Asma körpüdən asılı qalan Agentlik "Şamaxinka"dakı göz dağı niyə "müalicə" olunmur?

 

Əhalinin həyat şəraiti, dolanışığı hələ arzu olunan səviyyədə deyil

 Əhalinin həyat şəraiti, dolanışığı hələ arzu olunan səviyyədə deyil  Təsəlliverici hal odur ki, buradakı problemi ölkə başçısı da bilir və onun həlli istiqamətində gərgin iş aparır. Müxtəlif sahələri əhatə edən islahatlar paketi, qərarlar, dövlət proqramları qəbul və icra edilir ki, əhalinin normal yaşayışı təmin olunsun, maddi rifahı yüksəlsin.

 Xüsusilə, prezidentin bu ilin əvvəlindən bilavasitə vətəndaşların sosial qayğıya ehtiyacı olan hissəsinin maddi durumlarının yaxşılaşdırılmasına yönəlik atdığı çox vacib addımlar deməyə əsas verir ki, bu sahədə mövcud olan çatışmazlıqlar da, yaxın zamanlarda öz həllini tapacaq. Prosesin tərkib hissəsi kimi, vətəndaşların sosial qayğılarını yüngülləşdirmək, onların rahatlığını təmin etmək, hakimiyyətin daim diqqətdə saxladığı sahələrdən biridir.

Son illər bu sahədə görülən işlərə nəzərən, əminliklə söyləmək olar ki, bu sahədə olan və illərlə həllini gözləyən problemlər tam aradan qaldırılıb. Belə ki, həyata keçirilən tədbirlər nəticəsində ölkə üzrə qazlaşdırma 96-97% təşkil edir ki, böyük ehtimalla ilin sonuna bu rəqəmin faiz göstəricisi yüzə çatacaq. Bu gün Azərbaycanın ən ucqar dağ kəndləri belə, mavi yanacaqla təchiz olunub, elektrik enerjisi ilə bağlı problemlər tam aradan qaldırılıb, içməli su problemi həll edilib.

Ən önəmlisi və dövlət başçısının daha çox diqqət ayırdığı yol infrastrukturunun yenilənməsi ölkə boyu reallaşdırılıb. Təbii, iş olan yerdə xırda çatışmazlıqlar, səhvlər, problemlər də olur, ancaq bəzən həlli çox asan elə məsələlər də olur ki, onun illərlə həll olunmaması təəccüb və təəssüf doğurur. Hesab edirik ki, görülən qlobal işlərin müqavilində belə problemlərin uzun müddət həll olunmaması, sadəcə məmur məhsuliyyətsizliyinin, yaxud səhlənkarlığının nəticəsidir. Konkret danışacağıq və heç də gözdən, könüldən uzaq hansısa əyalətdən deyil, paytaxtın giriş qapısı sayılacaq məkanda həllini gözləyən problemi gündəmə gətirəcəyik.

Bəli, söhbət Bakının giriş qapılarından biri hesab olunan "Şamaxinka"deyilən ərazidəki yol qovuşağındakı hələ də həllini tapmayan acınacaqlı vəziyyətdən gedir. Sumqayıt, Xırdalan kimi böyük şəhərlərdən gələn insanların, o cümlədən, 2-ci Alatava sakinlərinin (xüsusilə məktəb yaşlı uşaqların) hər gün istifadə etdiyi bu yolqovuşağı (məktəblilər hər dəfə 4 yol keçməli olur) uzun illər nəzarətdən kənarda qalıb, nəticədə maşınların intensiz hərəkət etdiyi yol qəza ocağı, əsəb mənbəyinə çevrilib.

Nəhayət, 9 il əvvəl keçidlərə işıqforlar quraşdırılıb, ancaq burada insan və maşın axını o dərəcədə çoxdur ki, işıqforla bu problemi çözmək mümükün deyil və üstəlik 25 saniyəlik qırmızı işıq yolda sonu görünməyən tıxaca səbəb olur.

