Zənginliyin ünvanı

 

“Seyrçi” deyil, tamaşaçı olaq!

 Şekspirsayağı ifadə etsəm, həyat bir səhnəni, insanlar da rolları paylaşmaqdadır. Həmin deyimin məcazından baxanda, insan ömrü elə rollara bölünüb - əsas və epizodik anlamda. Bu klassik deyimin tam həqiqətə çevrilməsi isə, yaxşı ki, baş tutan iş deyil. Ona görə də, bizlərə xatir, bu deyimin məcaz olaraq qalması daha məqbuldur. Elə insanlar da xarakter olaraq daha çox imitasiyaya meyllidir, nəinki əsas olanı özündə əks etdirməyə. O halda, nə yaxşı ki, həyat həqiqi səhnə, bizlər də aktyorlar deyilik. Hərçənd, təkrarçılıq olmasın, ömrümüzdə müxtəlif rolları paylaşırıq - əsas və epizodik anlamda...

Düşünürük ki, əsas rolumuz bir ailənin (başçının kişi və ya qadın olmasından asılı olmayaraq) maddiyyat yükünü daşımaqdan ibarətdir. Bacardığımız qədər də maddiyyat məsələsini hərtərəfli həll etməli, bu rolu şərəflə daşımalıyıq. Epizodik rolda olanların belə bir məsuliyyəti isə, adətən, elə rollarının əhatə dairəsi qədər olur. Maddiyyatın həndəvərində olan və onun simasını tamamlamağa xidmət edən bu məqamlarla əsas vəzifəmizi bitmiş sayarıq. Elə bilirik, maddi olanları həll etməklə, onun təminatından əldə etdiklərimizi həzm etməklə rolumuzu qədərincə yerinə yetirdik.

Amma başqa mənalar, dəyərlər də var həyatda. Əsas və epizodlardan əlavə, insanın həyatını gözəlləşdirən üçüncü bir nəsnənin olmasını nədənsə görməzdən gələrik. Bizi maddiyyatın daimi narahatlığından qurtaracaq, ya da ki onun fikir-zikrindən uzaqlaşdıracaq, yaxud da, həyata yalnız maddiyyat üçün gəlmədiyimizi anladacaq o dəyəri, mənəviyyatı gözəlləşdirəni, dünyagörüşü zənginləşdirəni görmək istəmərik.

Biz onu həyatın əsası, mənası hesab etməsək də, istər-istəməz hamımızın daxilində ondan bir zərrə var. Bu zərrə də bəzimizdə lirik bir mahnı, gözəl bir rəsm əsəri, bəzimizdə maraqlı bir kino ya sənədli film, bir qismimizdə sanballı bir əsər, yaxud, möhtəşəm bir aktyor oyununundan ibarət teatr tamaşası formasında təzahür edir. Dediyim kimi, hamının daxili aləmində, iç dünyasında az-çox, ondan var. Amma bəziləri üzərinə düşən ağır ailə yükünün, yuxarıda qeyd etdiyimiz tükənməyən maddiyyat ehtiyacının qarşısında onu görməyi yersiz sayar. Bir qisim isə, bu tələbatı - mənəvi tələbatı ödəmək üçün nə vaxtsa vaxt tapacağına ümidlə maddiyyatla çarpışaraq ömrünü-gününü yelə verər...

“Nə vaxt” elə indidir. Ona görə də, bir anlıq əl saxla, dinlə! Bütün işlərə lazımınca vaxt çatdıracağına, səndən gözləniləni idealcasına həll edəcəyinə ümid etmə, insan övladı. Nə qədər sürətli manevr etsən də, işlərini iç-içə düzsən də, işin içində iş görsən də, tükənməz işlərin öhdəsindən layiqincə gəldiyini düşünmə! Öhdəndə olan işlərin hərəsindən yalnız bir azca edə bilərsən. Dayanmadan çalışsa da, ideal nəticə bəni-adəmə xas olan cəhət deyil axı. İnsan varsa, yarımçıqlıq, natamamlıq, səhvlər də təbiidir. O zaman maddiyyatın məngənəsindən qopub mənəvi olana da dön! Mənəviyə dönmənin mütləqliyini bundan sonra oxuduqlarında ötəri də olsa, görəcəksən. Görəcəksən ki, min illərdir həyatda maddi ehtiyaclar olub və olacaq. Qaçacaq yer yoxdur. Onlardan qaçacaq yer bayırdakı xaotik ab-havadan, bitib-tükənməyən qayğılardan uzaqlaşdıran, yalnız mənəvi təskinlik tapdığın və ruhən dincəldiyin bir aləm ola bilər ki, ona da bu qarışıqlıqdan “oğurladığın” azacıq vaxt lazımdır. İndi deyəcəyim, insan həyatının əbədi ehtiyaclarına aid rəqəmlər milyonları deyil, milyardları əhatə edir. O da ondan

ibarətdir ki, keçən il tək paytaxtda ticarət dövriyyəsinin həcmi 20 milyard 797,3 milyon manat olub. Özü də bu həcm 2017-ci illə müqayisədə 3,8 faiz artımla qeydə alınıb. Ərzaq məhsulları, içkilər, tütün məmulatlarının dəyəri əvvəlki illə müqayisədə 3,4 faiz artaraq 10 milyard manatı keçib. Elektron qaydada pərakəndə ticarət şəbəkəsində 36,6 milyon manatlıq istehlak məhsulları satılıb.

