Aliment qalxdıqca boşanmalar da artır

 

Telekanallar da körpüləri yandırmaqla məşğuldur

 Son günlərin ən çox danışılan, müzakirə olunan məsələlərindən biri də (bəlkə də gecikmiş müzakirədir, amma ziyanın yarısından qayıtmaqda da fayda var-Ş.S) artan xətt üzrə gedən boşanmalarla bağlı məsələdir. Bir az dərindən yanaşanda, statistik rəqəmlərə nəzər yetirəndə görürsən ki, həqiqətən də danışılası, hətta həyəcan təbili çalınası bir problemlə qarşı-qarşıyayıq. Bu məsələdə narahatlıq doğuran əsas məqamlardan biri də ondan ibarətdir ki, sanki cəmiyyətdə bu olaya səthi, sıradan bir məsələ kimi baxmaq tendensiyası formalaşıb, başqa sözlə, problem insanların nəzərində adiləşib. Halbuki, əvvəllər ən ucqar bir kənddə belə, bir ailənin dağılması xəbəri az qala bütün rayona yayılır, müzakirə edilir, çıxış yolları aranır, bölgənin hörmətli ağsaqqalları qabağa düşüb barış yaratmağa çalışır və əksər hallarda bu missiya uğurla başa çatırdı. Dəyişən zamanla dəyişən dəngələr, sürətlə artan boşanmalar, artıq bu ənənəni də sıradan çıxarıb. Bu gün toyuna gedib şahidlik eləyirsən, üstündən bir il keçməmiş xəbər tutursan ki, dünən həyatları şirin olsun deyə bir-birinə tort yedizdirənlər, and içib əhd-peyman bağlayanların səsi məhkəmə salonlarından gəlir, cehiz, aliment, yaşayış yeri davası gedir. Bəzən inanmaq istəmirsən, ancaq yekunda faktla barışmalı olursan. On, on beş il bundan əvvəl məhkəmələrin qapısından asılan elanda əsasən mülk, vərəsəlik uğurunda dava edənlər (atanın oğula, qardaşın qardaşa, bacının qardaşa və s. iddiaları) üstünlük təşkil edirdisə, bu gün siyahıya boşanmalarla bağlı iddialar liderlik edir. Məhkəmələrdə baxılası hər on işin təxminən altı-yeddisi nigahın pozulması, aliment və yaşayış yeri ilə təmin etmə iddialarıdır. Durum tam şəkildə nəzarətdən çıxıb, eynən bazar kimi. Baxmayaraq ki, əvvəlki illərdən fərqli olaraq pis-yaxşı ailə məsələlərinə nəzarət edən, bu sahəni tənzimləyən konkret dövlət təşkilatı, çox sayda Qeyri-Hökümət Təşkilatları (QHT) fəaliyyət göstərir.

