"NATO Ermənistana zabit yetişdirir"

 

Mübariz Əhmədoğlu: "Dağlıq Qarabağ münaqişəsinin təşkilinə ABŞ daha çox töhfə verib, nəinki Rusiya"

 Bir çox müstəqil ekspertlər Azərbaycanın Rusiya ilə hərbi əməkdaşlığını münasib saymır. Onların ən tutarlı əsasları ölkəmizdə silahlanmaya tələbat yaradan Dağlıq Qarabağ münaqişəsinin müəllifinin Rusiya olmasıdır. Həmin mütəxəssislər hesab edirlər ki, Azərbaycanın əsas hərbi müttəfiqi ABŞ, Avropa ölkələri və NATO olmalıdır. Lakin Azərbaycan müdafiə nazirinin bu günlərdə keçirdiyi görüşdə söylədikləri onu deməyə əsas verir ki, ölkəmiz Rusiya ilə hərbi əməkdaşlığın perspektivlərinə nikbin yanaşır. Belə ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə fəaliyyət müddəti başa çatan Rusiya Federasiyasının Silahlı Qüvvələrinin hərbi attaşesi polkovnik İqor Lobastovla görüşüb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin regionda təhlükəsizliyin təmin edilməsi üçün vacibliyi, ikitərəfli əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Bundan əlavə, görüşdə Rusiya istehsalı olan müasir, yüksək dəqiqliyə malik döyüş texnikası, silah və digər hərbi təyinatlı vasitələrin ordumuzun silahlanmasına daxil edilməsi, bu sahədə fəaliyyətlərin hər iki dövlətin qarşılıqlı anlaşma və razılığı əsasında daha da genişləndirilməsi və davamlılığı məsələləri müzakirə olunub. Görüşdə iki ölkənin Silahlı Qüvvələrinin birgə hərbi təlimlərinin keçirilməsi, qarşılıqlı səfərlərin, işçi görüşlərinin təşkili, ekspertlər səviyyəsində təcrübə mübadiləsi, Rusiyanın hərbi məktəblərində kursant və mütəxəssislərin hazırlanması məsələlərinə də diqqət yetirilib.

Doğrudan da, düşündürücü məqamdır, biz ölkənin ən başlıca problemi olan Dağlıq Qarabağ münaqişəsinin müəllifi olan Rusiya ilə hərbi əməkdaşlığı davam etdirməli, yoxsa bu sahədə üzümüzü ABŞ, Avropa və NATO-ya çevirməliyik?

