iclasında spiker Oqtay Əsədov məsələyə münasibət bildirərək deyib: "Saziş layihəsində Dağlıq Qarabağ ərazisi Azərbaycanın ərazisi kimi qeyd olunub, biz buna nail olmuşuq. Texniki məsələlər qalıb ki, onlar da həll edilir".

O.Əsədovun sözlərinə görə, Ermənistan tərəfi bu sazişə əngəl olmağa çalışır: "Saziş yüksək səviyyədə hazırlanıb. Onun bu il may ayının 13-də imzalanması nəzərdə tutulur. Bu, Azərbaycan xalqının xeyrinə olacaq".

Məsələyə münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin katibi Leyla Abdullayeva isə qeyd edib ki, Azərbaycanla Avropa İttifaqı arasında bu il mayın 13-də saziş imzalanması nəzərdə tutulmayıb:

"Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq münasibətlərinin hüquqi əsasını təşkil edəcək saziş üzrə danışıqlar hələ ki, davam etdirilir", - mətbuat xidmətinin rəbhbəri əlavə edib.

Bundan əvvəl verilən xəbərlərdə  isə deyilirdi ki, Avropa İttifaqı (Aİ) ilə sazişin bu il mayında imzalanacağı gözlənir.

Xatırladaq ki, Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə bağlı yaranıb. 1994-cü ildə tərəflər arasında imzalanan atəşkəs müqaviləsinə qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib. Bu münaqişə ilə bağlı tənzimlənmə prosesini ATƏT-in Minsk Qrupu aparır. ABŞ, Rusiya və Fransa qrupun həmsədrləridir.

Məsələyə politoloq Mübariz Əhmədoğlu mövqe bildirərkən dedi ki, bu sazişin imzalanması Azərbaycan üçün taleyüklü məsələdir: "Diqqət edirsinizsə,  prezident Azərbaycanla əməkdaşlıq edən ölkələri adbaad deyil, qrup şəklində sadalayır - qonşular, İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı və Qoşulmama Hərəkatı. Bu dörd qrup içərisində ən yüksək səviyyədə strukturlaşmış əməkdaşımız Aİ-dir. Buna görə də prezidentin xarici siyasətinin əsas istiqaməti Aİ-yə doğrudur, məqsəd Azərbaycanı risksiz yolla Aİ üzvü etməkdir. Bu ilin 1 fevralında prezident bəyan etdi ki, Azərbaycan tarazlaşdırılmış siyasətdən milli maraqlar üzərində qurulmuş siyasətə keçir, bu o deməkdir ki, Azərbaycan kifayət qədər güclənib və başqa gücləri nəzərə almadan öz milli maraqlarını hədəfləyə bilər. Bu baxımdan Avropaya inteqrasiya bizim milli maraqlarımıza cavab verdiyi üçün biz tam gücümüzlə həmin istiqaməti inkişaf etdirə bilərik. Aİ ilə əməkdaşlığın inkişafı Azərbaycanda ciddi dəyişikliklər yarada bilər. Əslində, imzalanması gözlənilən saziş Azərbaycanın milli maraqlarına tam cavab verir. Elə buna görə də Azərbaycanla Aİ arasındakı sazişin imzalanmasını istəməyən kifayət qədər qüvvələr var. Bu güclər arasında Rusiya ilə Ermənistanı xüsusi qeyd etmək olar. Aİ rəsmilərindən biri bu yaxınlarda bildirdi ki, Avropada Çinin 250, Rusiyanın isə 200 casusu var. Bu səbəbdən də onlar bilir ki, Aİ-Azərbaycan münasibətlərinin genişlənməsi, mənzərəni bu iki tərəfin xeyirinə köklü şəkildə dəyişəcək. Dağlıq Qarabağ məsələsinə gəldikdə, bu məsələ həmin sazişdə tam olaraq Azərbaycanın xeyirinə təsbit olunub. Aİ dünyanın ən təsirli güc mərkəzlərindən biridir, onun sənədindəki ifadələrin də gücü buna adekvatdır. Aİ ilə Azərbaycan arasında Dağlıq Qarabağ məsələsinə indiki mövqeyin əsası 24 noyabır 2017-ci il, Brüsselda Aİ sammitində prezident İlham Əliyevin çıxışından sonra qoyuldu. O vaxta qədər İlham Əliyev dəfələrlə Avropaya bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyü ilə Gürcüstan və Ukraynanın ərazi bütövlüyü arasında heç bir fərq yoxdur. O vaxta qədər Aİ tərəfindən Gürcüstan və Ukraynanın ərazi bütövlüyü birmənalı şəkildə dəstəklənir, Azərbaycan barədə isə ikibaşlı ifadələrdən istifadə edilirdi. Həmin sammitin yekun sənədində "Şərq Tərəfdaşlığı" ölkələrdə olan munaqişələrin ölkələrin ərazi bütövlüyü və suverenliyi daxilində həll edilməsi barədə müddəa qəbul edildi. Sözügedən sazişdə də Aİ eynilə həmin qaydada - ərazi bütövlüyü və süverenliklə birlikdə 2019-cu ildə ortaya qoyulan yenilənmiş model prinsipləri ilə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin tərəfdarıdır. Sənəd açıqlanmasa da bu müddəa mütləq sənəddə yer alıb, çünki 5-6 ay əvvəl bu müddəa Aİ ilə Ermənistan arasında imzalanmış sənədə salınıb. Sənədi o vaxtkı Aİ-Ermənistan parlamentlərarası komissiyanın sədri Armen Aşotyan imzalayıb. Bu Ermənistana qəbul etdirilibsə, deməli Azərbaycanla müqavilədə mütləq əksini tapmalıdır. Ona görə də bu sazişdən Ermənistan daha çox əndişələnir. Avropada da İlham Əliyevin siyasətindən narazı qalan qüvvələr var, bu qüvvələr hamısı birləşib ki, Aİ ilə Azərbaycan arasında bağlanan sazişi əngəlləsinlər, amma bu mümkün deyil. May ayı ərzində saziş imzalanacaq. Bu prosesin bir sıra detallarını İlham Əliyevlə Vladimir Putinin Çində aprelin 26-da baş tutacaq görüşü həll edəcək".

 Akif Nəsirli

0.19578003883362