100 il əvvəlin torpaq itkisi

 

200 ilin erməni-rus tərəfdaşlığı

  Günümüzdə baş verənlər, o cümlədən tarixi faktlar və sənədlər sübut edir ki, Azərbaycan torpaqları hesabına özünə dövlət yaradan ermənilər heç vaxt bu qəsbkarlığı öz gücünə həyata keçirməyiblər.

Sadəcə, zaman-zaman güclülərin qoltuğuna sığınan bu haylar (ermənilər tarixdə əsasən bu adla tanınır) hər dəfə də xəyanət yolunu tutaraq istəklərinə çatmadan qovulublar.Yalnız çar Rusiyası və onun sələfləri ilə işbirliyi onlara uğur gətirib. Bədnam ,,Gülüstan" və ,,Türkmənçay" sülh müqavilələri ilə dünya xəritəsinə bu günə qədər heç bir tarixi mənbədə adı çəkilməyən Ermənistan adlı dövlətin adını salan Rusiya ötən 200 il ərzində bu dövlətin ayaqda durması, hətta qonşu Azərbaycanın hesabına ərazisinin genişləndirməsi üçün hər cür iyrənc yollara əl atmaqdan belə, çəkinməyib. Bu gün Ukraynanın ərazi bütövlüyünü tanımayan Rusiyanın ilk tarixi dövləti "Kiyev Rus dövləti" adlanıb və XVII əsrin əvvəllərinə qədər Şərqə doğru ərazisi Ural dağlarının qərb yamacları ilə məhdudlaşıb. Məhz həmin tarixdən başlayaraq, Rusiya Şərqə doğru irəliləyərək buradakı türkdilli xalqları öz əsarəti altına alıb. Bu mövzuya müraciət etməkdə məqsədim Rusiya tarixini araşdırmaq deyil, sadəcə bu gün də ,,Xalqlar həbsxanası" kimi tanınan bir dövlətin geridə buraxdığı tarixdə bizə də yaşatdıqları zülmlərin olduğuna aydınlıq gətirməkdir.

Qayıdaq əsas məsələyə bu gün, 100 ili tamam olan torpaq itkisinə. Bu itki qansız, silahlı münaqişə olmadan SSRİ adlı imperiyanın bir çox ölkələrə qarşı tətbiq etdiyi "beynəlmilləlçilik" bayrağı altında reallaşıb. Belə ki, 1929-cu il fevralın 18-də Moskvanın bolşevik-daşnaq rəhbərliyinin xristian təəssübkeşliyindən qaynaqlanan qərarı ilə Naxçıvan Muxtar Respublikasına məxsus 675 km2 ərazi-Qurdbulaq, Hörədiz, Oğlun, Almalı, İtqıran, Sultanbəy, Qarsevən, Kilid və daha bir neçə kənd, həmçinin Zəngilan rayonun Nüvədi kəndi, Qazax rayonun 4400 hektar meşə sahəsi Azərbaycandan alınaraq Ermənistana verilib. Bu işğalı bizə həzm etdirmək üçün belə bir arqument də  ortaya atıblar ki, SSRİ beynəlmiləllər ölkəsidir və burada respublikaların sərhəd və ərazisi formal xarakter daşıyır, qardaşlar arasında mənim, sənin söhbəti olmamalıdır. Bu ,,beynəlmilləl" təcavüzün nəticəsi də o oldu ki, Azərbaycanı Naxçıvanla birləşdirən torpaq sahəsi-Nüvədi kəndi də daxil Ermənistanın mülkiyyətinə keçdi. Haqlı sual yaranır: Sizcə son 200 ildə yox yerdən ermənilərə dövlət quran, sonrakı illərdə bu dövlətin ərazisini Azərbaycan torpaqları ilə genişləndirən Rusiya, bu gün işğal altındakı torpaqlarımızın qaytarılmasında ədalətli mövqe tuta bilərmi?

Son 25-30 ildə baş verənlər onu deməyə əsas verir ki, Yox!

0.22460508346558