Bakının mərkəzində həyat donub

 

"Bayıl blokadası" neçə gün davam edəcək?!

 Aprelin 22-dən etibarən, artıq paytaxtımızın mərkəzində (çox təəssüflər olsun ki, biz hələ də paytaxtda alternativ mərkəzlər yarada bilməmişik), Bakı Şəhər Halqası kimi tanınan ərazi üzrə - "Azneft" meydanı istiqamətində - Bayıldan 20-ci sahə istiqamətində və cənub tərəfdən, eyni zamanda "Hökumət Evi" istiqamətində - Üzeyir Hacıbəyov küçəsi ilə Afiyəddin Cəlilov, Yusif Səfərov küçələrinin kəsişməsindən, həmçinin Lermontov küçəsi ilə Axundov adına park və onun ətrafı, Əhməd Cavad küçəsi ilə İstiqlaliyyət və Bünyat Səfərov küçələri istiqamətində, Şeyx Şamil küçəsi istiqamətində, Dənizkənarı Milli Park boyunca, Neftçilər, Bülbül prospektləri, Azadlıq meydanı, Puşkin, Xaqani, Zərifə Əliyeva, Rəsul Rza, Əziz Əliyev küçələri, Qoşa Qala qapısı, Gənclər meydanı, İstiqlaliyyət, Niyazi küçələri, eləcə də həmin küçə və prospektlərlə kəsişən digər yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla, istiqamət dəyişdirilib.

Belə ki, yarışlarla əlaqədar həmin küçələrdən keçən 17 marşrut xətti üzrə (1, 2, 4, 5, 6, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 205, H1) avtobusların hərəkət sxemində dəyişiklik edilib. Qeyd edilən marşrut xətləri üzrə avtobuslar alternativ küçələrdən keçməklə hərəkət edəcək.

Bu rəsmi informasiyanın birinci həssəsi tam olaraq həqiqəti əks etdirir, sözügedən ərazilərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, daha doğrusu dayandırılıb. Həmin ərazilərdə nəinki nəqliyyatın, hətta piyada hərəkəti belə kifayət qədər əngəllənib. Sözügedən ərazidə yalnız "Formula 1" yarışna hazırlıqları həyata keçirən nəqliyyat vasitələri hərəkət edə bilir, bəlkə də buna görə rəsmi məlumatda nəqliyyatın hərəkətinin dayandırılmasından yox, onun məhdudlaşdırılmasından danışılır. Artıq Bakı Şəhəri İcra Hakimiyyəti və Bakı Nəqliyyat Agentliyi vətəndaşla diplomatik dildə danışır, bu da bir irəliləyişdir.

Rəsmi informasiyanın ikinci həssəsində isə 17 sərnişindaşıma avtobus marşrutunun dəyişdirilməsindən söhbət açılır. Həmin marşrutlardan 6-sı - 5, 6, 53, 88, 125 və 205 Səbail rayonunun Bayıl qəsəbəsi ilə şəhərin digər hissələri arasında əlaqə yaradan marşrutlardır. Bu marşrutlarda 205 yalnız bir saat intervalla hərəkət edir, yalnız Binə və Sədərək bazarlarına işləyir. Digər marşrutlardan isə ancaq 53 saylı marşrut alternativ yollardan istifadə edərək işini davam etdirir. Qalan 4 marşurut (5, 6, 125 və 88) isə ümumiyyətlə işləmir. İndi 5 avtobusun daşıdığı sərnişini, yalnız bir avtobus daşımaq məcburiyyətində qalıb. Beş avtobusun sərnişini isə bir avtobusa minəndə təsəvvür edin ki, orada vəziyyət necə olur. Bu gün səhər özümü Şanxayda hiss etdim. Şanxay sərnişindaşıma xidmətini başa düşmək olar, ölkənin milyarddan çox əhalisi var, biz isə cəmi bir neçə həftə əvvəl 10 milyon olmuşuq.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayevlə əlaqə saxladıq. Agentlik sözçüsünün bizimlə sözbətindən bəlli oldu ki, dövlət qrumunun bu məsələ ilə bağlı heç bir proqramı yoxdur, yolların bağlanacağı təqdirdə yaranacaq mürəkkəb şərait təhlil edilməyib, marşrutların alternativ hərəkət istiqamətləri müəyyənləşdirilməyib. Bu, yayılan rəsmi məlumatla faktiki vəziyyət arasındakı fərqdən də bəlli olur. Faktiki olaraq Bayıl istiqamətində hərəkət istiqamətinin dəyişdirildiyi bildirilən altı marşrut xəttindən 4-ü dayandırılıb, amma cəmiyyət aldadılır ki, istiqaməti dəyişdirilib.

Onu da qeyd edim ki, dayandırılan marşrut xəttlərinin hamısını alternativ yollarla işlətmək mümkündür. Sözsüz ki, 53 saylı marşrut avtobusunun ("Iveco Otoyol") texniki imkanları ilə "BakuBus" ("Iveco Crealis") şirkətinin avtobuslarının texniki imkanları eyni deyil - birinci daha çevik model olduğundan daha dar küçələrlə hərəkət edə bilir. Ona görə də "BakuBus" avtobusları üçün daha rahat alternativ yollar düşünmək gərəkir. Mən Bayıl qəsəbəsində yaşadığımdan bu istiqamətdə real çıxış yollarını bilirəm. Məsələn, Bayıldan "Azneft" dairəsinə doğrü hərəkət edən bütün marşrutlar, əksinə hərəkət edərək, Sədərək Ticarət Mərkəzindən şəhərə gələn yolla hərəkət edərək "Qurd Qapısı"ndan şəhərə girib, son dayanacağa qədər hərəkət edə bilər. Digər marşrut xətləri üçün də başqa alternativlər düşünmək olar. Hazırda ən cətin durumda qalan yaşayış məntəqəsi Bayıl qəsəbəsidir. Qəsəbə Bakı şəhərindən təcrid olunmuş vəziyyətdə - blokada şəraitindədir. Yalnız fərdi avtomobil sahibləri mənzil başına çatmaq imkanlarına malikdirlər. On mindən çox əhali qalıb təkcə 53 saylı avtobusun ümidinə.

Əslində müvafiq - BNA və sərnişindaşıma ilə məşğul olan şirkətlər hökumətin qərarını əvvəlcədən dəyərləndirməli, əhalinin rahat hərəkəti üçün alternativ marşrutlar tapmalı idi. Lakin görünən odur ki, BNA-nın bu istiqamətdə heç bir fəaliyyəti nəzərə çarpmır. Nəticədə əhalinin konstitusion huquqları - hərəkət və əmək hüquqları pozulur, vətəndaşlar faktiki olaraq qarşıdakı 10 gün ərzində bu hüquqlarından istifadə edə bilməyəcək. Ona görə də yüzlərlə vətəndaş işini itirəcək, həyata keçirəcəyi işləri reallaşdıra bilməyəcək.

Düşünürük ki, hələ indi də gec deyil, əməli işə keçərək əhalinin rahat hərəkətini bir neçə saat ərzində normal ritmə salmaq olar.

 Akif Nəsirli

[email protected]

0.15076112747192