İstimai rəy idarəetmənin xammalıdır

 

Sosial Tədqiqatlar Mərkəzi üzərinə düşən yükü daşıya biləcəkmi?

 Düzü bu yazıda toxunacağım problem barədə geniş təhlil aparmaq, mühakimə yürütmək fikrindən uzaq idim. Fb.com hesabımda paylaşdığım post-a reaksiyalardan və konkret təklifdən sonra yazmaq qərarına gəldim. Əslində isə bu Azərbaycan cəmiyyəti üçün köklü problem sayıla bilər. Məsələn, bu yaxınlarda Gürcüstanda bir erməni qatilinə heykəl qoyulması barədə yazı hazırlayırdım, həmin vaxt Gürcüstanın Azərbaycandakı səfirliyinə də telefon açdım və məsələyə münasibətlərini öyrənmək istədim. Səfirlik sözçüsü mənimlə çox səmimi danışdı. Dedi ki, bu məsələ azərbaycanlılardan çox Gürcüstan hökumətini narahat edir, çünki bu olay iqtisadiyyatımızın tən yarısının investoru olan bir ölkə ilə bizim münasibətləri korlamaq təhlükəsi yaradır. Lakin səfirlik sözçüsü onu da əlavə etdi ki, bu cür məsələləri Gürcüstanda yerli özünüidarəetmə orqanları yerli əhalinin arzu və istəkləri ilə həyata keçirir, Axalkalakidə isə əhalinin əksəriyyəti ermənidir. Bu orqanların qəbul etdiyi qərarlar Gürcüstan qanunvericiliyinə və milli maraqlarına ziddi olarsa, növbəti mərhələdə hökumət qərarı ləğv edə bilər. Məsələ gürcüstan parlamentində və hökumətdə müzakirə edilib artıq, büstün götürülməsi üçün parlamentdə qanun layihəsi hazırlanıb, amma hələ də büst yerindədi. Bəlkə də bir neçə gündən və aydan sonra bu büst götürüləcək, diqqəti ona çəkmək istəyirəm ki, hətta, dövlətin maraqlarına xələl gətirən, amma vətəndaşın arzusu olan bir məsələ mütləq reallaşır. Və ya əksinə, vətəndaşa aid olan bütün məsələlərdə əksəriyyətin mandatını almayan təşəbbüs həyata vəsiqə ala bilmir. Bəs, bizdə necədir?

Ölkənin böyük şəhərlərində yollar bağlanır, marşurut istiqamətləri dəyişdirilir, xidmət formaları yenilənir, hətta, bunların bəzisi cəmiyyətə fayda da gətirir - əksəriyyəti zərərli olsa da - lakin bu işlərin heç birində cəmiyyətin rəyi soruşulmur. Soruşmurlar ki, sənin vergindən, sərvətindən formalaşan dövlət büdcəsi hesabına sənə yol çəkirik, dayanacaq tikirik, avtobus alırıq, bunu edəkmi, etməyəkmi? Günlərin birində görürsən ki, Bakının küçələrində nağılvari avtobuslar (Bakubus) şütüyür. Fəaliyyətini araşdıranda görürsən ki, bu avtobus şirkəti həm əhaliyə xidmət etdiyinə görə digər şirkətlər kimi ödəniş tələb edir, həm də ildə 20-30 milyon manat dövlət büdcəsindən dotasiya alır. Bu bizə lazımdırmı?!

Ziya Məmmədovun "bərk gedən" dövründə şəhərin bütün marşrutlarını qısaldaraq, paytaxtda bir nöqtədən başqa bir nöqtəyə getmək üçün bir marşrutdan istifadəni aradan qaldırdılar. Həmin vaxt "rəhmətlik Nəqliyyat Nazirliyi" gediş haqqlarının qaldırılması barədə Tarif Şurasına müraciət etsə də, bu müraciətlərə baxılmadı. Ziya müəllim də dünya görmüş adamdı, özünün sərnişindaşıma şirkətlərinin qazancını artırmaq üçün bu yolu tapdı. İlk vaxtlar paytaxt əhalisinə çatmırdı ki, bu marşrutları niyə tez-tez dəyişirlər, sonradan hamı anladı. Şəhərin bir tərəfindən başqa bir tərəfinə gedən marşrutu bölməklə, Tarif Şurasının imkanlarından kənar, gediş haqqı qiymətlərini iki dəfə qaldırdılar. Sahibkarlar yaxşı qazanc əldə etdi, hardan?! Əlbəttə, əhalinin cibinə girməklə...

İndi "Jurnalistlər Evi"indən "Azərbaycan" nəşriyyatına gəlmək üçün ən azı iki marşrut dəyişmək lazım gəlir. Hətta, əvvəllər, 125 saylı avtobus binanın yanına gedəndə üç avtobus dəyişmək lazım idi. Halbuki, yarım saata "Jurnalistlər Evi"indən "Azərbaycan" nəşriyyatına piyada gəlmək olar. Bu qədər yaxın məsafə üçün iki-üç avtobus dəyişmək rəsmi biabırçılıqdı, soyğunçuluqdur. Məgər bu marşurutlar hökumətlə razılaşdırılmır? Əgər razılaşdırılırsa, hökumətin mütəxəssisləri bu dəyişikliyin məram, məqsəd və ya məntiqini niyə anlamırlar, bəlkə anlayırlar, onalara da belə sərf edir, nə çıxır əhalidən çıxır, bizə nə?..

Dünya artıq sivlizasiyanın zirvəsindədir, bu zirvədə isə idarəetmə üçün ən səhih və səlis xammal cəmiyyətin rəyidir, cəmiyyətdən gələn ideyalar inkişafın hərəkətverici qüvvəsidir. Bu gücdən istifadə etməyən idarəedici heç cür ciddi uğur qazana bilməz. Başqaları bəlkə də bu uğura inana bilər, amma biz 70 il bizim rəyimizə məhəl qoymadan sözün əsil mənasında bizə xidmət edən bir rejim görmüşük. Vətəndaş heç nə tələb etmirdi, amma hökumət onun üçün həm düşünür, araşdırır və bütün gözlənilən tələbatını qarşılamağa çalışırdı. Bununla belə bu rejim uğursuzluğa düçar oldu. Bu bizim üçün bariz nəticədir. Ona görə də, cəmiyyətin idarə edilməsində ictimayi rəy əsas istiqamət olmalıdır.

Son zamanlar Azərbaycanda bu istiqamətdə müəyyən addımlar atılıb. Xüsusilə də ölkə başçısının yaratdığı Sosial Tədqiqatlar Mərkəzi bu istiqamətdə ümidlər formalaşdırır. Bununla yanaşı, böyük şəhərlərin, o cümlədən də paytaxt Bakının mer üsul-idarəçiliyinə keçrilməsi istiqamətindəki təşəbbüslər də bu baxımdan çox önəmlivə gərəklidir.

 Akif Nəsirli

[email protected]

0.18702602386475