Gündəlik hava proqnozu özünü minimum 90 faiz doğrulmalıdır

 

Bir sıra televizya aparıcıları hava proqnozunu elə səsləndirirlər ki, heç nə başa düşmək olmur

 Gülşad Məmmədova: "Milli Hidrometrologiya Departamenti Fransadan Avropa standartlarına uyğun hazırlanan, müasir

tələblərə cavab verən 67 avtomat stansiya alıb, qarşıdakı illərdə digər stansiyaların da yenilənməsi nəzərdə tutulub"

 Cəmiyyət həyatının bir elementinə çevrilən hava proqnozunun əhəmiyyəti svilizasiya inkişaf etdikcə daha da artır. Hava proqnozu insan fəaliyyətinin ən müxtəlif sahələrində özünü göstərir. Əvvələr biz küçəyə çıxmazdan əvvəl ən azı geyim seçmək üçün pərdəni çəkib pəncərədən bayıra baxardıq. Amma indi smartfonun həssas monitoruna barmağımızı toxundurmaqla küçədə havanın vəziyyəti barədə məlumat ala bilirik. Bu, hava proqnozundan ən sadə və kütləvi istifadədir, lakin həmin məlumatlardan istifadə bununla məhdudlaşmır, daha geniş spektrə malikdir.

İqtisadi fəaliyyət sferasında daha çox hava proqnozlarından faydalananlar dənizçilər, nəqliyyat sahəsində çalışanlar və fermerlərdir. Əvvəlki iki sahənin hava proqnozuna olan ehtiyacı yəqin ki, hamıya aydındır. Ölkəmizdə kənd təsərrüfatının inkişaf etdirilməsi, hökumətin priaritetlərindən biridir. Bu sahədə isə hava şəraiti barədə qabaqcadan məlumatın olması çox vacibdir. Məsələn, ölkəmizdə son illər pambıqçılığın inkişafına xüsusi diqqət yetirilir. Bu bitkinin vegitasiya dövrünün müəyyən edilməsi üçün çoxillik hava proqnozunun təhlili böyük önəm daşıyır. Çünki pambıq havanın isti vaxtı inkişaf edir və məhsul verir. Məhsul yığımı vaxtı isə yağışlı hava məhsulun keyfiyyətinə mənfi təsir göstərir. Əvvəllər hətta, yağışlı hava proqnozu veriləndə pambıq əkilən bölgələrdə qabaqlayıcı tədbir kimi toplarla buludları vurub dağıdırdılar və bununla da yağışdan yan keçmək mümkün olurdu.

Bununla yanaşı, istixanaların qızdırıcı sistemlərinin söndürülməsi, izolyasalarının açılması dövründə hava proqnozu çox əhəmiyyətlidir. Yeri gəlmişkən, qeyd edim ki, 2004-cü ilin aprel ayında havanın bir neçə saat ərzində kəskin dəyişməsi istixana təsərrüfatına külli miqdarda ziyan vurmuşdu.

İrimiqyaslı atmosfer proseslərinin təhlili əsasında havanın gələcək vəziyyəti haqqında irəli sürülən elmi fikir hava proqnozu adlanır. Qısamüddətli (bir ayadək və daha artıq) olur. Həm müəyyən ərazi (vilayət, ölkə, rayon, dəniz akvatoriyası və s.), həm də ayrı-ayrı yaşayış məntəqələri, aeroport, nəqliyyat yolları, otlaqlar və s. üçün tərtib edilir. Xalq təsərrüfatının ayrı-ayrı sahələrinin işində çətinliklər törədən və onlara zərər vuran, həmçinin əhalinin təhlükəsizliyini qorxu altına alan təhlükəli hava hadisələri (siklon, tufan, duman, çovğun, güclü külək, toz fırtınası, şaxta və s.) də xüsusi hava proqnozularına daxildir. Hava proqnozu sinoptik meteorologiyanın məlumatları əsasında tərtib olunur.

