Bakıətrafı qəsəblərdə itlərin sayının artmasının, subyektiv səbəbləri

 

Dənizkənarı Milli Parkın ərazisində, Bayıl və Ağ şəhər Bulvarlarında, Akademiya bağında dolaşan it sürüləri

 Bu ilin ilk 3 ayı ərzində Azərbaycanda 4909 nəfər heyvan zədəsi (cırmaqlama, dişləmə) ilə əlaqəli müvafiq tibb müəssisələrinə müraciət edib.

Səhiyyə Nazirliyindən bildirilib ki, bu rəqəm ötən ilin müvafiq dövründə 4682 nəfər təşkil edib.

Bu da o deməkdir ki, heyvan dişləmələrinin sayı artıb. Builki statistikaya görə, ölkədə orta hesabla hər gün 54 nəfəri heyvan dişləyir.

Hətta ötən gün Binəqədi rayonu, Sulutəpə qəsəbəsində 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğlu itin hücumuna məruz qalıb. Heyvan azyaşlının yanağını parçalayıb. H.Məmişova quduzluq əleyhinə zərdab vurulub və yanağının parçalanmış hissəsi tikilərək bərpa edilib. Hazırda müalicəsi davam edir.

Bir müddət əvvəl it dişləyən Ağstafa rayonu, Yuxarı Göycəli kənd sakini, 1998-ci il təvəllüdlü Cavid Həsənli isə keçən həftə dünyasını dəyişib.

Valideyn həm də təhsil üzrə ekspert Kamran Əsədov təəssüf hissi ilə qeyd edir ki, son 6 ay ərzində apardığı müşahidələrin nəticələrinə görə məktəblərin ətrafında sahibsiz heyvanların sayı artıb: "Sahibsiz itlər arasında quduzluğa tutulanlar üstünlük təşkil edir. Onu da nəzərdən qaçırmaq olmaz ki, orta məktəb şagirdlərinin heç də hamısı dərsə valideyniləri ilə gedib-gəlmir. Bu da, o deməkdir ki, hazırda 4472 orta məktəbdə təhsil alan 1,5 milyon şagirdin həyatı, sağlamlığı təhlükə altındadır və məktəblərdə bunun qarşısının alınması üçün heç bir iş görülmür."

Bu səbəbdən də, bir çoxları çıxış yolu kimi itlərin öldürməsini təklif edirlər. Lakin yaddan çıxarmamalıyıq ki, məktəblilərin, azyaşlıların yanında bunu etmək çox təhlükəlidir və məktəblilərin pisxologiyasına mənifi təsir göstərə bilər. Bu da məlumdur ki, təkcə itləri öldürməklə onların saylarını azaltmaq mümkün deyil.

Bu gün Bakıda və ətraf qəsəbələrdə sihibsiz itlərin sayı durmadan artır. Bu da qeyd olunmalıdır ki, Bakıətrafı qəsəblərdə itlərin sayının artması, təkcə təbii yolla deyil, həm də bir çox hallarda Bakıdan uzaqlaşdırmaq məqsədi ilə atılması səbəbindən baş verir. Bir misal deyim, bir taksi sürücüsünün torbada ona yerilən 6 it küçüyünü 15 manat müqabilində şəhərin mərkəzindən götürərək Masazır qəsəbəsində boş ərazibə buraxdığını görənlər bu barədə redaksiyaya məlumat veriblər. Bildiyimiz ki, itlər tez böyüyür və bir müddət sonra balalayaraq sayları daha da artır. Yuxarıda adını çəkdiyimiz Masazır qəsəbəsində isə it sürülərinə belə rast gəlmək mümkündür. Odur ki, sahibsiz itləri öldürməklə onlardan qurturmaq mümkün deyil. Bəzi mütəxəssislər də hesab edirlər ki, itləri öldurmək yox, axtalamaq lazımdır. Mənə belə gəlir ki, itlərin axtalanması, onların sayına müəyyən mənada təsir etsə də, əslində gözlənilən təhlükədən heç kimi qorumur. Buna görə də itlərin normal şəkildə qorunması və mühafizəsi daha effektli nəticə verə bilər.