 Səbəblər: onlar müxtəlifdir

Boşanmaların belə geniş vüsət almasının müxtəlif səbəbləri var: virtual aləmdən (sosial şəbəkələrdən, maddi vəziyyətin ağırlığına qədər) tutmuş hər iki cinsin hisslərinə hakim çıxa bilməməsinə qədər və s. Bunlardan konkret hansının çoxluq təşkil etdiyini təəssüf ki, demək çətindir. Çünki bunu sosioloji sorğu, dərin araşdırma aparmaqla müəyyən etmək olar ki, bunu da yuxarıda qeyd etdiyimiz dövlət təşkilatı və formal sənədlərlə dövlətdən ayrılan qrantları mənimsəməklə işini bitmiş hesab edən QHT-lər müəyyən edə bilər və etməlidirlər. İndiki halda biz sadəcə məhkəmələrdə gətirilən arqumentlərə istinadən bəzi təxminlər söyləyə bilərik ki, boşanmaların əsas səbəblərindən biri sosial vəziyyətin yəni dolanışığın ağırlığı (baxmayaraq ki, cütlük ailə qurarkən belə bir vəziyyətlə üzləşə biləcəklərini əvvəldən nəzərə almalı, buna tab gətirə biləcəyini qabaqcadan müəyyən etməlidir-Ş.S) və dəbdə olan xəyanət. Yenə keçmişə qayıdaq. Məlum olduğu kimi hamıya cənnət bərabərliyi vəd edən sovet dövründə də, heç də hamı eyni cür yaşamayıb. O zaman da varlı, kasıb və ortabab yaşayanlar olub, amma o kasıb təbəqədə ailə telləri daha möhkəm olub, nəinki süfrəsində quş südü olanların. Təbii, o dövrlərdə də tərəflərdən biri həyat yoldaşına xəyanət edib. Fəqət bu, indiki dövrlə müqayisədə nadir hallarda rast gəlinən iş idi və xüsusilə kişinin xəyanəti əksər hallarda ailə sirri kimi qapalı qalırdı, boşanmalara gətirib çıxarmırdı. Bu günsə dəngələr dəyişib xəyanətdə qadınlar ön sıraya keçib ki, bu da daha çox sosial şəbəkələr, virtual aləmdəki gəzişmələrlə birbaşa bağlı məsələdir. Detallarını da açıqlamaq olar, ancaq az qala hamımızın gündəlik həyatımızda rastlaşdığımız bu faktın təhlilə ehtiyacı yoxdur. Məsləhət olaraq yalnız onu deyə bilərik ki, sosial şəbəkələrdə tanışlıqla qurulan ailə uzunömürlü ola bilməz. Çünki, özünə hörmət edən kişi qadın fərqi yoxdur, internet üzərindən telekanallardakı əyləncə xarakterli verlişlərdən  özünə ömür yolunda birgə, sonadək addımlayacaq həyat yoldaşı axtarmaz. Bu yolla baş tutan izdivacların mində biri uğurlu olar, ya olmaz. İnternet tanışlığı, yaxud ailəsi,olsa-olsa tərəflərdən birinin şəhvət hissini təmin etməyə xidmət edə bilər ki, bu da məlum olduğu kimi keçici xarakter daşıyır.Təəssüf ki, dünyaya açıq gözlə baxmaq imkanı geniş olduğu indiki zamanda hər iki cinsin təmsilçiləri arasında bu gün internet üzərindən müvəqqəti ,,ər",,arvad" axtarışına çıxan oyunçuların sayı az qala hər gün artır. 

Telekanalların ,,yandırdığı körpülər"