Meteorologiya termini antik dövrlərdə yaranıb. Ancaq fizikanın bölməsi kimi XVII əsrdən inkişaf etməyə başlayıb. Bu dövrdə italyan alimləri Q.Qaliley və E.Torriçelli ilk meteoroloji cihazları (termometr və barometr) ixtira ediblər. Tədricən meteoroloji stansiyalar şəbəkəsi yaradılıb və daha sonra sistematik olaraq meteoroloji müşahidələrin aparılmasına başlanılıb. Meteorologiyanın sonrakı inkişafı bu sahədə stansiyalar şəbəkəsinin genişləndirilməsi, atmosferdəkı müxtəlif hadisə və proseslərə dair xüsusi müşahidələrin yaranması və başqa yeniliklərlə əlaqədar olub.

 Ekspert dəyərləndirmələri

 Müstəqil ekoloq Sevil Yüzbaşova bizimlə söhbəti zamanı bildirdi ki, Azərbaycanda hava proqnozunun hazırlanmasında ciddi problem görmür, amma bu məlumatların televizya vasitəsi ilə əhaliyə çatdırılmasında ciddi problemlər var: "Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları hava haqqında proqnozu çox yaxşı səsləndirir. Lakin həmin məlumatları bir sıra televizya aparıcıları elə tərzdə deyir ki, onun danışdığı mətindən heç nə başa düşmək olmur. Qonşu ölkələrin təcrübəsindən yararlanmaq lazımdır. Düşünürəm ki, məhsulun (hava haqqında proqnoz) sahibi kimi nazirlik bu məsələni nəzarətə götürməlidir. Hətta, bəzi telekanallarda köhnə məlumatlar səsləndirilir ki, bu da cəmiyyətdə "səhv proqnoz" barədə rəy formalaşdırır. Son illər hava proqnozunun keyfiyyəti qənaətbəxş sayıla bilər. Nazirlik tərəfindən monitorinqlər aparılır, nəticələr təhlil edilərək gündəlik hava proqnozu tərtib edilir. Lakin qeyd etdiyim kimi, məlumatın əhaliyə çatdırılmasında cəddi problemlər var".

Müstəqil ekoloq Telman Zeynalov isə bildirdi ki, nə SSRİ dövründəki, nə də indiki hava proqnozu onu bir mütəxəssis kimi qane etmir: "Birincisi, aylarla hava proqnozu işlənilir, bunun da heç 50 faizi düz çıxmır. Ciddi hava proqnozu həftəlik verilə bilər, bu da ən yaxşı halda 60-65 faiz özünü doğruldar. İkincisi, bizdə hava proqnozu tərtib edilərkən başqa ölkələrin hidrometralogiya mərkəzlərinin saytına əsaslanırlar ki, bu da düzgün deyil. Biz ilkin monitorinqə əsaslanaraq hava proqnozu tərtib etməliyik. Mən şahidi olmuşam, Hidrometrologiya mərkəzində internetdən metireoloji xəritələri götürüb onun üzərində küləkləri nəzərə alaraq işləyirlər. Lakin bizimkilər tropapauzada olan külək axınını nəzərə almırlar. Tropapauzadakı küləklərin istiqaməti müəyyənləşdirilib, nəzərə alınsa, hava proqnozu 20-30 faiz daha dəqiq olar. Bütün bunlar nəzərə almadıqlarına görə ETSN-nin hava proqnozları yalnız 60-70 faiz özünü doğruldur. Xarici hidrometroloqlar tropapauzadakı hava axınını müşahidə edə bilmir, amma biz ərazidəyik, onu müşahidə edirik, ancaq nədənsə nəzərə almırlar, bu da məlumatın keyfiyyətinə təsir edir. Əslində, gündəlik hava proqnozu özünü minimum 90 faiz doğrutmalıdır".