Məsələn, hər bir məktəbin həyətində sahibsiz itləri saxlamaq üçün qəfəs düzəldilsin. Bu, şagirdlərə həm təbiəti, həm də heyvanları qorumaq vərdişi aşılaya bilir.

Bundan başqa, yaxşı olar ki, məktəblərdə sinif rəhbərləri şagirdlərin dərsi bitdikdən sonra qrup halında evlərin getməsini təşkil etsin, imkan olduğu halda, müəyyən məsafəyə qədər özü də onlarla getsin. Əgər məktəbin yaxınlığında sahibsiz itlər varsa, məktəb rəhbərliyi aidiyyəti qurumlara məlumat verməlidir.

Yaranmış vəziyyətə münasibət bildirən "We want to live too" (Biz də yaşamaq istəyirik!) heyvan sığınacağının sahibi Nailə Rüstəmli bildirib ki, insanlar heyvanlara qarşı yaxşı rəftar etdikləri halda, bunun müsbət qarşılığını alacaqlar. O hesab edir ki, yeni metodlar və vicdani yollar seçmək lazımdır: "Uşaqlara itlərlə rəftarı düzgün şəkildə öyrətsək, onları daha yaxşı qorumaq olar. Məsləhət görürəm ki, it görəndə heç bir reaksiya verilməsin. Daxilində heyvan sevgisi varsa, o başqa. Təbii ki, heç kim iti sığallamaq məcburiyyətində deyil. Kifayət edər ki, itə təpik vurulmasın, daş atılmasın. Hesab edirəm ki, bu günə kimi heyvanların vaksin edilməsi paytaxtda, təxminən, 50 faiz itləri əhatə edə bilər. Yaxşı olardı ki, itlər sterilizə olunub peyvəndlənsin. Başqa variant yoxdur. Bütün xarici ölkələrdə belədir".

Nailə xanımı diqqətinə çatdırmaq istərdik ki, hazırda paytaxt Bakının mərkəzində, xüsusilə də şəhərətrafı qəsəbələrdə sahibsiz it sürülərini görmək adi hala çevrilib. O da düşündürücü haldır ki, baş verən xoşagəlməz hadisələrdə, sahibsiz itlər daha çox uşaqlara hücum edir.

Burada ən təhlükəli məqam hücum edən itin quduz olması ehtimalıdır. Ekspertlər qeyd edir ki, it dişləməsindən sonra insanda quduzluq qeydə alınır və ciddi müalicə olunmazsa, ölümlə nəticələnir.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatına görə, ötən il 15 mindən artıq adamı sahibsiz heyvan dişləyib ki, onlardan da 13 mini it dişləməsidir.

Bu il fevral ayının 15-də Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin sahibsiz itlərlə işin təkmilləşdirilməsi üzrə birgə layihəsi çərçivəsində paytaxtın Balaxanı qəsəbəsində "Toplan" sahibsiz itlərə qayğı mərkəzi yaradılıb. 2018-ci ildən başlanan layihə sakinlərin təhlükəsizliyinin təmin edilməsi, sahibsiz heyvanlara qayğı göstərilməsi, həmçinin cəmiyyətin onlara qarşı münasibətinin dəyişdirilməsi məqsədi daşıyır. Layihə çərçivəsində, eyni zamanda, müxtəlif maarifləndirmə işləri aparılır.

Görülən işlərə baxmayaraq, hələ də sahibsiz itlərin artımı və yaratdığı təhlükə aradan qalxmayıb. Aidiyyatı qurumlar məsələnin kökün-dən həlli üçün əlavə tədbirlər görməlidirlər. Müxtəlif mənbələrin məlumatına görə, hazırda paytaxtın ərazısındə 600 mindən çox sahibsiz it var və onların sayı günü-gündən artır. Mövcud mərkəz tam şəkildə sahibsiz heyvanların yığılmasını təmin edə bilmədiyindən, paytaxtda həmin mərkəzin filialların yaradılmasına ehtiyac var.

