İqtisadiyyatın "kölgə"si

 

Bütövlükdə toplumun problemidir

 İqtisadi səpkidə yolverilməz hal olsa da, özünə möhkəm yer eləmiş "kölgə iqtisadiyyatı" anlayışı çoxlarına tanışdır. Qeyd edək ki, işlənmə mexanizmindən və miqyasından asılı olmayaraq, bu problem əslində, bütün dünyanın əziyyət çəkdiyi ciddi məsələlərdən biridir. Hamı etiraf edər ki, "kölgə iqtisadiyyatı" Azərbaycanda bütün sektorları artıq uzun illərdir öz təsiri altında saxlayır. "Qara mühasibatlığın" sahibkarlıq, biznes mühitində, xidmət, məşğulluq və digər sahələrdə oynadığı roldan əksəriyyət məlumatlıdır. Bu problemin miqyasının böyüklüyünü hökumət rəsmiləri də etiraf etməkdədir.

Bu istiqamətdə vergilər naziri Mikayıl Cabbarov Bakıda keçirilən "Vergilər. Şəffaflıq. İnkişaf" adlı Forumdakı çıxışında kölgə iqtisadiyyatının qanuni əsaslarla işləyən sahibkarlara maneə yaratdığını bildirib. Vergilər naziri bu terminin iqtisadiyyatın ayrı-ayrı sahələrində mövcud olduğunu, problemin şirkətlərin bazar payını itirməyə qədər irəlilədiyini söyləyib. Yəni "kölgə iqtisadiyyatı" biznesin uzun illər qeyri-qanuni şəkildə idarə edilməsinə gətirib çıxarıb ki, bu da son nəticədə iqtisadiyyata güclü zərbə deməkdir. Nazir həmçinin qeyd edib ki, uçot sisteminin tətbiqiylə bağlı tələblər əvvəlcə birmənalı qəbul edilməsə də, sonda alınıb. Bununla da bütün fəaliyyətin qanuni əsaslarla aparılmasının labüdlüyü dərk edilib.

Sözügedən problemin yaratdığı mənfi amillər yetərincədir və ona görə də vergilər naziri hələ keçən ildən başlayaraq onun miqyasının azaldılmasını vergi xidmətinin əsas istiqaməti kimi qiymətləndirib. Bu mənada, istənilən sektor üçün problemin həllindən doğan müsbət nəticələr mövcuddur. Misal üçün, nəqliyyat vasitələrinin, malların düzgün qiymətləndirilməsi, "kölgə iqtisadiyyatı"nın aradan qaldırılması istiqamətində həyata keçirilən islahatlar nəticəsində bir milyarddan çox vəsait dövlət büdcəsinə köçürülüb.

Əslində, bu yazıda sözügedən forumun detallarıyla bağlı söhbət açmaq niyyətimiz yoxdur. Lakin orada söylənilən, artıq rəsmi səviyyədə təsdiq edilən məqamlar mövzuya açar rolu oynayır. Bu mənada, qısaca qeyd edək ki, ölkədə kölgə iqtisadiyyatının aradan qaldırılması bu il üçün əsas prioritetlərdən biri hesab edilir.

Maliyyə intizamının gücləndirilməsi, vergi uçotunun düzgün təşkil edilməsi, şəffaflıq məsələləri və digər tədbirlər kölgə iqtisadiyyatının vaxtı çatmış əsas problem kimi aradan qaldrılımasına təsir edir. Onun əhatə etdiyi sahələrdən biri olaraq, bank, sığorta, məşğulluq sistemində də dəyişikliklər aparılmalıdır. Dəyişiklik demişkən, Vergilər Məcəlləsində edilən əlavə və dəyişikliklər iqtisadi və sosial sferada böyük önəm kəsb edən bir sıra məsələlərin həll edilməsinə, problemlərin aradan qaldırılmasına hesablanıb. Bu sırada "kölgə iqtisadiyyatı"nın azaldılmasına yönəlik dəyişiklikləri də qeyd etmək mümkündür. Yəni rəsmi olaraq, sözügedən problemin yaratdığı mənfi təzahürlərin bütövlükdə iqtisadiyyat üçün ciddi məsələ olduğu qeyd edilir və müxtəlif fikirlər, tezislər irəli sürülür.