Görünür, bu anormallığı hərəkətin tənzimlənməsinə cavabdeh qurumlar, ilk növbədə Avtomobil Yoları Dövlət Agentliyi də nəhayət ki, anlayaraq (halbuki problem ölkə mətbuatında az qala 20 ildir ki, qaldırılır, telekanallar ərazidəki bərbad vəziyyəti işıqlandırırdı-Ş.S) sözügedən ərazidə asma körpü tikməyə qərar verib.

Bax, elə bizim gündəmə gətirmək istədiyimiz, bizi bu yazını yazmağa sövq edən də, məhz inşasına səkkiz ay əvvəl start verilən körpünün bu gün göz dağına çevrilməsidir. Səkkiz ay (bəlkə də çox) öncə çuxurlar qazıldı və bu hadisədən xəbər tutanları, ilk növbədə hər səhər 6-7-8 yaşlı övladını dörd gözlə, dörd ayrı-ayrı maşın yolundan keçirib məktəbə aparan 2-ci Alatava sakinlərini sevinirdi. Amma və lakin iki ay qazılı və hasara alınmış halda qalan bu çalaya, nəhayət beton töküldü. Sevinənlər yenə sevindi, fəqət, daha dörd ay yer betonlu vəziyyətdə qaldı.

Üstündən bir müddət keçdi və hazırda tikintisi çoxdan başa çatmalı olan asma körpüdə vəziyyət şəkildə gördüyünüz kimidir.

Hansı ki, təkcə son bir ildə prezident bu kimi xırda problemi həll etməyə məsul qurum olaraq Avtomobil Yolları Dövlət Agentliyinə üst-üstə milyard manatlarla pul ayırıb. Əlbəttə, qurumun torpaqdan qızıl qazananların belə bir vacib işə həvəssiz (əslində isə məhsuliyyətsiz) yanaşmasının əsl səbəbi bizlərə də məlumdur.

Bəs necə, o körpü yeraltı keçid olsaydı çoxdan istifadəyə verilmişdir, çünki torpaq işindəki "Forma-2"-dən heç SSRİ kimi qanunlara ciddi əməl və nəzarət olunduğu dövlətdə belə baş açmaq mümkün olmayıb. Burada isə Saleh müəllim adlı "daş", Tibilis prospektindəki qayaya (tunelə-Ş.S) rast gəlib və məcburdur ki, dəmir konstruksiyalardan yerüstü körpü tiksin. Əlacsızdır, çünki bu dəfə görəcəyi işlər yerin üstündə, özü də metrlə ölçülə bilən dəmir parçalarıyladır. İnsanların həsrət və ümidlə gözlədiyi, məhz tamah səbəbindən aylardır ki, belə yarımçıq (şil-Ş.S) vəziyyətdə göz dağı kimi qalır. Yəqin inşasına ayrılan vəsait də, çoxdan həzm-rabedən keçirilib və səsi də uzaq Çexiyadan gəlir. Hər ehtimalla, qarşı tərəfin bəraətverici arqumentlərini də eşidək. Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yoları Dövlət Agentliyinin mətbuat xidmətinə müraciət etdik.

Mətbuat xidmətindən bildirildi ki, həmin ərazidə işlər davam edir. Asma körpünün pilləkənləri və dayaqları artıq inşa olunub. Körpü dəmir konstruksiyadan ibarət olacaq. Dəmir konstruksiya isə zavod şəraitində yığılır, hazır olan zaman gətirilib körpünün üzərinə mantaj olunacaq. Körpünün bu ilin sonunadək təhvil verilməsi gözlənilir. Bax belə! P.S: Yazı capa gedərkən grazidə olan əməkdaşımız telefonla bildirdi ki tikinti gedən ərazidə fəhlələr görünür.

 Şahnaz Salehqızı

0.17599606513977