Zəkat və onun fəlsəfəsi

 

Zəkatın lüğəti mənası təmizləmək, çoxaltmaq, böyütməkdir. İslama görə isə zəkat, varlı sayılan müsəlmanın hər ilin sonunda malının müəyyən hissəsini müsəlman fağırlarına Allah rizası üçün təmlik etməsidir, yəni həmin zəkatı fağırın mülkiyyətinə çevirməsidir. Allah qullarının Allaha qulluqdakı sədaqətinə görə, bəzən zəkata sədəqə də deyilib. Lakin sədəqə zəkata nisbətən daha ümumi anlamda işlədilir. Zəkat verməyə təzkiyə, zəkat verənə isə müzəkki deyilir.

 Zəkatın hökmü

 Zəkat İslamın beş rüknündən biridir. O, namaz və oruc kimi, hər bir müsəlman üçün fərzdir. Zəkat hicrətin (622-ci il) ikinci ilində fərz bilinib. Zəkatın verilməsi Quranda 34 dəfə zikr edilib və fərziyyəti namaz ilə birlikdə 6 ayə ilə sabitdir. "Namaz qılın, zəkat verin..." (Bəqərə 43,83, 110; Nur 56; Muzzəmmil 20; Nisə 77). Əgər namaz dini həyatın dirəyi, İslami yaşayışın təminatçısıdırsa, zəkat isə sosial həyatın istinad nöqtəsidir. Namaz qılınmayan cəmiyyətdə Rəbb kəlamları ilə yaşamaq nə qədər çətindirsə, zəkat əmrinin yerinə yetirilmədiyi cəmiyyətdə də ictimai asayiş, birlik, dirilik, dirrik, mizan və nizam bir o qədər müşkül olar. Göründüyü kimi, namaz və zəkat cəmiyyətdə bəndənin biri dini, digəri isə ictimai həyatını nizamlayan əsas dəyərlərdir. Zəkat həm dünya, həm də axirət baxımından Allahın rəhmətinə səbəb olan əməllərdən biridir. Zəkat verilən yerdə təkcə insanlar yox, onların əhatəsində yaşayan digər məxluqat da bu ilahi rəhmətdən istifadə edir. Belə ki, zəkat verilməyən yerdə həmin məxluqat olmasaydı, insanlar ilahi rəhmətin təzahürü olan yağmurdan belə məhrum edilərdilər. "Mallarının zəkatını verməyən cəmiyyətə səmadan rəhmət qapıları bağlanar. Əgər başqa canlılar olmasaydı, yer üzünə yağmur belə göndərilməz-di" Peyğəmbər(ə) kəlamıdır.

 Zəkat varlının kasıba yardımı deyil!

 Zəkat varlı müsəlmanın kasıb müsəlmana yardımı, ianəsi və sədəqəsi deyil. Zəkat şəriət qa-nunu ilə əmlak və gəlir üzərində qoyulan vergi növüdür. Başqa sözlə, o, kasıbın varlının malı üzərində bir haqqıdır. "Möminlərin mallarında dilənçinin və yoxsulun haqqı var" (Zəriyət 19). Ayəyə görə, varlı kasıbın bu haqqını ödəməyə borcludur. Zəkatı ödənməyən bir mal təmiz və halal ol-maqdan çıxar. O, qəsb edilən, sahibinə verilməyən bir haqq kimi qeyri-islami, qeyri-insafi sərvət halına düşər. Malın zəkatı ödənildikdən sonra isə həmin mal təmizə, halala çevrilər. Bu xüsusa diqqət çəkən həz.Peyğəmbər buyurub: "Malınızı zəkatla təmizləyin". Zəkat fəlsəfəsində mühüm cəhətlərdən biri, zəkat verənin zəkat alana minnət qoymaması və zəkat alanın da heç bir sıxıntı, zillət duymaması, minnət yükü çəkməməsidir. Çünki zəkat, alan şəxsin öz haqqıdır. İlahi hikmətdən doğan digər məntiqə görə, zəkat malı halal etdiyi kimi, həm də çoxaldar. Həz. Peyğəmbər sədəqə və zəkatın malın əksilməsinə yox, əksinə, çoxalmasına xidmət etdiyinə işarə vuraraq buyurub: "Zəkat maldan heç bir şey əskiltməz".

Zəkat kasıbı varlının yanına çəkdiyi kimi, varlını da Allaha yaxınlaşdırır, onun bəzi günahlarının kəffarəsinə (bağışlanmasına, səbəb olur!

