Ölkənin sığorta bazarına yeni nəfəs verilməlidir

 

Sığorta şirkətlərinə qarşı tələblər ciddiləşdirilməli, qanunlara müvafiq dəyişikliklər edilməlidir

 Azərbaycan cəmiyyətində son zamanlar sığorta bazarı bir qədər hörmət qazansa da, hələki ciddi nöqsanlar qalmaqdadır. Bir neçə il əvvəl, ümumiyyətlə ölkədə sığorta şirkətləri yalnız məcburi sığorta formasından istifadə edərək sadəcə pul yığırdılar. Məsələn, Bankı və sığorta şirkəti olan bir sahibkar bir neçə avtomobil satışı salonu ilə razılaşaraq, satılan avtomobillərin yalnız tərəfdaşının sığorta şirkətində sığortalanmasını şərt kimi irəli sürürdü. Alıcı isə "sığorta boş şeydir" deyərək asanlıqla satıcı ilə razılaşırdı. Beləcə, sığorta şirkətləri özlərinə inzibati yolla "müştəri yığırdı". Sığorta hadisəsi baş verəndə isə şirkət min bir bəhanə ilə müqavilə tələblərinin pozulduğunu iddia edərək müştərinin zərərini ödəməkdən ya imtina edir, ya da ona simvolik məbləğ ödəyirdi. Bütün bunlar barədə keçmiş zamanda danışsam da, bu gün heç də bu problemlərin hamısı aradan qaldırılmayıb. Sadəcə olaraq, hazırda bu kütləvi hal deyil, ölkədə normal sığorta haqqı ödəyən şirkətlər mövcuddur. Lakin bunlar əksəriyyət təşkil etmir.

Ölkədə ən populyar sığorta növü avtomobil, ən arzolunmaz sığorta növü isə daşınmaz əmlakən sığortalanmasıdır. Əvvəl ondan başlayaq ki, dünyanın sivil ölkələrində daşınmaz əmlakın sığorta bazarında amansız rəqabət getdiyi halda, ölkəmizdə bu bazar nə üçün "ölüb"? Birincisi, sığorta şirkətləri daşınmaz əmlakın sığortalanmasına meyilli deyillər, çünki ölkədəki daşınmaz əmlakı böyük əksəriyyətinin sığorta hadisəsinə qarşı "immuniteti" çox zəifdir. Başqa sözlə desək, tikilən fərdi mənzillər və sahibkarlıq obyektlərinin böyük əksəriyyəti standartlara və texniki şərtlərə uyğun inşa edilmir. Həmin standartları və texniki şərtləri tələb etməli olan dövlət qrumları isə bu məsələləri alver predimetinə çeviriblər. Hətta, yüzlərlə ailənin yaşadığı hündürmərtəbəli binalarda belə, bu standartlara və texniki şərtlərə əməl edilməsinə rüşvət müqabilində göz yumulur. Bu isə sığorta olunma proseduru bir yana, çox vaxt bədbəxt hadisələrə səbəb olur. Təbii olaraq qaydalara əməl edilmədən inşa olunan daşınmaz əmlakın bədbəxt hadisəyə düçar olmaq ehtimalı böyükdür. Sığorta şirkətləri isə ilk növbədə öz müştərisinin, məhz bədbəxt hadisəyə tuş gəlmə ehtimalını hesablayaraq onunla müqavilə bağlamağa razı olur. Bu ehtimal böyük olduqda sığorta şirkəti müştəridən ya imtina edir, ya da onun qarşısına müxtəlif şərtlər qoyur. Nəticədə sığorta müqaviləsi baş tutmur.

Digər bir problem isə ölkədəki qeyri-qanuni tikintilərdir. Son məlumatlara görə respublikamızda təxminən 750-800 min civarında sənədsiz tikinti var. Bu qəbildən olan daşınmaz əmlak avtomatik olaraq sığorta bazarından kənarda qalır, çünki belə mənzil və obyektlərin sığortalanması hüquqi baxımdan mümkün deyil. Bu yerdə bir məsələni də qeyd edək ki, bu növ öbyektlər həm də əmlak vergisindən kənarda qalır. Düzdür, bəzi yerli özünüidarəetmə qurumları - bələdiyyələr qeyri-qanuni tikililərdən əmlak vergisi yığır, amma bu qeyri-qanuni yığımlardır və dövlət büdcəsinə mədaxil edilmədən mənimsənilir. Hər bir daşınmaz əmlakdan gəlməli olan illik əmlak vergisini təxminən 50 manatdan götürsək (bunların arasında əmlak vergisi yüz manatlarla ölçülə bilən villalar da var) hər il dövlət büdcəsi bu səbəbdən 37-40 milyon manat gəlir itirir.

