Təkdən cəmə

 

Gələcək dəyərləri kim yaradacaq?

 Cəmiyyət toplum olaraq eyni düşüncənin sahibi deyil, hamımız bilirik. Məhz küllün cəmi olduğu üçün, onda mənfi-müsbətin də həddi eyni ölçüdə deyil. Lakin onun kəm-kəsirinin düzəldilməsi, mənfilərin müsbətlə müqayisədə heç olmasa bir addım geriləməsi üçün mütəmadi fəaliyyətə ehtiyac var. Bu fəaliyyətin bir adı da maarifçilikdir ki, onun da öndə gedəni, pionerləri olmalıdır.

Elə mətbuatın ənənəvi fəaliyyətindən savayı, vacib missiyasının biri də maarifçilikdir. O maarifçilik ki, əsrlərdir bu ad arzu və istəklərin var olması üçün hərəkat şəklində də təcəssüm edib. Maarifçilik hərəkatının üzvləri keçən əsrlərdə mütərəqqiliyə, inkişafa düşmən olan qaragüruhçulara qarşı, bisavadlığın ləğv edilməsi üçün mücadilə aparırkən, onun bir zaman birdəfəlik məhv, sabahınsa daha aydın olacağına inanırdılar. İnam heç sonda da ölmədiyindən, yüz illərdir onların davamçıları zaman-zaman naqisliyə və adı onunla qoşa çəkilənlərə qarşı əbədilik mücadilədədir ...

Bəlkə də pis vərdişlərin, hərəkət və addımların yalnız həyat tərzi ona uyğun olan adamlara şamil edildiyi barədəki nağıllara inanmasaydıq, indi bu qədər ruhdan düşməzdik. Çünki dünyada mənfi sayılacaq nə varsa, onun həyat tərzi, hal-xasiyyəti pis adamlara aid olduğunu düşünürdük.

Lakin zaman keçdi və onunla bərabər, bu düşüncələr də məhv oldu. Məhv olan düşüncələr bizə insanların bambaşqa bir simasını tanıtdı. Gördük ki, bizə rəngarəng musiqiləriylə, müxtəlif çalğı alətləriylə ruhoxşayan mahnılar ərməğan edənlərin, meyxananı müəyyən qisimdən bütöv xalqa aşılayanların toplumdan gizlədilən mənfi vərdişləri varmış. Bu vərdişlər sonda onların dünyaya vida etməsində, vaxtsız ölümlərin baş verməsində əsaslı rol oynadı ...

Amma kütləvi təpki olmadı. Əslində, istisna oldu, hamı bu şəxslərin sənətini ucalara qaldıranda, bir xalq artisti pis vərdişlərdən dünyasını dəyişənlərin yasına getmədiyini deməklə, həmin insanların məhz o vərdişlərinə görə sənətinə də yüksək qiymət vermədiyini dolayısıyla söylədi. Toplumsa deyilənlərə diqqət etmədi ...

Nəticə nədir bəs? Bu vərdişlərin bir-bir apardığı adamların sayı artmaqda, səbəblərsə ona haqq qazandıracaq həddədir. Anlaşılmazlıq da elə bundadır-bu mərəzə mübtəla olanlara vaxtında yardım göstərmək, müalicə almasına inandırmaq, mümkün olmasa, hədə-qorxu gəlmək, külli-miqdarda cərimə ödətdirmək və s. qabaqlayıcı tədbirlər görmək də olardı. Onların gözgörəsi əldən getməsinə tamaşaçı olmaqdansa! Öləndən sonra şəxsinə mədhiyyələr deməyin, hüzn dolu şeirlər yazmağın, dostcasına əhvalatların, xatiratların mənası nədir? Zərərli vərdişlərlə dünyadan köçənlərin zamanla sürən addımına haqq qazandırmaqmı? Beləmi yardım əli uzadılır dost, yaxın hesab edilənlərə? Birinin pis vərdişdən qurtulması üçün yardım əlini uzatmayanların sonradan atdığı “daş” vaxtında olmadığı kimi, hədəfə də dəymir.

Bu sətirlərlə üz tutduğum oxucu bugünün bir cəmiyyət üzvüdür, gələcək dəyərlərinsə yaradıcısı. O həm də özünün və ətrafdakı ən azı bir şəxsin addımlarına nəzarət edən, ictimai vəkildir. O halda, bütöv bir küllün zərrələri olaraq, nəzarətedici missiyamızı bir qismin işi olan maarifçiliklə birləşdirsək, cəmiyyətə, məhz bizim cəmiyyətimizə xarakterik olmayan əxlaqi çirkinliklər, xoşagəlməz qalmaqallar, qara piar, mütəmadi yayılan ikrahedici, iyrənc videolar, əxlaqın artan sürətlə pozulması, mental dəyərlərin tarixə gömülməsi də azalar. Cəmiyyəti mənəvi xəstəlikdən sağaltmaq hamının işidir artıq. Vəziyyət bu yerə çatıb çünki. Hər gün baş verən yaxşı-pis nə varsa, onu gündəmdə və diqqətdə saxlayan mətbuat da əfsus ki, cəmiyyətin bir hissəsidir, tam hissəsi deyil. Yoxsa, maarifçilik, vəkillik funksiyamız cəmiyyətin güzgüsündə dayanmadan, hər an görünərdi...

Gündəlik baş verənlərə diqqətlə baxsaq, hazırkı durum yaxşı heç nə vəd etmir, nə yazıq. Cəmiyyətin bütöv təpkisinə, birliyinə ehtiyac var. Əmin olunası nəsnələr də var. İnsanlar adı bilinən və bilinməyən ağırlıqların, çətinliklərin yüngüllüyünü yüngül musiqilərin, kliplərin, videoların, həyat tərzinin, yüngül yolun yolçuluğunda deyil, əziyyət çəkdikləri problemin həllində tapmalıdır.

Bir zaman evləri, otaqları estetik baxımdan bəzəyən, havanı zərərli tullantılardan qoruyan, ümumi ab-havanı yaxşıya doğru dəyişən gül dibçəklərində bu gün yetişdirilənlər də birbaşa cəmiyyətin ünvanına yollanacaq. Həmin xəbərdən danışıram ki, İsmayıllı sakini evindəki dibçəkdə otaq gülləri əvəzinə, çətənə bitkisi becərirmiş. O, təkcə bir evin, onun sakinlərinin şəxsi əşyası, mülkiyyəti olmayaraq, bugün-sabah cəmiyyətin istənilən üzvünün həyatını zəhərləyəcəkdi. Onda deyin, kim susqun və seyrçi olmaqla bütöv cəmiyyətə, gələcəyə düşmən kəsilmək istər?

O düşmənçilik ki, virtual aləmdə və real həyatda hər gün baş verir, onun iştirakçıları da narkotiki mahnı-kliplərdə, gül dibçəklərində təqdim edir, narko-meyxanaçı, ya da, misal üçün, klarnet və gitaraçı olaraq, zərərli vərdişi təkdən cəmə ötürür ...

 Nigar Orucova 

0.23396587371826