"Diqlas"ın yeni tacirləri peyda olub

 

 "Gecə bir yana, ticarət mərkəzindən gündüz də oğurluqlar təşkil edilir"

 İstirahət günlərinin verdiyi imkandan istifadə edib bir neçə gün əvvəl yanan "Diqlas" TM yerləşən əraziyə baş çəkmək qərarına gəldim. İlk baxışdan diqqəti çəkən həyata keçirilən mənasız və sakinlərə əngəl yaradan tədbirlər oldu. Qara Qarayev prospekti "Neftçilər" metrostansiyasından "Xalqlar Dostluğu" metrostansiyasına qədər bağlanıb, heç bir nəqliyyat vasitəsi əraziyə daxil ola bilmir. Maraqlıdır, görəsən bu tədbir hansı məntiqlə və kim tərəfindən təklif edilib və reallaşdırılır? Ticarət məkrkəzinə yaxınlaşanda isə daha sərt "kardon"la rastlaşdıq. Obyekt polis və FHN əməkdaşlarının nəzarəti altındadır, 20 metirdən artıq obyektə yaxınlaşmaq qadağan edilib. Jurnalist vəsiqəsi də işə yaramadı. Axır ki, bir polis zabiti ilə söhbətləşmək şərəfinə nail ola bildik. Zabit bildirdi ki, yolun bağlanması təhlükəsizlik tədbiri kimi həyata keçrilib - mərkəzdə yenidən yanğın başlamaq ehtimalı olduğundan yol "təmiz" saxlanılır ki, yanğınsöndürən texnika obyektə asanlıqla yaxınlaşa bilsin. Bununla yanaşı, başqa bir FHN əməkdaşı əlavə etdi ki, obyektin qəflətən uçmaq təhlükəsi də istisna edilmir, yəni yolun bağlanması həm də vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədi güdür. Polis və FHN əməkdaşlarının bu açıqlaması məni qürürlandırdı - nə gözəl, vətəndaşlarımızın təhlükəsizliyi hər şeydən üstündür. Qara rəngə boyanmış mərkəzin ətrafında gəzişəndə "Diqlas"ın keçmiş ticarətçiləri ilə rastlaşdım. Malı yanan, zərərə düşən insanlarla təmasda olmaq həm ağırdı, həm də bu bir savabdı, - deyirlər dərd paylaşdıqca azalar, sevinc isə çoxalar. Yana-yana danışan bu insanları dinlədikcə, adam başqa bir aləmə düşür. Mən də onlara ürək-dirək verdim ki, prezident söz verib, hətta, ilkin olaraq vəsait də ayırıb, İnşəAllah dövlət sizi darda qoymaz.

Daha sonra başqa bir qrupa yaxınlaşdım - həmin adamlar ticarət mərkəzinə keçmək üçün dəridən-qabıqdan çıxırdılar. Mühafizəçilər isə hər vəchlə cavan oğlanı geri itələyir, ona müqavimət göstərirdi. Adının çəkilməsini istəməyən bu gənc ticarət mərkəzinə bu cür keçməyin qeyri-mümkün olduğunu anlayaraq kənara çəkilib tərini silə-silə bir daşın üstündə oturdu. Elə bu zaman ona yaxınlaşaraq soruşdum ki, deyirlər ora keçmək təhlükəlidir, niyə risk edirsən, canına yazığın gəlmir? Oğlan dərindən ah çəkərək dedi,

- Dayı, birin bilirsən, birin bilmirsən - ürək süfrə deyil ki, açıb töküm ortalığa. Mənim dükanımdan bir dənə də olsun mal yanmayıb, sağ-salamat yerində qalıb. Bu 3-4 gündə mağazanın yarısı oğurlanıb artıq. Mühafizəçilər özləri oğurluğu təşkil edir. Əgər binanın uçmaq təhlükəsi varsa, bu qədər mühafizəçi o binanın içərisində nə edir? Oğurluğu elə binaya keşik çəkənlər özləri təşkil edir. Gecə bir yana, ticarət mərkəzinadən gündüz də oğurluqlar təşkil edilir. Vaxtınız varsa, dayanıb gözləyin, özünüz şahid olacaqsınız".

Doğrudan da bir neçə saat ərzində mərkəzdən xeyli mal çıxardan adamlara rast gəldik. Həmin adamlar hamıdan qaçır və heç kimin də sualına cavab vermirlər. Lakin mal çıxaran adamlardan birinin şəklini çəkməyə nail oldum və özünə də xəbərdarlıq etdim ki, səni ticarət mərkəzindən oğurluq etdiyin yerdə şəklini çəkdim, səni polisə verəcəm. Belə olan halda cavan oğlan ayaq saxlayıb dedi ki, "mən heç kimin malın oğurlamamışam, çıxardığım mallar hamısı özümündür, mühafizəçilərə 100 manat verib icazə almışam, get kimə deyirsən de..."

Əslində, mənim heç kimi polisə vermək məqsədim də yox idi, sadəcə bilmək istəyirdim ki, mərkəzdən mal çıxaran kimdi-nəçidi. Malı arabaya yığan oğlan əlavə etdi ki, "malımın yarısı yoxdu, bu üç gündə oğurlayıblar. Mənim mağazam yanmayıb, salamatdır".

Ticarət mərkəzinin ətrafında hamı gecələr baş verən oğurluqdan danışır, mühafizəçilərlə mübahisə edirdilər ki, niyə oğurlayırsınız, o bizim alın tərimizlə qazanılmış əmlakdır.

Mən bir media təmsilçisi kimi, 2 saatda obyektdə nələr baş verdiyini, hətta, qiymətli metallar - qızıl-gümüş bölməsində hansı formada oğru axtarışları aparıldığını da öyrənə bildim. Məgər DİN rəhbərliyi bu binada nələrin baş verdiyini bilmir? Əslində onlar peşəkarlardırlar, onların marağı olsa, bizim  bildiklərimizdən daha artığını müəyyənləşdirə bilərlər. Elə isə nə üçün belə tədbirlər görülmür? İnsanların gözü önündə malı yağmalanır, soyulur, talanır, polis isə buna şərait yaradır. Belə bir faktla rastlaşan vətəndaşda dövlətçiliyə, hökumətə inam qalarmı? Bir tərəfdən prezident tədbirlər görüb vətəndaşı vəziyyətdən çıxarmaq istəyir, digər tərəfdən isə polis vətəndaşın dövlətə və onu idarə edən hökumətə inamına sarsıdıcı zərbə vurur. Bu gün də həmin proses davam edir. Polisə və dövlətçiliyə zəribə vuran bu əməkdaşlar dərhal ticarət mərkəzində kənarlaşdırılmalı, mühafizə yüksək təlimatlı mütəxəssislərə tapşırılmalıdır ki, mərkəzdən bir çöp də çıxarmaq mümkün olmasın. İstintaq icazə verəndə isə hər bir şəxsin salamat qalan və ya qismən zərər dəyən malı özünə təhfil verilməlidir. Bəlkə də kimlərsə bunu əhəmiyyətsiz bir məsələ sayır, lakin burada vətəndaşlara dəyən zərərdən daha çox biz dövlət olaraq, onların inamını itiririk.

 Akif Nəsirli

[email protected]

0.23593282699585