Boynu əyilmiş inək və həftələrlə işləməyən “MilliÖn”lər

 

Cənablar, qəzetləri dəfn etməyə tələsməyin!

 Deyəsən bəzi xidmət sahələri və dövlət qurumları rəhbərlərinin qulağına səs dəyib. Eşidiblər ki, dövlət ölkənin idarə olunmasında yardımçı rolu oynayan yazılı mətbuata yardımı dayandırırsa, demək qəzetlərdə yazılan tənqidi yazılar, araşdırmalar daha hökuməti o qədər də ilgiləndirmir və nə istəsək edə, hansı məsuliyyətsizlik olursa-olsun altından rahatlıqla imza ata bilərik. Fikirləşirlər ki, saytlar, günün xəbərlərin yayımlayır, bu sayt bolluğunda kimdir onların hər birində nə yazıldığını oxuyan. Əsas yazılı məlumatdır ki, o da qeyd etdiyimiz kimi daha hakimiyyəti maraqlandırmır, yavaş- yavaş sıradan çıxır. Əgər bu cür düşünməsəydilər yəqin ki, məsələn Əmək və Əhalinin Sosial Müdafiə Fondunun rəhbərliyi və onun cavabdeh şəxsi məlumatlandırmağa borclu mətbuat xidməti qəzetimizin 13 fevral 2019-cu il tarixli sayında dərc olunmuş şikayət məktubu (,,Nazirliyin Tərtərdəki iribuynuzlu heyvan bazası heyvan xəstəxanasın xatırladır" sərlövhəli yazı) araşdırılar və müvafiq tədbir görülərdi. Şikayətçinin haqlı, yaxud haqsız olduğu barədə redaksiyaya məlumat verib, verməmək isə artıq onların mətbuata nə dərcədə həssas yanaşmasından, hörmətindən asılıdır. 

Şikayətçi yazır ki, özünüməşğulluq proqramı çərçivəsində ona verilən iki xəstə inəyin birinin boynu əyilib və inək qabağa yox dal-dala gedir. Bilmirsən güləsən, ya ağlayasan. Bəlkədə, oxucu buna gülə bilər amma ƏƏSMN-nin fakta cavabdeh şəxsləri bu olaydan xəcalət çəkməli, dərhal yol verdikləri məsuliyyətsizliyi aradan qaldırmağa çalışmalıdır. Görünən budur ki, sözügedən dövlət qurumuna rəhbərlik edənlər də oxucular kimi bu olaya sadəcə gülüb və üstündən keçiblər.

 Səhlənkarlıq yox, məsuliyyətsizlik imiş

 Başqa bir məsuliyyətsizliyin müəllifi isə xidmət sferasında fəaliyyət göstərən özəl qurum, paytaxtın ,,MilliÖn" ödəmə terminallarına sahiblik edən ,,KOMTEC” LTD MMC-dir. Qəzetimizin 12 fevral 2019-cu il tarixli sayında bu qurumun fəaliyyətindən daha doğrusu fəaliyyətsizliyindən bəhs edən (,,MilliÖn milli pulu niyə bəyənmir? Rahatlıq olardı səhlənkarlıq olmasaydı” sərlövhəli yazı, dərc etmiş, bu sahədəki problemi gündəmə gətirmişdik.

Yazıda bildirilirdi ki, ,,Azərbaycan” Nəşriyyatının qarşısındakı (Mətbuat prospekti) üç dayanacaqdan cəmi birində ödəmə terminalı qoyulub ki, bu aparat da qəpik və bir az köhnəlmiş əskinasları qəbul etməməyi bir tərəfə, fevralın 8-i günorta saatlarından texniki nasazlıq səbəbindən işləmir.Təsəvvür edin ki, BDU, Texniki Universitet, Memarlıq və İnşaat Universitetlərinin tələbələrindən əlavə, nəşriyyatda, ətraf idarə və təşkilatlarda çalışan minlərlə vətəndaş hər gün bu dayanacaqdan istifadə edir. Kartda gediş haqqı (balans) və cibində xırda pul yoxdursa, üstəlik biraz da abır-həyalı və utancaqsansa axşam evə nə vaxt qayıdacağın sual altına düşür. Sözügedən yazıda da biz bunu sadəcə texniki nasazlıq hesab edərək problemi ,,KOMTEC” LTD MMC-nin ,,0010” qaynar xəttinə etdiyimiz telefon zənginə cavab verən operatora bildirdik. Operatordan əvvəl ,,tutuquşunun» belə bir səs yazısı səslənir: ,,MilliÖn şəbəkəsinin əsas məqsədi, mahiyyəti əhaliyə ani, qısa zamanda xidmət etməkdir. “Yazıdan sitat: Müraciətiniz qeydə alındı ( operator deyir-Ş.S) və texniklərimiz bu məsələ ilə məşğul olacaq. Texniklərimiz hər gün terminallara baxış keçirirlər, eyni zamanda bu məsələ ilə bağlı (aparatda yaranmış nasazlığı nəzərdə tutur-Ş.S) vətəndaşlardan müraciət gələndə də baxılır”.

Dəyərli oxuculara bildirim ki, ,,MilliÖn”çü ilə bizim bu dialoqumuz ayın 10-da yəni ötən bazar günü baş tutub. Söylədiyimiz kimi operator bizi əmin edirdi ki güya onların texnikləri şikayət oldu-olmadı hər gün əraziyə reydə çıxır və terminalları yoxlayırlar. Bu yalanın cavabı qaba formada da verilə bilər, fəqət jurnalist olduğum üçün kəskin ifadələr işlətmək bizlik deyil. Sadəcə onu deyim ki, operator ,,Gün ərzində texniklərimiz əraziyə baxış keçirir”, söyləməklə gözünün içinə qədər yalan danışıb. Çünki hələ bizim də xəbər verməyimizdən sonra mən bu yazını qələmə alan gün (fevralın 15-i) ,,MilliÖn”ün qeyd etdiyimiz ünvandakı aparatı işləmirdi.

Xatırlayırsınızsa, biz yazıya ikinci yarımbaşlıq kimi ,,Rahatlıq olardı, səhlənkarlıq olmasaydı” sərlövhəsi qoymuşduq. Fikirləşirdik ki, yəqin terminalda baş vermiş nasazlıqdan ona xidmət göstərən qurumun xəbəri yoxdur sadəcə gözdən qaçıb, səhlənkarlıqdır. Amma göründüyü kimi hətta problem barədə cavabdeh quruma məlumat veriləndən sonra da onun həlli istiqamətində tələb olunan zəruri addımlar atılmayıb. Deməli, bu, artıq səhlənkarlıq deyil, sırf məsuliyyətsizlikdir, ki, qanunla da məsuliyyətsizlik inzibati məsuliyyətin yaranması anlamına gəlir. Məsuliyyətsizlik varsa və mətbuat da bunu ictimailəşdiribsə artıq tədbir görmək məsələsi müvafiq dövlət orqanlarının borcudur. Burada cərimədən tutmuş, qurumu xidmət sahəsindən kənarlaşdırmağa qədər inzibati tədbirlər görülə bilər.

 Yetər ki, istək və ən önəmlisi mətbuatın aşkara çıxardığı qanunazidd hallara aidiyyatı dövlət orqanları diqqət və həssaslıqla yanaşsın.

 Şahnaz Salehqızı

0.61393308639526