 Ürək ağrısı ilə qeyd edək ki, boşanmalardakı astronomik artımın günahkarları sırasında ölkədə fəaliyyət göstərən televiziyalar da yer alıb, həm də daha eybəcər formada. Simasını qoruyub saxlayan AzTv və İTV-dən başqa digər telekanallar ucuz şou xatirinə neçə-neçə ailənin dağımasına rəvac verib, saymaqla qurtarmaz. Yazının əvvəlində qeyd etdik ki, əvvəllər nadir hallarda baş verən boşanmalar zamanı çalışılıb ki, hadisəylə bağlı xəbər gizli saxlanılsın, ağsaqqallar işə qarışıb və əksər hallarda barış yarada, ailənin dağılmasının qarşısını ala biliblər. Bu gün isə ,,ağsaqqal" funksiyasını telekanallar yerinə yetirir, həm də, çox iyrənc formada. Əslində, onların ağsaqqallığı dağıdıcı xarakter daşıyır, tərəflərin nə vaxtsa səhvlərini anlayıb ailəsinə sahib çıxma ehtimalını sıfırlayır. Bu ,,ziyanvericilər" paytaxtla kifayətlənməyib, ailə tellərinin hələ möhkəm olduğu bölgələri gəzib cüzi bir narazılıqdan müvəqqəti ayrılan cütlüyü tapır, tərəflərin valideynlərini də ekrana daşımaqla bir-birinin ünvanlarına bir batman balla yeyilməsi mümkün olmayan təhqirləri, ittihamları ölkə boyu yayır və sonra da deyir ki, biz gəlmişik sizə problemdən ,,çıxış yolu" tapmaqda kömək edək. Onların bu ,,xeyirxah missiyası"nın sonunda sabah barışmaq ehtimalı olan ailənin şansları əllərindən alınır. Ekrandan ünvanına söylənilən yalan, doğru o ittihamları hansı ər, yaxud arvad və onların valideynləri bağışlayar ki? Bilərəkdən, yaxud bilməyərəkdən işıq gələn yerə də pambıq tıxayaraq, reytinq xatirinə neçə -neçə ailəni dağıdıb uşaqları yetim qoyur, qaş düzəltmək əvəzinə vurub gözü də çıxardırlar. Ən eybəcəri, ikrah doğuranı isə bu tip verilişlərə ekspert adı ilə dəvət edilənlərin cəmiyyətdəki mənfi imici ilə bağlıdır. Məntiqlə hansısa məsələnin, problemin telemüzakirəsinə o sahənin bilicisi, cəmiyyət tərəfindən müsbət xarakterizə olunan və qəbul edilən şəxslər dəvət olunmalıdır ki, insanlar onun dediklərinə, məsləhətlərinə ciddi yanaşsın. Konkret boşanmalarla bağlı yayımlanan verlişlərin əksəriyyətində ekspert statusunda elələri iştirak edir ki, (kişi və ya qadın) onların özəl həyatı bərbad durumdadır, ər, arvad anlayışına pencək (geyin, soyun) kimi baxır. Əzizlərim, əvvala qeyd etdiyimiz kimi ailə dramlarını, boşanmaları ekrana çıxarmağın özü qəbuledilməzdir. Digər tərəfdən keçmişi qaranlıq, heç özü sağlam bir ailəyə sahib olmayan, nəsihətləri bunca ayıq olan cəmiyyətdə nəinki müsbət qarşılanır, əksinə ikrah doğurur. Bir halda ki, xalqa ekrandan ailə dərsi keçməkdə israrlısınız onda heç olmasa ,,müəllimləri" dəyişin! Eləsini seçib dəvət edin ki, qonşusu baxanda deməsin ki, uşaqlar bura gəlin, normal əxlaqa sahib olmayan qonşumuz filankəsə baxın, televiziyadan gənc ailələrə evlilik dərsi keçir, məsləhət verir. Qısaca, bu gün telekanallar boşanma ərəfəsində olanların barış körpüsünü yandırmaqla məşğuldur.

 Paradoks: Aliment qalxdıqca boşanmalar da artır

 Məlum olduğu kimi, son illər boşanmalarla bağlı açıqlanan qorxunc statistik rəqəm ölkə parlamentarilərini də narahat etməyə başlayıb. Təbiidir, çünki məmləkətin problemləri ilk növbədə həm də Milli Məclisdə müzakirə olunur, çıxış yolları aranır. Məslə ilə bağlı bu günlərdə mətbuata müsahibə verən deputat Aqiyə Naxçıvanlı da deyir ki, boşanmaların belə sürətlə artmasına onlar da məətəl qalıb. Parlamentdə səslənən fikirlərdən biri də ondan ibarətdir ki, bu tendesiyanı iqzibati üsulla, yəni alimentin həcmini artırmaqla qismən önləmək olar. Fikrimizcə, kökündən yanlış yanaşmadır. Təhlillər də göstərir ki, alimentin həcminin artması, boşanmaları nəinki azaltmayıb, əksinə artırıb. Məsələn, tutaq ki, aliment 80 manat olanda il ərzində ölkə üzrə boşanmaların sayı ailə quranların sayına nisbətdə 15-20% təşkil edirdisə, ayıq alimentin 156 manat təşkil etdiyi indiki zamanda bu faiz göstəricisi artaraq, 25-30%-ə çatıb.