Bəli, vermək Allah əxlaqıdır. Allah əxlaqı ilə əxlaqlanmaq isə hər zaman və hər məkan Allaha yaxınlaşmaqdır. Allah da Ona yaxınlaşanın malını həm halal, həm də çox edər. Deməli, zəkat bəndə ilə Rəbb arasında çox ciddi münasibətdir. Belə ki, zəkat verilən malın artması üçün Allahın mələkləri də dua edər. "Hər gün iki mələk yerə enər. Biri: "Allahım, yardım edənin malının bərəkətini artır" xeyirli dua edər. Digəri isə "Allahım, xəsislik edənin malını zay et" bədduada bulu-nar" (həz. Peyğəmbər). Rəbb isə buyurub: "Gəlirinizi artırmaq üçün verdiyiniz faiz Allah dərga-hında artmaz. Fəqət Allah rizası üçün verilən zəkat malı çoxaldar". Malı çoxaldan isə Allahdır. Peyğəmbər(ə) təbirincə, "yardım et ki, yardıma nail olasan".

 Zəkatın verilməməsinin cəzası

 Sədəqə və zəkatın verilməsinə mane olan faktorlardan biri Şeytan və nəfsdir. Onların hər ikisi sədəqə və zəkatın verilməsilə insana yoxsulluq fikrini aşılayar. Rəbb buyurur: "Şeytan sizi yoxsulluqla qorxudar və sizi çirkin əməllərə sövq edər. Allah isə öz dərgahından sizə məğfirət və lütf  vəd edir. Şübhəsiz ki, Allahın lütfü böyükdür". İnsan da daxil olmaqla bütün kainatın Sahibi zəkat verməyənlərin qiyamətdə böyük əzabla qarşılanacağını xəbər verir. "(Ya Məhəmməd!) Qızıl-gümüş yığıb, onu Allahın yolunda xərcləməyənləri şiddətli əzabla müjdələ" (Tövbə 34). Ayədəki "yığılan" mallar zəkatı ödənilməyən sərvətə aiddir. Digər bir ayədə isə Allah buyurur: "Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə xəsislik edənlər heç də bunu özləri üçün xeyirli hesab etməsinlər. Xeyr, bu onlar üçün zərərlidir. Onların xəsislik etdiyi şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah hər bir əməlinizdən xəbər-dardır" (Ali-İmran, 180).

 Zəkat necə verilir?

 İslama görə, sədəqədən fərqli olaraq zəkat açıq şəkildə verilməlidir. Yəni hər müsəlman ilin yekununa görə gəlir bəyannaməsini doldurub, zəkatı ona əsasən ödəməlidir. Zəkatın bu şəkildə verilməsi aşkarlığın, şəffaflığın, demokratiyanın təntənəsidir. Aşkar şəkildə verilən zəkat (gəlir vergisi) cəmiyyətdə yaxşı örnəkliyin əlamətidir. Bu, həm də zəkat verən üçün başqalarının sui-zənnindən, şübhəsindən qorunmaqdır. Başqa sözlə, zəkatın verilməsi malı el tənəsindən, dövlət cəzasından və axirət əzabından qorumaq üçün ən böyük mənəvi sığortadır. Peyğəmbər(ə) demişkən: "Zəkat verib, malınızı qala içinə salın". Təəssüflə qeyd edək ki, ilin yekununa görə gəlir bəyanaməsinin tərtibi və onun icrasının 1400 il bundan qabaq İslam dünyasında həyata keçirilməsinə baxmayaraq, bu gün köklü islahatlar aparan Azərbaycan da daxil olmaqla, bəzi İslam dövlətləri hələ də bu sistemi tətbiq etməyiblər. Halbuki, bu sistem bütün inkişaf etmiş ölkələrdə həm korrupsiyaya və digər  neqativ hallara qarşı, həm də demokratiyanın göstəricisi kimi, vacib elementlərdən biri sayılır.