 Avtomobil sığortasında süni əngəllər

 Yuxarıda qeyd etdiyimiz kimi, ölkəmizdə ən geniş yayılmış sığorta növü avtomobil sığortasıdır. Bunun da əsas səbəb ondan ibarətdir ki, birincisi, bu bazarda sığorta məcburidir, ikincisi isə son illər sığorta bazarının bu seqmentinə diqqət artdığından burda vəziyyət bir qədər yaxşıdır. Yəni kimsə avtobobilini vurub əzsə, narahatlığa əsas yoxdur, maşınınızı sığrta şirkəti ya bərpa edəcək, ya da onun müqavilində pul verəcək. Lakin bu seqment də problemlərdən xali deyil. Tutaq ki, yol-nəqliyyat hadisəsi baş verdi, yol polisi hadisəyə hüquqi qiymət verib cəriməsini yazır. Bundan sonra baş verənlər sığorta hadisəsi kimi qiymətləndirilir - sığorta şirkətinin mütəxəssisi dəymiş ziyanı qiymətləndirərək hadisə yerini tərk edir. Bundan sonra sığorta şirkəti dövlət yol polisi əməkdaşının hansısa sənədini tələb edir. Polis isə buradan qazanc əldə etmək üçün vətəndaşı süründürür, sənədi gecikdirir, hətta bəzən sənədi ya tarixini qəsdən səhv yazır, hadisənin təsvirini dəyişdirir və s. Dövlət yol polisindən tələb edilən sənəd sığorta şirkətinin həyata keçirdiyi prosedurların heç birində hüquqi sənəd kimi lazım olmur, sadəcə sənədləşmədə belə bir bənd var ki, yol polisindən filan nömrəli forma alınmalıdır. Fikrimizcə, sığorta şirkəti öz biznesində səmimidirsə, ya bu sənədi polisdən özü almalı, ya da ümumiyyətlə bu sənəd tələb edilməməlidir - hadisə yerində polis və sığorta şirkətinin mütəxəssisi paralel qiymətləndirmə aparmalı, hərə öz işini görməlidir.

Bundan başqa, hazırda sığorta şirkətləri ilə vətəndaşlar arasında mübahisə doğuran məsələlərdən biri də, zərərin həcminin müəyyənləşdirilməsidir. Təcrübə göstərir ki, sığorta şirkəti həmişə müştəriyə zərərin məbləğinin yarısını təklif edir, müştəri ilə bazarlıqdan sonra ortaq məxrəcə gəlinir ki, bu da sığorta şirkətlərində qeyri-ciddi imic formalaşdırır. Əslində, şirkət ilk təklifdən real olaraq zərərin maksimum məbləğini təklif etməli və müştəri narazılıq ifadə edəndə isə mütəxəssis real olaraq əsaslandırmalıdır ki, onların hesablamaları dəqiqdir. Bu şirkətə güvəni artırar və ciddi imic formalaşdırar. Hazırda isə şirkətlə razılaşmayan müştərinin maşını şirkətə təmir üçün təhfil verilir, sonra da müştəri uzun müddət gözləməli olur, həm də keyfiyyətsiz təmirlə üzləşir. Bütün bu və digər qüsurların aradan qaldırılması üçün ilk növbədə sığorta bazarını tənzimləyən qanunlara müvafiq dəyişikliklər edilməli və sığorta şirkətlərinə qarşı tələblər ciddiləşdirilməlidir.

Fikrimizcə, müştəriyə qarşı möhtəkirliyi sübuta yetirilmiş sığorta şirkətinin üzünə bu bazarın qapıları birdəfəlik qapanmalıdır. Sığorta bazarı möhtəkirlərdən təmizlənməlidir ki, əhalinin sığorta şirkətlərinə inamı, güvəni artsın. Bazarın inkişaf etdirilməsi üçün bu çox mühüm şərtdir.

 Akif Nəsirli

0.15828990936279