Problemin miqyasının azaldılması, irəli getsək, bütövlükdə aradan qaldırılması təkcə iqtisadiyyatın inkişafına müsbət təsir etməyəcək, eyni zamanda, ölkədə sosial istiqamətdə baş alıb gedən neqativ hallara qarşı da, silah rolu oynaya biləcək.

Ən azı, vətəndaş mövqeyindən çıxış edərək, müəyyən dairələr üçün aydın olan, əksəriyyət üçünsə qaranlıq qalan "kölgə iqtisadiyyatı"nın əsasında adını özündə ehtiva edən mənanın dayandığını qeyd etməliyik. Vətəndaşların sosial müdafiəsinin təmin edilməsi, əmək hüquqlarının qorunması, təqaüdlərlə bağlı şəffaf vəsait uçotunun tərtib edilməsi və burda sadalamadığımız digər halların müsbət yöndə icrası üçün, məhz "kölgə iqtisadiyyatı"ndan qurtulmaq lazımdır.

Mal dövriyyələrinin sənədləşməsində və mühasibatlığın düzgün aparılmasında üzə çıxan ciddi nöqsanlar da, sözügedən problemin təzahürləridir. Bundan əlavə, dövriyyələrin leqallaşdırılması və bərabər, leqal şərtlər əsasında fəaliyyət göstərmək üçün bu problem birdəfəlik həll edilməlidir. Eyni zamanda, büdcəyə daxilolmaların artırılması üçün də "kölgə iqtisadiyyatı" leqallaşdırılmalıdır. Leqallaşdırma biznesin də leqallaşmasına təsir edən faktordur. "Kölgə iqtisadiyyatı"nın uzun yol getməyəcəyi adının mahiyyətindən də bəllidir. Baxmayaraq ki, müəssisələrin hesabatlılığı, kapitallaşması, banklara çıxışın olmasında, investisiya cəlb edilməsində ikili hesabatlığın mənfi təzahürləri var.

 Problem sahibkarlıq mühitinə ciddi zərbə vurur

 Mənfi təzahürlər istənilən sektorda üzə çıxır. Sözügedən problem gəlirlərin gizlədilməsində, əməkhaqqının həqiqətdə olduğundan aşağı həddə göstərilməsində, əmək münasibətlərinin rəsmiləşdirilməməsində özünü göstərir ki, bu da elə vətəndaşın özünə zərbədir. Sadə bir misal çəksək, bu gün sahibkarlıq mühitində azad rəqabətin olmamasının zərbəsi elə sıravi vətəndaşa dəyir. Hamı istər ki, qanuni əsaslarla istehsal edilən məhsulun alıcısı olsun, gizli istehsal müəssisələrində meydana gətirilən saxta məhsulların istehlakçısına çevrilməsin. Əsl sahibkarlar da bazarda belə "sahibkarlar"a uduzmağı heç istəməz.

Başqa bir misal olaraq, dövriyyədə nağd pulun istifadə edilməsində müşahidə ediən məhdudiyyətlərə də diqqəti çəkmək istərdik. Maraqlı məqam odur ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov bu yaxınlarda etiraf edib ki, "kölgə iqtisadiyyatı" əlindəki nağd pulu dövriyyəyə çıxarmır, yəni həmin vəsaitlər rəsmi dövriyyədən kənarda qalıb. Nağd pul kütləsinin "kölgə iqtisadiyyatı"nın əlində qalması ona gətirib çıxarıb ki, bir müddət öncə dövriyyəyə buraxılan, fəqət bazarda aktiv şəkildə iştirak etməyən 200 manatlıqlar görünməz olub. Bu problem iri nominalların dövriyyəyə məhdud şəkildə daxil olmasına gətirib çıxarıb. "Kölgə iqtisadiyyatı"nın olmadığı şəraitdə isə, belə pullar daha sürətlə dövriyyəyə daxil ola bilərdi.