Suala cavab tapmaq məqsədilə politoloq Mübariz Əhmədoğluna müraciət etdik. Politoloq bizimlə söhbəti zamanı bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin təşkilinə ABŞ daha çox töhfə verib, nəyinki Rusiya: "Bu barədə ABŞ-ın M.Qarbaçova ünvanlanladığı müxtəlif sənədləri var. 1989-cu ildə Amerika Konqresi ermənilərin mövqelərini müdafiə edən iki qətnamə qəbul edib. Həmin qətnamələrdə göstərilir ki, azərbaycanlılar Dağlıq Qarabağda nəinki erməniləri, hətta, yəhudiləri qırırlar. Bu təşəbbüs sözsüz ki, erməni lobbisindən gəlib. Onlar gözəl bilir ki, ABŞ üçün "yəhudiləri qırırlar" ifadəsi çox böyük gücə malikdir və ermənilər bundan istifadə edib. Amma hər halda qətnaməni ABŞ Konqresi qəbul edib. Həmin qətnamələrin birində qeyd edilir ki, Azərbaycan hətta, Gürcüstanı da blokadaya almaq istəyir. Bütün bunlar barədə Konqresin 1989-cu il iyun və noyabr qətnamələrində söhbət açılır. Həmin qatnamələrin mətni hazırda məndədir. Bununla yanaşı, 1993-cü ildə Azərbaycanda Əbülfəz Elçibəy demokratik yolla hakimiyyətə gəlsə də, həmin il Konqres ölkəmizə qarşı 907-ci əlavəni tətbiq etdi. ABŞ-ın Dağlıq Qarabağ kontekstində Azərbaycana qarşı sərgilədiyi mövqeyini Ümummilli Lider Heydər Əliyev dəyişdirməyi bacardı. Bunun əsası əvvəlki hakimiyyət dönəmində qoyulmuşdu, neft danışıqlarına başlanılmışdı. Heydər Əliyev isə Amerikanı başa saldı ki, mən nefti sizə Dağlıq Qarabağ problemini həll etmək üçün verirəm. Bunun ardınca BMT-nin münaqişə barədə bizim xeyirimizə olan qətnamələrinin sayı 4-ə çatdı. NATO-nun may ayında keçrilən sammitində qəbul edilmiş qətnamədə göstərilir ki, Dağlıq Qarabağda sulh və sabitlikdir, əgər təhlükə yaranarsa, NATO Dağlıq Qarabağın içərisində sülhməramlıları yerləşdirə bilər. Deməli, o zaman NATO düşünürdü ki, Azərbaycan Dağlıq Qarabağda sulhə və sabitliyə təhlükə yarada bilər. Bu o deməkdir ki, əgər Azərbaycan işğal olunmuş ərazilərini azad etmək məqsədilə hərbi əməliyyatlara başlasaydı, NATO Ermənistan tərəfdən bizə qarşı döyüşməyə hazır idi. NATO-nun mövqeyini isə İlham Əliyev qurumun 2008-ci il Buxarest sammitində dəyişdirdi. Həmin dövrdən etibarən NATO-nun bütün sammitləri Azərbaycanın ərazi bütövlüyünə dəstək verir. Ermənistanın ayaqda qalmasında NATO-nun qrant layihələrinin böyük əhəmiyyəti var və bunlar hamısı 1994-cü ilədək baş verib. İndi isə NATO Ermənistandan daha çox sülhməramlı cəlb etməklə onların hərbi qüdrətinə töhfə verir. Erməni sülhməramlılarının sayı Azərbaycan sülhməramlılarından 10 dəfə çoxdur. Daha dəqiq desək, bu yolla NATO Ermənistana zabit yetişdirir.

Rusiya isə bizi Ermənistanla soyuq müharibə savaşına çəkir. Rusiya Ermənistana 100-200 milyonluq silah verir ki, Azərbaycanla 2 milyardlıq silah müqaviləsi bağlasın, bu Rusiyadan gələn mənfi təsirlərə aiddir. Lakin onu da yaddan çıxarmayaq ki, hazırda Rusiyanın Dağlıq Qarabağ probleminin tənzimlənməsindəki siyasi mövqeyi birmənalı şəkildə Ermənistanın ziyanınadır. Ermənistanın Rusiyadakı əsas dayağı Xarici İşlər Nazirliyidir. Kremil isə Dağlıq Qarabağ məsələsində ya neytral olub, ya da Azərbaycanın mövqeyini müdafiə edib. XİN isə həmişə ermənipərəst movqedən çıxış edib. Bunu sübut edən saysız faktlar sadalamaq olar. Hazırda nə Rusiyanın, nə də ABŞ-ın mövqeyi bizi qane etmir. Hər iki ölkədə erməni lobbisi güclü olduğu üçün digər məsələlərdə düşmən olsalar da, erməni məsələsində birləşə bilirlər. İkincisi, Qərb və ABŞ-ın təsirləri regionda Rusiyaya nisbətən zəifdir. Buna görə də onlar bu məsələnin həllində "birinci skripka"nın Rusiyaya məxsus olduğunu qəbul edirlər. Dünyanın güc mərkəzləri Dağlıq Qarabağ məsələsində priaritet rolu Rusiyaya veribsə, bizim buna qarşı mövqe qoymağımız Rusiyada qıcıq yarada bilər. Orada isə bizi istəməyənlər kifayət qədərdir və kiçik bir qığılcımı "ildırım"a çevirəcəklər. Bütün bunları nəzərə alaraq, hökumətin yeritdiyi siyasəti düzgün, elmi-politoloji baxımdan əsaslandırılmış kurs sayıram.

 

Mahir Abbaszadə

0.18774700164795