Ölkədə mənzil problemi ciddi xarakter alır

 

Dövlət vətəndaşı mənzillə təmin etməlidirmi?

 Ölkəmizdə insanları narahat edən əsas problemlərdən biri də əhalinin yaşayış sahəsi ilə təmin edilməsidir. Bölgələrdə əhalinin böyük əksəriyyəti yaşayış sahəsinə olan tələbatı öz şəxsi imkanları hesabına fərdi yaşayış evi tikməklə ödəyir. Lakin həmin evlərin 90 faizinin sənədi yoxdur və vətəndaş böyük əzab -əziyyətlə tikdiyi evinə sənəd ala bilmir. Sənədsiz olmaları səbəbindən də belə evlər təbii fəlakət, yanğın və digər təhlükələrdən sığortalanmaq imkanından məhrumdurlar. Hər hansı bir bədbəxt hadisə, yaxul təbii fəlakət  baş verdikdə vətəndaşın ümidi qonum-qonşuya qalır və dövlətdən heç bir dəstək ala bilmir. Bunun qarşısının alınmasının bir çox yolları var. Birincisi, hökumət belə fərdi yaşayış evlərinin sənədləşdirilməsi və sığortalanması üçün dövlət layihəsini  hazırlamalı və həyata keçirməlidir. Onu da diqqətinizə çatdırıq ki, belə bir layihənin maliyyələşdirilməsi üçün dövlət vəsaitinə ehtiyac yoxdur. Bu gün bir fərdi yaşayış evinin sənədləşdirilməsi üçün maksimum 50-100 manat vəsait kifayətdir. Vətəndaşın bu məbləği dərhal ödətmək imkanı olmasa belə, onun gələcəkdə ödəyəcək rüsumlar hesabına da bu məsələni həll etmək mümkündür. Bu layihənin həyata keçirilməsi ilə həm ölkə üzrə əmlak vergisi ödəyən yüzminlərlə vergi ödəyicisi yaranacaq, həm də əmlakın sığortalanması problemi aradan qaldırılacaq. Vətəndaşlar da tikdikləri fərdi evlərini sənədləşdirməklə həm də onun sığortalanmasına imkan qazanacaq və rahat nəfəs ala biləcək. İkincisi, bu gün qeyri-qanuni tikililər kimi qeydiyata düşən həmin evlərdən əldən olunan əmlak vergisini böyük şəhərlərdə mənzil tikintisinə yönəltməklə hər il yüzlərlə ailəni güzəştli şərtlər daxilində mənzilə təmin etmək mümkündür. Eyni zamanda, dövlətin maliyyə resursları hesabına da, bu layihəyə dəstək vermək olar. Necə ki, dövlətin vətəndaşa mənzil kirayə verilməsi layihəsində bu nəzərdə tutulub. Ümumiyyətlə, əhalinin dövlət tərəfindən yaşayış sahəsi ilə təmin edilməsi, təkcə vətəndaşa güzəştli şərtlərlə mənzil verilməsi, kirayəyə mənzil verilməsi, ipoteka layihələrinin həyata keçrilməsi kimi, konkret mənzillə təminatla məhdudlaşdırılmamalıdır. Bu istiqamətdə həm də ciddi araşdırma aparılmalı, əhalinin mənzil problemi ilə üzləşməsinin səbəbləri aydınlaşdırılmalı, hökumətin sosial siyasəti həmin problemlərin aradan qaldırılmasına yönəlməlidir.

Məsələn, sözsüz ki, belə araşdırma aparılsa ortaya çıxacaq ki, əsas problem əhalinin gəlirlərinin aşağı olmasıdır. Bu məsələni heç bir araşdırma aparılmadan da  sadə iqtisadi göstəricilərin müqayisəli təhlili ilə də müəyyənləşdirilə bilər. Dünyanın inkişaf etmiş ölkələrində ümumi-daxili məhsulun tən yarısı vətəndaşların əmək haqqı fondundan ibarət olur. Azərbaycanda isə bu göstərici cəmi 20-23 faiz arasında tərəddüd edir. Deməli, ölkə əhalisinin mənzillə təmin edilməsini əngəlləyən əsas problemlərdən biri də gəlirlərin aşağı olmasıdır və onun aradan qaldırılması üsullarından biri əmək haqqı fondlarının genişləndirilməsidir.

Yuxarıda qeyd etdiyimiz kimi, bir tərəfdən problemi yaradan əlamətlərlə işlədikdə, digər tərəfdən isə birbaşa problemin özünü hədəflədikdə həll prosesi həm səmərəli, həm də qısamüddətli olur. Bu cür sistemli yanaşma zamanı problemin həllinə ödənişsiz - heç bir xərc çəkmədən təsir etmək imkanları da yarana bilər. Məsələn, biz yuxarıdakı tədbirləri sistemli şəkildə həyata keçirdikdə ölkənin mənzil bazarında tələbatı azaltmış, təklifi isə artırmış oluruq. Bu isə avtomatik olaraq mənzil bazarında qiymətlərin adekvat olaraq aşağı düşməsinə və əhalinin müəyyən bir qrupu üçün mənzil bazarından yaşayış sahəsi əldə etmək imkanı yaratmış olur. Başqa sözlə desək, hökumət əhalinin mənzillə təminatına müxtəlif vasitələrlə 10 faiz töhfə verirsə, bununla yanaşı mənzil bazarında qiymətləri aşağı salmaqla, bu işə də 5-10 faiz arası töhfə vermiş olur.

Bununla yanaşı, nəzəra alsaq ki, ölkəmizin inkişaf istiqaməti üzü Avropayadır (bu uzunmüddətli inkişaf strategiyasında da qeyd edilib) biz bu problemə yanaşmada da, Avropa standartlarına uyğunlaşmalıyıq. Belə ki, Avropa Konvensiyasının 30-cu maddəsində nəzərdə tutulur ki, vətəndaşın mənzil hüququnu reallaşdırmaq üçün dövlət vətəndaşı ömründə bir dəfə yaşayış sahəsi ilə təmin etmək öhtəliyinə malik olmalıdır. Lakin Azərbaycan hələ konvensiyanın bu maddəsinə qoşulmayıb.

 Fikrimizcə, vətəndaşlarının yaşayış hüququnu təmin etmək istiqamətində son illər xeyli iş görən Azərbaycan hökumətinin sözügedən maddənin ratifikasiya etməsi və ölkə qanunvericiliyini bu maddəyə uyğunlaşdırılmasının vaxtı yetişib artıq. Əks təqdirdə, dövlətin vətəndaşın mənzillə təmin edilməsinin heç bir hüquqi əsası olmur, bu yalnız mənəvi öhtəlik kimi dəyərləndlirilir.

 

Akif Nəsirli

0.20433807373047