 Zəkatın əhəmiyyəti

 Zəkatın əhəmiyyəti və onun fərz bilinməsi iki əsas faktora-fərd və cəmiyyətə bağlıdır. Fərd baxımından zəkat iki qismə ayrılır: Verən və alan tərəfdən. a) Verən tərəfdən: zəkat fərdi maddiçilikdən qoruyar, insandakı ehtiras, hərislik zəncirini qırar. Qəlbin qatılaşmasına və nəfsin azğınlaşmsına imkan verməz. Xaliqə sədaqətin, xalqa şəfqətin, mərhəmətin açarı olan zəkat, malı əbədiləşdirər, ruh və bədən arasında əlaqə yaradar. Zəkat Allaha şükrün əməli bir ifadəsidir. Çünki dil ilə edilən şükr nə qədər qiymətli olsa da, fəqət o, mal ilə edilən şükrü əvəz edə bilməz. Malın şükrü isə ancaq zəkat və sədəqə ilə mümkündür. Zəkat malı halal edər, bəndəni xəsislik və əlindəki malını düşmənçilik, qısqanclıq, oğurluqdan və küdurətli baxışlardan qoruyub təmizləyər. Zəkat malın sahibini malın əsarətindən xilas edib, onu hürriyyətə qovuşdurar. Zəkat varlının şəxsiyyətini ucaldar, onun dəyər və etibarını artırar. Zəkat müsəlmanı mal fitnəsindən qoruyar. "Sizin mal və övladlarınız fitnə və imtahandan başqa bir şey deyil. Allah dərgahındakı mükafat isə daha böyükdür" (Təğabun 15).

  1. b) Zəkatın alan tərəfdən əhəmiyyəti: Zəkat, alanı zəruri ehtiyacdan xilas edər. Çünki zərurət insanı alçalda da bilər. Təsadüfi deyil ki, Allah Rəsulu (ə)-nin dualarından biri də bu idi: "Allahım! Səndən təqva, iffət və zənginlik istəyirəm". Zəkat kasıbı əməyə sövq edər, zira "Heç kəs əsla öz zəhmətindən daha xeyirli yemək yeyə bilməz" Peyğəmbər (ə) kəlamıdır. Zəkat kasıbın qısqanclıq, həsəd duyğularını azaldıb, onu sərvət sahiblərinə qarşı düşmənçilikdən uzaqlaşdırar.

Zəkatın cəmiyyət baxımından əhəmiyyəti isə bunlardır: Zəkat bir növ sosial müdafiə və ictimai sığortadır. Çünki zəkatın hədəfi ehtiyac sahiblərinə əl tutmaqdır. Bu isə cəmiyyətin maddi və mənəvi inkişafına təkandır. Zəkat, cəmiyyətdə varlı ilə kasıb arasındakı uçurumları məhv edib, orta təbəqənin artımına səbəb olur. Zəkat sosial müvazinəti saxlayır. Məlumdur ki, bütün insanların eyni səviyyədə gəlir sahibi olması mümkünsüzdür. Çünki cəmiyyət məsuliyyət, qabiliyyət və enerji sərfi baxımından fərqli fərdlərdən ibarətdir. Məhz bu fərqlilik cəmiyyəti tarazlıqda saxlayır. "Allah ruzini vermək baxımından bəzilərinizi digərlərindən üstün edib" (Nəhl 71) ayəsi də bu ila-hi hikmətdən doğur. Ölkənin iqtisadi sütununu təşkil edən zəkat, kasıba qarşı şəfqət, zənginə qarşı isə hörmət və sevgi aşılayır. Bu baxımdan, zəkata İslamın körpüsü də deyilir.

 Zəkat kimlərə verilir?

 Toplanan zəkatlar 8 ünvana verilir. "Zəkatlar Allah tərəfindən müəyyən edilmiş bir fərz olaraq, ancaq yoxsullara, (ehtiyacı olan, lakin utandığından əl açıb dilənməyən) miskinlərə, zəkatı yığıb paylayanlara, ürəkləri (islama) isinişib bağlanmaqda olanlara, azad ediləcək kölələrə, (borcunu ödəyə bilməyən) borclulara, Allah yolunda cihad edənlərə, yolçulara məxsusdur. Allah alimdir və hikmət sahibidir!" (Tövbə 60). Çağdaş bəşərin iqtisadi təminatını bu ayənin hikmətilə təhlil etsək görərik ki, hər bir cəmiyyətin büdcədən maliyyələşdirilən kəsimi Rəbbin məlum kəlamı ilə tənzimlənibdir. O ki qaldı mal, mülk və sərvətdən zəkat verilməsinin miqdarına, onlar şəriət kitablarında müfəssəl olaraq şərh edilib.

