Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətdə siyasəti fiaskoya uğrayır

 

Mübariz Əhmədoğlu:"Həmsədrilər bəyan etdilər ki, cəbhədəki sakitlik səmərəli danışıqlar üçün münbit şərait yaradır"

 

Leyla Abdullayeva: "Azərbaycan danışıqlar prosesinə sadiqdir və substantiv danışıqlara hər zaman hazırdır"

  

"Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli Helsinki Yekun Aktının prinsiplərinə əsaslanmalıdır"

 Ermənistan baş naziri Nikol Paşinyan idarəetməyə başladığı ilk gündən bəyan etmişdi ki, o, "DQ" adından danışmaq mandatına malik deyil, çünki qondarma respublikanın əhalisi Ermənistanda keçrilən seçkidə iştirak etməyib, baş nazirə səs verməyib. İlk baxışdan müasir dünya məntiqinə uyğun mühakimə kimi görünən bu fikrin davamı ona gətirib çıxardı ki, Paşinyan "DQ" erməni icması (bu ərazinin azərbaycanlı icması da mövcuddur) adından danışmağa mandatı olmadığı üçün münaqişənin həlli üzrə danışıqlara qondarma qrumu da tərəf kimi cəlb etmək təklifini irəli sürdü. Özünü demokrat sayan yeni baş nazir bu təklifə siyasətdə yeni "evrika"sı kimi yanaşsa da, zaman-zaman bu təklif erməni siyasətçiləri tərəfindən dəfələrlə irəli sürülüb və Azərbaycanın mövqeyi gözlənilmədən Minski Qrupu tərəfindən rədd edilib. Yalnız indi fərq ondan ibarətdir ki, bu dəfə ATƏT-in Minski Qrupunun mövqeyi bir qədər gecikdi, Paşinyan isə bunu öz "uğuru" kimi dəyərləndirərək, təklifi bir neçə dəfə təkrarlamaq imkanına malik oldu. Martın 9-da isə Minsk Qrupunun sabit mövqeyi yenidən səsləndirildi: "Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli Helsinki Yekun Aktının prinsiplərinə əsaslanmalıdır". Bu barədə ATƏT-in Minsk Qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovun (Rusiya) yaydıqları bəyanatda vurğulanıb.

"Həmsədrlər səmərəli müzakirələr üçün əlverişli ab-havanı dəstəkləməyin vacibliyini vurğulayır və cəbhəboyu itkilərin olmamasını müsbət dəyərləndirməyə davam edirlər", - deyə qeyd olunan sənəddə həmçinin regionda əhalini sülhə hazırlamaq istiqamətində atılan addımlar alqışlanaraq tərəfləri bu məcradakı səylərini artırmağa çağrılır.

Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin ədalətli və davamlı həllinin Helsinki Yekun Aktının müddəalarına əsaslanmasının vacibliyi vurğulanır: "Hər hansı bir prinsipi digərlərindən üstün tutmağa yönələn istənilən cəhd tarazlı çözümü mümkünsüz edəcək".

Eyni zamanda sənəddə həmsədrlərin Azərbaycan və Ermənistan liderləri və xarici işlər nazirləri ilə istənilən vaxt görüşməyə hazır olduqları diqqətə çatdırılır. Bundan əlavə, həmsədrlər mandatlarına uyğun olaraq münaqişənin dinc yolla həll olunması üçün tərəflərə kömək etmək məramına tam sadiq olduqlarını diqqətə çatdırıblar.

Xarici İşlər Naziriyinin mətbuat katibi Leyla Abdullayeva ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında qarşıdan gələn görüşü barədə bəyanatını şərh edib. Leyla Abdullayeva bildirib ki, Azərbaycan danışıqlar prosesinə sadiqdir və substantiv danışıqlara hər zaman hazırdır: "ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında görüşünə dair təklifləri olub. Qeyd etmək istərdik ki, Azərbaycan danışıqlar prosesinə sadiqdir və substantiv danışıqlara hər zaman hazırdır. Azərbaycan tərəfi münaqişənin nəticəyə yönəlik və intensiv danışıqlar yolu ilə həlli istiqamətində həmsədrlərin səylərini dəstəkləyir. Məlum olduğu kimi, indiyədək Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında 3 dəfə, xarici işlər nazirləri arasında isə 4 dəfə görüş baş tutub.

Minsk Qrupu həmsədrlərinin bu açıqlaması Ermənistana verilən bir siqnaldır, biz bunu alqışlayırıq. Prezident İlham Əliyev Minsk Qrupu həmsədrlərini qəbul edərkən, ölkəmizin bu səpkidə mövqeyini həmsədrlərin diqqətinə çatdırıb. Münaqişənin həlli üzrə danışıqlar Ermənistan və Azərbaycan arasında aparılır. Danışıqların formatı dəyişilməz qalır. Ölkəmizin işğal edimiş ərazilərində yaradılan qondarma rejimin danışıqlara cəlb edilməsi və formatın dəyişdirilməsi cəhdləri qəbuledilməzdir.

Həmçinin, həmsədrlərin açıqlamasında münaqişənin həlli ilə əlaqədar atılmalı addımlar da qeyd olunub. Burada ilkin addımlardan biri kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ətrafındakı ərazilərin işğaldan azad edilməsi və bu ərazilərdən zor gücünə qovulan məcburi köçkünlərin geri qayıtması nəzərdə tutulur".