Tutaq ki, alimentin həcmini 200 manatadək qaldırdıq, bu nəyi dəyişəcək? Axı boşananlardan üzərinə aliment öhdəliyi qoyulanların hamısı neft sənayesində işləmir ki, övladına aliment ödəsin, özünə də çörək pulu saxlasın. Bunların içərisində cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar var ki, aylıq gəliri heç 200 manatdan yuxarı deyil. Bunları adbaad da sadalamaq olar, sadəcə biz ümumi danışdıq. Maraqlı orasıdır ki, üstəlik alimenti vaxtında ödəməkdən boyun qaçıranlara qarşı cinayət təqibi də nəzərdə tutulur və həmin adam çatdırıb ödəyə bilmir, biz isə onu həbsə atıb, uşaqları da dolanışıq mənbəyindən məhrum edirik. Gülünc deyilmi, çıxış yolunu alimentin həcmini artırmaqda görmək, hörmətli deputatlar? Müşahidələr və təhlillər bunu deməyə əsas verir ki, alimentin miqdarını qaldırmaq zərif cinsin  sərbəst yaşamağa meyilli bu nümayəndələrini  addım atmağa şirnikləndirməyə xidmətdən başqa bir şey deyil. Qeyd edək ki, virtual aləm, sosial şəbəkələr insanların yaşam tərzini, illərin ailə dəyərlərini tamamilə dəyişib, şahidi olduğumuz faktlara istinadən deyə bilərik ki, bu gün ailə quran əksər qadınlar ər anlayışına müvəqqəti, istədiyi vaxt həyatından silib ata biləcəyi ötəri bir hal kimi baxır.

 Odur ki, fatasını hələ başından açmamış gəldiyi evə (ərin öz, yaxud ərin atasının evidir fərq etməz) qeydiyyata düşməsini tələb edir. Evliliyinin 2-3 ilində bir, yaxud iki övladı olandan sonra içində boğub saxladığı azadlıq, sərbəst yaşamaq istəyi özünü biruzə verir. İtirəcəyi isə yalnız ərdir. Yaşamaq üçün yeri, uşaqlarının təminatı üçün alimenti, artıq heç kimə hesabat verməyəcək azad bir qadın, istənilən ünvana istənilən kişiyə gedən yolu açıq bir insan. Söylədiklərimiz ayrılığı qaçılmaz olan ailəni saxlamaqçün hər cür fədakarlıq göstərsə də, sonunda taleyi ilə barışmağa məcbur olan namuslu xanımlarımız əsla şamil oluna bilməz. Çünki, bu cür məcburi ayrılıq hər birimizin başına gələcək hadisədir. Söhbət əzəldən yüngül həyat tərzi keçirməyə meyilli olan qadınlardan gedir və təəssüf ki, boşanmalarda onlar çoxluq təşkil edir. Tezis formasında toxunduğumuz bu məsələdən çıxış edərək belə düşünürük ki, alimentin həcmini artırmaq yox, əksinə azaltmaq lazımdır ki, şiddət görməyən, yeməyə çörəyi, yatmağa yeri olan bəzi qadınlar alimentə ümüdlü olub boşanmağa can atmasın, ailəsini qoruyub saxlamaq üçün fədakarlıq göstərsin. Nəzərə alsın ki, 80 manatla övlad böyütmək ona hansı acıları yaşada, internetdən ona ,,gəl, gəl" deyən günün, uzağı ayın qonağı ola bilər. Fikrimizcə, boşanmalarla bağlı məsələlərdə məhkəmələrin də üzərinə böyük məsuliyyət düşür. Yəni onlar daha asan yol seçib bir qərarla işlərini bitmiş hesab etməməlidir. Araşdırma aparmalı, nikahın pozulmasında tərəflərdən hansının daha çox günahkar olduğunu müəyyənləşdirməli və buna müvaiq olaraq da qərar qəbul etməlidir. Ayrılığın səbəbi ər yox, arvaddırsa, qanunvericiliyə zidd olsa da, övladları elə onları saxlayan (əlbəttə kişi bunu istəsə) ataya həvalə etməli, yaxud, alimentin həcmini azaltmalıdır ki, qadını ayrılmaq fikirindən çəkindirsin. Bizcə, bu məsələləri çözmək üçün Ailə Məcəlləsi haqqında Qanuna və bəzi digər qanunverici aktlara əlavə və dəyişikliklər etməyin vaxtı çoxdan çarıb. Əks halda, sürətlə artan boşanmaları heç olmasa müəyyən qədər azaltmaq mümkün olmayacaq.

 Şahnaz Salehqızı

0.16436815261841