 Mənəvi zəkatlar

 Zəkatın mənasının təmizləmək, çoxaltmaq olması heç də o demək deyil ki, mənəvi sahədə zəkat vermək qeyri-mümkündür. Əksinə, Quran hikməti və Peyğəmbər(ə) kəlamları təsdiq edir ki, mənəvi zəkat olmadan maddi zəkatdan söhbət belə gedə bilməz. Çünki maddi zəkatın verilməsi bilavasitə, zəkat verənin mənəvi durumundan asılıdır. Əgər o, mənəvi cövhərləri - qəlb və vicdanı ilə kasıbın halını duyarsa, zəkatını könüllü verib Allah rizasına qovuşar. Əks halda, yəni qəlb və vicdan oyaq olmazsa, qamçı gücünə verilən zəkatın savabı sual altında olar. Bu baxımdan peşimançılıq, göz yaşı, vicdan əzabı, qəlb ağrısı, üzr istəmə, etiraf, siyasi mədəniyyətin əlifbası sayılan, fəqət hər kişinin bacarmadığı istefa, özünütənqid, rəhbərlik etdiyi qurumda öz fəaliyyətinin müzakirəsində israrlı olmaq və s. və i. mənəvi zəkatın atributlarından sayılmalıdır.

Mənəvi zəkatdan bəzi nümunələr

  1. Haqqın zəkatı- "Haqqı demək haqdır, fəqət hər haqqı demək də haqdan deyil" (həz. Peyğəmbər).
  2. "Ən böyük zəkat biliyi bilməyənlər arasında yaymaqdır" (həz.Peyğəmbər)
  3. Vicdanın zəkatı - Allahın dəlili olan həmin cövhərin nəfsin istəyinə üsyan etməsi.
  4. Qəlbin zəkatı - "Ərşi-səmaya sığmam, mömin bəndəmin qəlbinə sığaram" buyuran Allah üçün hüznlü qəlbin gözdən çıxardığı iki damla yaş.
  5. Böyüklüyün zəkatı- etiraf, sadəlik, kiçik görünmək ustalığı.
  6. Üzün zəkatı-utanmaq, həya etmək
  7. Məcburiyyətin zəkatı- şərin yüngülünü seçmək və s.

 Sədəqə

 Yuxarıda qeyd edildiyi kimi, sədəqə ümumi anlamda işlədilər. Quran dilində eyni kökdən (Sad, Dəl, Qaf) əmələ gələn "sədəqə", "sadiq", "sidq" sözləri ana dilimizdə "səmimilik", "sədaqətli", "düz", "sadiq" anlamlarını ehtiva etdiyi üçün, sədəqəyə bəndənin Allaha qulluqdakı sədaqətinin izharı - rəmzi deyilir. Deməli, Allaha sədaqətini sədəqə vasitəsilə göstərən bəndə, həm də Ona ibadət (geniş anlamda) etmiş olur. Ümumi anlamda isə sədəqə, Allah rizası üçün imkansızlara könüllü verilən mal, pul, bilik kimi istənilən maddi-mənəvi dəyərlərə deyilir.

Sədəqələr günahlara kəffarə, qiyamətdə sahibini cəhənnəm odundan qorumağa, Rəbbin qəzəbini söndürməyə, bəla və müsibətlərə qarşı yönələn ilahi bir tövsiyə, əmrdir. Sədəqəni gizli verməyin ən mühüm faydası, sədəqə verənin riyadan, el tənəsindən qurtulmasıdır. Zira deyilib: "Sağ əl verdiyini sol əl bilməsin". Gizli sədəqə həm də alanın şərəf və ləyaqətinə hörmətdir. Rəbbimiz buyurub: "(Sədəqə) Allah yolunda canından keçərək (dolanmaq, ruzi kəsb etmək üçün) yer üzündə hərəkət edə bilməyən (və ya imkanı olmayan) yoxsullar üçündür. Belə kimsələr həyalı olub dilənçilikdən çəkindiklərinə görə, nadanlar onları dövlətli hesab edirlər. (Ya Rəsulum!) Sən isə onları üzlərindən tanıyırsan. Onlar heç kəsdən  israrla bir şey istəməzlər..."

Sədəqə və zəkatın dini-dünyəvi əhəmiyyətini göstərən  Rəbbimiz buyurub: "Verin ki, sizə də verilsin". Elə isə malımızla, pulumuzla, xoş baxış və sözümüzlə, yazımızla yardımlaşmaqla yarışaq. Ayaq üstə duran  qocaya yerimizi verməklə, şikəst insanları küçədən keçirməklə, körpələrə nəvazişlə, yaşlı insanlara diqqətimizlə, heyvan və bitkilərə mərhəmətimizlə, zəkat da daxil olmaqla sosial öhdəliklərimizi yerinə yetirməklə yardımlaşıb yarışaq.  Çünki: "Yardım et ki, yardım ediləsən".

Peyğəmbər (ə) kəlamına görə, bizə də yardım ediləcək. Özü də etdiyimizdən qat-qat artıq.

 Vaqif Cəliloğlu

Tex. elmləri üzrə fəlsəfə doktoru

0.18335008621216