Paytaxtda sahibsiz heyvanların artması sakinlərimiz, paytaxta gələn çoxsaylı qonaqlar üçün ciddi təhlükə yaradır. Qəsəbələrdə, yol kənarlarında deyil, şəhərin mərkəzində də sürü ilə gəzən itlərə rast gəlinir.

Dənizkənarı Milli Parkın ərazisində, Bayıl və Ağ şəhər Bulvarlarında, Akademiya bağında belə xoşagəlməz mənzərələrə rast gəlirik. Yemək axtaran, ictimai-iaşə obyektlərinin yaxınlığında dolaşan sahibsiz heyvanlar istirahət mərkəzlərində dincələn vətəndaşlar, xüsusən də azyaşlı uşaqlar üçün ciddi təhlükə mənbəyinə çevrilir. Axşam saatlarında, işıqlandırmanın zəif olduğu məhəllədaxili yollarda sahibsiz itlərin qorxusundan insanlar evdən çıxmağa ehtiyat edirlər. Heç kim sahibsiz itlərin hücumundan sığortalanmayıb və bu insanlarımızın saqlamlığına açıq-aşkar təhlükədir.

Məsələ burasındadır ki, özünü heyvanların müdafiəçisi adlandıran bir qrup qadın Ağ şəhər rəsmilərinin xahişilə Bulvara dəvət edilən "Toplan" sahibsiz itlərə qayğı mərkəzinin işinə mane olurlar.

Amma bu qadınlar unudurlar ki, qonşu ölkələr, eləcə də Avropanın heç bir paytaxt şəhərində küçələrdə sahibsiz dolaşan heyvanlara rast gəlinmir. Şəhər xidmətləri onların küçələrdən yığışdırılması və sonrakı taleyi ilə bağlı məsələləri operativ şəkildə həll edir. Hətta belə bir hal da mövcuddur ki, bəzi illərdə həddən artıq çoxalan canavarların öldürülməsi ilə bağlı tədbirlər görülür. Bəs biz nəyi gözləyirik? ğözləyirik ki, Binəqədidəki hadisə başqa yerlərdə də baş versin, uşaqlar, böyüklər ziyan çəksin?!

Şəhərin sahibsiz heyvanlardan təmizlənməsi üçün dövlət qurumları ciddi tədbirlər görməlidirlər. Bu işlərdə adi vətəndaşlar da onlara kömək göstərməlidirlər. Burada isə əksinə olaraq bəzi vətəndaşlar sahibsiz heyvanları küçələrdən yığan şəxslərə mane olur, hansı səbəblərdənsə Balaxanıdakı Mərkəzin işini pozmağa çalışırlar. Onlar başa düşmürlər ki, xəstə, sahibsiz heyvanlar övladlarımız, elə özümüz üçün ciddi təhlükə mənbəyidir. Təəssüf  ki, polis də bu üzdəniraq müdafiəçilərə qarşı sərt tədbirlər görmür. Bəlkə sahibsiz heyvanlarla mübarızədə Avropa ölkələrində olduğu kimi onların öldürülərək sayının kəskin azaldılmasına nail olmaq lazımdır?! Bəlkə bu yolla şəhərimizi sahibsiz itlərdən azad etmək mümkün olar?!

Qəribədir, ölkəmizdə itləri öldürməyə icazə vermirlər, amma itin övladlarımızı öldürməsinə göz yumurlar! Əslində, bu hər birimizin problemidir və hesab edirik ki, itsevərlər bir qədər də insansevər olmalıdırlar.  

Biz çox aktual və halli vacib bir problemə toxunduq. Ümid edirik ki, aidiyyatı qurumlar da, bu məsələyə biganə yanaşmayacaqlar.

Mahir Abbaszadə

0.23865795135498