XİN rəsmisi Dağlıq Qarabağın statusu məsələsinə də münasibət bildirib: "Dağlıq Qarabağın statusuna gəldikdə isə bu, Azərbaycanın ərazi bütövlüyünə xələl gətirmədən müzakirə mövzusu ola bilər. Azərbaycan bu xüsusda mövqeyini dəfələrlə açıqlayaraq bildirib ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın statusunu bu bölgənin hər iki icması - azərbaycanlı və erməni icması müəyyən etməlidir. Məlum olduğu kimi, xalqların öz müqəddəratını təyin etmə prinisipi dövlətlərin ərazi bütövlüyü prinsipini pozmamalıdır. Həmsədrlərin bəyanatında da Helsinki Yekun Aktı əsas tutulur. Məhz bu sənəddə qeyd olunur ki, "xalqların öz müqəddəratını təyin etməsinə hər zaman BMT Nizamnaməsinin prinsip və məqsədləri, beynəlxalq hüququn müvafiq normaları, o cümlədən dövlətlərin ərazi bütövlüyünə uyğun olaraq hörmət edilir.

Münaqişənin həlli üzrə aparılan danışıqlar prosesində maraqlı tərəflərə gəldikdə isə bu tərəflər Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarıdır və bu icmalar bərabərhüquqludurlar".

Bütün bunlar Ermənistanın baş naziri Nikol Paşinyanı başa salacaqmı? Məsələni şərh etmək üçün politoloq Mübariz Əhmədoğluna müraciət etdik. Politoloq bildirdi ki, Paşinyan savadsızlığı və həyasızlığı ilə hətta, Miniski Qrupu kimi təmkinli qurumu özünə qarşı çevirdi: "Son bəyanat ermənilərə çox sərt sillə təsiri bağışladı, bu da səbəbsiz deyil. Son zamanlar Paşinyan hökuməti tez-tez təkrarlayırdılar ki, bir qarış da torpaq qaytarmayacağıq. Xatırlayırsınızsa, Ermənistan təhlükəsizlik xidmətinin rəhbəri Artur Ovenesyan Cəbrail-Füzuli zonasına gəldi və orada "Araksavan" adlı qəsəbə salacaqlarını, bir qarış da torpaq qaytarmayacaqların söylədi. Bütün bunlara cavab olaraq, Minsk Qrupu öz əvvəlki mövqeyini yenidən təkrarladı, hər bəyanatda bu təkrarlanmır. Paşinyan dönəmində bu ilk dəfə idi, həmsədrilər bununla bəyan etdi ki, Dağlıq Qarabağ ətrafındakı 7 rayon Azərbaycana qaytarılmalı, bundan sonra Dağlıq Qarabağın statusu Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Ermənilər həmişə bəhanə edirdi ki, Azərbaycan hərbi ritorika ilə danışır, belə vəziyyətdə sülh danışıqlarını davam etdirmək mümkün deyil. Həmsədrilər buna cavab olaraq bəyan etdilər ki, cəbhədəki sakitlik səmərəli danışıqlar üçün münbit şərait yaradır".

Helsinki Yekun Aktından söhbət açan politoloq dedi ki, bu, 10 iyul 2009-cu ildə, İtalyanın Akvil şəhərində, ABŞ prezidenti B.Obama, Rusiya prezidenti D.Medvediyev və Fransa prezidenti N.Sarkozinin imzaladığı sənəddir: "Bəziləri elə düşünür ki, həmin sənədin üç prinsipindən ikisi - millətlərin öz müqəddaratını təyinetmə və dövlətlərin ərazi bütövlüyü bir-birinə qarşı qoyulub. Amma bu belə deyil, əslində bizim timsalda, bu o deməkdir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində azərbaycanlı icması ilə erməni icması bərabər hüquqludur, onlar öz müqəddaratını Azərbaycanın BMT tərəfindən tanınmış sərhədləri daxilində təyin etmək hüququna malikdir. Çünki Helsinki Yekun Aktının 8-ci prinsipi olan xalqların hüquq bərabərliyi və öz müqəddaratını təyin etmək maddəsinin birinci bəndində bildirilir ki, bu prinsip beynalxalq hüququn digər prinsiplərini poza bilməz. Bu isə ona göstərişdi ki, 8-ci prinsip tətbiq edilərkən dövlətin ərazi bütövlüyü prinsipini pozamamalıdır. Yəni Dağlıq Qarabağ erməniləri və adərbaycanlıları öz müqəddəratlarını Azərbaycanın hüdudları daxilində müəyyən edə bilər. Azərbaycanın ərazi bütövlüyünü pozmağa həm Helsink Yekn Aktı, həm də BMT qanunları icazə vermir. Helsinki Yekun Aktının ikinci prinsipi güc tətbiq etməmək və güclə hədələməmək prinsipidir ki, bu da bizim xeyirimizədir. Çünki Ermənistan güc tətbiq edərək Azərbaycan ərazilərini işğal edib, bu prinsipin tətbiqi Ermənistan qoşunlarının Azərbaycan ərazilərini tərk etməsi, münaqişənin həllinin siyasi müstəviyə keçrilməsi deməkdir".

Göründüyü kimi, ölkəmiz de-fakto məğlub durumda (torpaqları işğal altında) olsa da, Azərbaycan de-yure öz rəqibi qarşısında ciddi üstünlüklərə malikdir. Bu üstünlüklərdə nizamlanma prosesində sözsüz ki, səmərəli şəkildə istifadə ediləcək. 

Akif Nəsirli

0.18387293815613