 Rəsmi movqe

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova bizimlə söhbətində vurğuladı ki, son illər hava proqnozlarının tərtib edilməsində müasir texnologiyalardan və avadanlıqlardan istifadə edilir: "Zaman axarında texnika və texnologiya mütəmadi olaraq yenilənir. Son 2-3 il ərzində stansiyaların avtomatlaşdırılması prosesi aparılıb. Milli Hidrometrologiya Departamenti Fransadan Avropa standartlarına uyğun hazırlanan müasir 67 avtomat stansiya alıb, qarşıdakı illərdə digər stansiyaların da yenilənməsi nəzərdə tutulub. Həmin stansiyalarda toplanan informasiya elektron poçt vasitəsi ilə davamlı şəkildə mərkəzə ötürülür. Həmin informasiyalar gün bazasında toplanaraq arxivləşdirilir. Görülən tədbirlər nəticəsində ölkəmizdə hava proqnozunun doğrulma səviyyəsi 90-95 faizə çatdırılıb. Əldə edilən proqnozlar gün ərzində müxtəlif vasitələrlə idarə - təşkilatlara və vətəndaşlara çatdırılır. Proqnozlar gündəlik, üç günlük, həftəlik və aylıq proqnozlar şəklində tərtib edilir. Ən uzun müddətə tərtib edilən proqnozlarımız belə 90 faiz özünü doğruldur, buna hava proqnozunun tərtib edilməsində tətbiq edilən müasir texnika və texnologiya vasitəsi ilə nail olunur".

Hava proqnozunun əhaliyə və təşkilatlara çatdırılmasından danışarkən direktor dedi ki, biz hava proqnozları bülleten şəklində hazırlayaraq nazirliyin müvafiq saytında hər gün yerləşdiririk, elektron poçt və faksla müvafiq təşkilatlara göndərilir.

Telekanallarda hava proqnozlarının bəzən fərqli verilməsinə münasibət bildirən G.Məmmədov diqqətə çatdırdı ki, bu, artıq daha çox telekanalların məsuliyyətidir, amma biz telekanallarda verilən hava proqnozlarının monitorinqini aparırıq, kənarlaşmalar qeydə alındıqda dərhal əlaqə saxlayırıq və növbəti buraxılışda xəta aradan qaldırılır.

Məlum olduğu kimi, inkişaf etmiş ölkələrdə hava kəskin dəyişdikdə saatbasaat əhaliyə mobil operatorlar vasitəsi ilə operativ məlumatlar çatdırılır, evdən çıxan hər kəs bilir ki, bir saatdan sonra leysan yağacaq, qasırğa və ya tufan başlayacaq. Havanın qəflətən kəskin dəyişməsi zamanı məlumatın cəmiyyətə operativ çatdırılmasında mobil rabitədən istifadə edilməsi barədə danışan direktor bildirdi ki, bu istiqamətdə işlər gedir, yəqin əhali yaxın gələcəkdə bu xidmətdən də faydalana biləcək: "Lakin hal-hazırda bizim uzun müddətli hava proqnozumuzun doğrulma səviyyəsi 90 faizdən çox olduğuna görə, kəskin hava dəyişikliyi barədə məlumat ən azı bir neçə gün öncə bəlli olur. Ona görə də vətəndaşlarımızı kəskin hava dəyişkənliyi qəflətən yaxalamır, ən azı bu hadisəyə bir neçə gün qalmış bu barədə intensiv məlumatlar verilir. Yanvar ayının 16-17 tarixində belə bir hadisə oldu və ölkə bu hadisəni itkisiz ötüşdürə bildi. Bu işdə Milli Hdrometrologiya Mərkəzinin Hava Proqnozları Bürosunun danılmaz əməyi var".

Qeyd edək ki, dünyanın inkişaf etmiş ölkələrində hava proqnozlarına cavabdeh olan dövlət qurumu proqnozların əhaliyə çatdırılmasında KİV-lərə nəzarət funksiyasını da öz üzərinə götürür. Əvvəla, proqnoz dərhal patentləşdirilir və onu yayan KİV müəyyən ödəniş qarşılığında həmin patenti ala bilir. Digər tərəfdən, hava proqnozunu alan KİV onu səlist mətinlə və dürüst şəkildə yaymağa borclu sayılır. KİV bu qaydalara əməl etmədikdə, işin öhtəsindən gəlmədikdə isə cəzalandırılır. G.Məmmədovanın sözlərinə görə, bizdə də Hava Proqnozları Bürosu Telekanallarda hava proqnozunun yayılmasının monitorinqini aparır və lazım gəldikdə müdaxilə edib xətaları aradan qaldırılır. Amma yaxşı olar ki, ölkədə bu məsələnin qanunla tənzimlənən mexanizmi hazırlansın və tətbiq edilsin.

 Akif Nəsirli

 Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün çap olunub.

0.17922592163086