 Köməkçilər, bərbərlər, ofisiantlar və "kölgə iqtisadiyyatı"

 İqtisadçı-ekspert Məhəmməd Talıblı bizimlə söhbətində qeyd etdi ki, Vergi Məcəlləsinin hədəflərindən bir neçəsi ölkədə "kölgə iqtisadiyyatı"nın miqyasını azaltmağa hesablanıb. Ekspert söyləyir ki, məqsəd də problemin miqyasının azalması üçün prosesin vergilər vasitəsiylə tənzimlənməsidir: "Elə sabit vergi ödəyiciləri var ki, onlar əvvəllər vergi ödəyiciləri hesab edilmirdi. Həmin şəxslər gəlirlərini müxtəlif sosial vergilər formasında Dövlət Sosial Müdafiə Fondunun hesabına köçürmürdü, onların gəlirləri gəlir vergisi kimi ödənilmirdi. Məcəlləyə edilən dəyişikliklər də gəlir əldə edən subyektlərin vergi ödəməsinin təmin olunmasına çalışmaqdır. Onlar mart ayının 1-dən artıq vergi ödəyiciləri hesab olunacaqlar. Həmin vergi ödəyicilərinin əhatə dairəsinə nəzər salaq, evlərdə köməkçi kimi işləyən şəxslər, bərbərlər və ofisiantlar, bu üç sosial qrup sanki "kölgə iqtisadiyyatı"nın miqyasına mühüm təsir göstərib. Bu addım onunla əsaslandırılır ki, görülən tədbirlərdə məqsəd ölkədə "kölgə iqtisadiyyatı"nın miqyasını azaltmaqdır. Əslində, bu addımlar ölkədə iri vergidən yayınma hallarının olmadığı şəraitdə effekt verərdi".

 

Holdinqlər, şirkətlər, korporasiyaların "kölgə iqtisadiyyatı"na "töhfəsi"

 

Ekspert qeyd edir ki, Azərbaycanda "kölgə iqtisadiyyatı"nın miqyasını artıran amil və onun iştirakçıları sözügedən sosial qruplar deyil. Azərbaycanda bu problemin miqyasının genişləndirilməsində "töhfə"si daha çox olanlar məhz, iri dövlət şirkətləri, holdinqlər, korporasiyalar, məmur-sahibkarlardır. Vergidən əhəmiyyətli surətdə yayınan bu qrupa dövlət büdcəsindən subsidiyalar verilir. Bu təsisatların dolayı və birbaşa subsidiyalaşma hesabına gəlirləri fantastik şəkildə artır, onların vergiyə cəlbolunma imkanları nəzərə alınmır: "Kiçik bir qrupun gəlirinin isə, artıq vergiyə cəlbolunma siyasəti həyata keçirilir. Onların gəlirləri müəyyən bir həddə olan vəsaitdir ki, bu da sözügedən problemin miqyasını genişləndirə bilməz. Yəni simvolik bir məbləğ ölkədə "kölgə iqtisadiyyatı"nın artmasına təsir göstərmir. Fiskal qurumlar daha çox "kölgə iqtisadiyyatı"nın miqyasının genişləndirilməsinə "xidmət"i çox olan şəxsləri vergiyə cəlb etməli, onların hesabına vergi bazasını genişləndirməlidir. Beynəlxalq maliyyə qurumlarının hesabatına görə, Azərbaycanda "kölgə iqtisadiyyatı" ÜDM-in 67-68 faizini təşkil edir. Bu əhəmiyyətli bir rəqəmdir və o deməkdir ki, əslində, dövlət büdcəmiz indikindən təxminən, 2,5 dəfə artıq, vergiyə ödəmələrin həcmi də indikindən çox ola bilərdi. Burda strateji qüsur odur ki, daha böyük mənbələr kənarda qalıb, kiçik mənbələrdən isə verginin artırılması prioritetdir".

M.Talıblı qeyd edir ki, bu gün Azərbaycanda ən mühüm problemlərdən biri, məhz "kölgə iqtisadiyyatı"nın miqyasının azaldılmasıdır. Bu da təcili tədbirlər tələb edir. Bu xüsusda ekspertin təklifləri də var: "Onun miqyasını azaltmaq, eyni zamanda, gəlir bərabərsizliyinin aradan qaldırılması yollarından biri yüksək məbləğli, mühərrik gücü çox olan avtomobillərin, bahalı daşınmaz əmlakların vergiyə cəlb olunmasıdır. Bütün bunlar ona gətirəcək ki, sandıqda yatan pullar ölkə iqtisadiyyatında dövriyyədən kənarda qalmayacaq. Onlar hansısa bir istehsal prosesinə xidmət edəcək, mal və xidmətlərin istehsalında müəyyən bir gücə sahib olacaqlar".

 Nigar Orucova 

0.24679088592529