İxracdan xammalı çıxsaq...

 

Bakı şəhərində sənaye mallarının istehsalı 3 faiz artıb

 Məlum olduğu kimi son illər ölkə daxilində ümumi istehsal həcmlərinin azalması və bununla yanaşı idxal həcminin artması müşahidə edilir. Ölkənin xarici ticarət balansındakı kəsiri - mənfi saldonu, yalnız təbii sərvətlərin ixracı hesabına örtmək mümkün olur. Əgər ölkəmizdə karbohidrogen ehtiyatları olmasaydı və ya ixracdan karbohidrogen məhsullarını çıxsaq, ölkənin xarici ticarətdə mənfi saldosu 7-8 milyard dollar arasında tərəddüd edərdi.  2017-ci ilin rəsmi statistik məlumatlarına görə, Azərbaycana 8,8 milyard dollarlıq mal idxal edilib, respublikamızdan isə 13,8 milyard dollrlıq məhsul ixrac edilib. Göründüyü kimi, ölkənin xarici ticarət balansında 5 milyard manatlıq müsbət saldo mövcuddur. Rəqəm olaraq bu ölkə üçün normal, MDB ölkələri arasında, Rusiya və Qazaxıstan istisna olmaqla, yüksək göstəricidir. Lakin idxal-ixrac əməliyyatlarının əmtəə olaraq təsnifatını apardıqda məlum olur ki, ölkəyə idxal edilən 8 milyard dollarlıq malın 90 faizə qədəri istehlak malları - yəni tələbatı ödəmə qabiliyyətinə malik olan hazır məhsuldur. Yerdə qalan 10 faizdən bir qədər çox olan hissə isə sənaye və istehsalatda istifadə edilən texnika, material və digər yarım fabrikatlardır. Ölkədən ixrac edilən mal və məhsulların təsnifatına nəzər saldıqda isə məlum olur ki, ixrac məhsullarının 90 faizindən çoxu neft və qaz - yəni xammal təşkil edir. İxracatımızın 1-2 faizini neft məhsulları, qalan hissəsini isə kənd təsərrüfatı malları və sənaye məhsulları təşkil edir.

Onu da vurğulamaq yerinə düşər ki, Respublikanın ixrac potensialının 95 faizini Abşeron iqtisadi rayonu, qalan 5 faizini isə digər 9 iqtisadi rayon təmin edir. Əlavə edək ki, dövlət büdcəsinin gəlirlərinin mənbəyi də iqtisadi rayonlar arasında ixracatın təminatındakı kimi xarakterizə edilir. Bunun da səbəbi ölkə iqtisadiyyatında höküm sürən disbalansla bağlıdır. Başqa sözlə desək, respublikamızın ərazisi 10 iqtisadi rayona bölünsə də, ölkə iqtisadiyyatı yalnız bir raynoda, Abşeron iqtisadi rayonunda cəmləşib. Bu səbəbdən də həm ixracın, həm də dövlət büdcəsi gəlirlərinin 90 faizindən çoxu, məhz bu iqtisadi rayonun payına düşür.

Bununla yanaşı, dövlət büdcəsinin də 70 faizindən çoxu neft gəlirlərindən formalaşır. Halbuki beynəlxalq standartlara görə dövlət büdcəsinin 25 faizindən çoxunu xammaldan gələn gəlirlər təşkil edən ölkələrin iqtisadiyyatı riskli hesab edilir. Bu səbəbdən də beynəlxalq maliyyə qurumları - Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və digərləri dövlət büdcəsinin neftdən asılılığını azaltmaq istiqamətində tövsiyyələr verir.

Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsi xəbər verib ki, bu ilin yanvar ayında Bakı şəhərində sənaye mallarının və göstərilən xidmətlərin həcmi əvvəlki ilin yanvar ayı ilə müqayisədə 2,9% artaraq 3,2 mlrd. manat təşkil edib. Əslində, bu göstərici də Bakı şəhəri üçün iqtisadi uğur sayıla bilər. Lakin bu artımın struktur təhlilinə baxanda yenə yuxarıdakı mənzərə göz önünə gəlir. Məlumata görə, sənaye məhsulunun 83,2%-i mədənçıxarma (neft sənayesi), 14,5%-i emal (neft sənayesi), 1,7%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 83,6% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 87,8%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 12,2% təşkil edib. Göründüyü kimi, bu artımın da 97,7 faizi neft sənayesinin payına düşür.

Bütün sadalananlara yekun vuraraq, qeyd edək ki, ölkə iqtisadiyyatını neftdən, idxaldan və Abşeron iqtisadi rayonundan asılılığını azaltmaq məqsədi ilə ortaya konsepsiya qoyulmalıdır. Problemlər o qədər də sadə deyil ki, bir mütəxəssisin hazırladığı təkliflərlə həll edilsin, bunun üçün bütöv bir kamanda tam məsuliyyəti ilə işləməlidir. Hesab edirik ki, indiki hökumətin belə bir kamanda formalaşdırmaq və sadalanan problemləri həll etmək gücünə malik proqram hazırlamaq potensialı var.

 Akif Nəsirli
[email protected]

0.21908903121948