Bu ilin bir ayı ərzində isə əhali istehlak məhsullarına 2,9 milyard manat xərcləyib. Yanvar ayında əhalinin ərzaq məhsulları, geyim və ayaqqabı, elektrik malları və mebellər, əczaçılıq və tibbi mallar, kompüterlər, telekommunikasiya avadanlıqları, hətta içkilər və tütünə xərclədikləri vəsaitin faizi bütövlükdə heç də az rəqəmi ifadə etmir. Onların sırasında ərzaq xərcləri digərlərini üstələyərək, 44 faizi keçib. Əhalinin bir nəfərinə düşən orta pərakəndə ticarət dövriyyəsi 293,8 manat və ya keçən ilin müvafiq ayının göstəricisindən 8,1 manat çox olub. Ölkə sakininin hər biri orta hesabla ay ərzində 147,6 manatlıq ərzaq məhsulu, içki və tütün məmulatı, 146,2 manatlıq isə qeyri-ərzaq məhsulu alıb...

Diqqət etdinizsə, sadalanan rəqəmləri ifadə edən məhsullar yalnızca ərzaqdan, geyimdən, mebeldən, kompüter və o seriyadan olan elektron avadanlıqlarından, habelə, içkidən, siqaretdən ibarətdir. Siyahıda insan həyatı üçün vacib-qaçılmaz olanların hamısına yer çatıb, xərc çəkilib, bircəsindən savayı. Haqqında danışdığım mənəviyyatın ehtiyacı, həyatın əslində, vazkeçilməz bir dəyəri yaddan çıxıb. Doğrusu, yada düşməyib.

Ona gündəlik məişətimizdə vaxt çatdırmasaq da, o ehtiyac bizimlə addım-addım gedir. Ona ehtiyacın ödənməsini öz aləmimizdə mənasız-məzmunsuz seriallara baxmaqda görürük. Halbuki, mənəviyyatın cilalanması, kamilləşməsi heç də serialların tamaşaçısı olmaqda deyil.

O, dəyərsiz bir məşguliyyət, vaxt itkisi, ömrün-günün oğurlanması hesab edilsəydi, əski dövrlərdən teatra maraq oyanmazdı. Neft bumu şəhər əhalisinin marağını mədəniyyətə, incəsənətə çevirməzdi. Nəticədə, 1883-cü ildə milyonçu-messenat Hacı Zeynalabdin Tağıyev Bakıda teatr binası tikdirməzdi. Xeyriyyəçi-neftxuda teatr binasının layihəsi üçün əcnəbi memar Koçnovitskiyə ağız açmazdı...

Mart ayı başlayandan hamı özgə bir əhvaldadır. Əksəriyyətin dilindən Novruzla bağlı arzular, planlar düşmür. Bu arzuların əsasında yenə də maddi olanlar dayanır - şəkərbura-paxlava, qoz-fındıq, şirniyyat, bəzi hallarda (çox az hallarda) bayramın milli adət-ənənədən dolayı vacibliyindən doğan söhbətlər, vaxtı-imkanı olanların yaxın-uzaq ölkələrə şopinq səyahətləri və s.

Amma kimsənin dilindən eşitmədim ki, mart ayında olacaq tətil günlərində hansısa tamaşaya bilet axtarışındayam (Halbuki, istənilən tamaşaya biletləri bütün məktəblilərə elə sinifdəcə paylayırlar). Ya da, “teatra getmək, orda mənəvi qida almaq, ruhən dincəlmək üçün gərəkdir bütün işlərimi qurub-qoşam”. Eşitmədim və buna ümidim də yoxdur. Uşaqlara satılası biletlər az keçməmiş teatrın kassalarına qaytarılırsa (Bir qisimdən savayı), onlar gözüyaşlı halda valideynlərindən hesab soruşursa və böyüklər də balalara verməyə tutarlı cavab tapmırsa, ümid elə başlanğıcda ölür.

İlk siniflərdən məktəbli çantalarına qoyulan şirniyyatlar, şirələr övladınızın bir neçə anlıq damaq ləzzətinə, yemək həzzinə xidmət edə bilər. Tələbələrin bəzən mənasız cibxərcliyinin onun aylıq xərcinin əhəmiyyətsiz hissəsini təşkil etdiyini mən deməsəm də bilirsiniz, əziz həmvətənlərim. Siqaretin, bütün tütün məmulatlarının dumanından, içki məhsullarının başgicəlləndirici həzzindən bir anlıq ayılmaq mümkün olsa, nə qədər səmərəsiz xərclərə rəvac verdiyinizə də əmin olacaqsınız. Bütün xərclərinizin içində təkcə biri, mədəniyyət, incəsənət ocaqlarına getmək üçün ayırmadığınız manatlar sizi əsirə çevirən maddiyyatın məngənəsindən qurtara bilər.

Eləsə, tələsin, mart ayı bayramlar ayıdır. Bu ayda bəlli bir gün də var ki, onunla milli teatrımızın yaranmasını qeyd edirik. Hansı tarix olduğunu demək fikrim yoxdur, teatra gedin ki, o tarixi də biləsiniz.

Teatra gedin və ruhunuzu azad edin. Hərdənbir tamaşalara baxın, həqiqi tamaşaların orda olduğunu, aktyorların isə səhnədə rol aldığını görün. Həyatın bir səhnə, insanların isə aktyor olmadığına inanın, oyunçular əslində, həyatdakı rolumuzu bizə səhnədən peşəkarcasına, sənətkarcasına göstərənlərdir. Bir də, heç vaxt maddiyyat üçün çarpışan əzabkeş rolu oynamayın. Ən sonda, “pulum yoxdur deyə, teatra getmirəm” kimi “əsaslar” səsləndirməyin. Zatən, ərzağa və qeyri nələrə milyardlar dağıdan millətimin mənəvi zənginliyə xərcləməyə bir neçə manatı olmamış deyil...

 Nigar Orucova 

0.2104811668396