Xəzərin statusu böyük perspektivlər açır

 

Elxan Şahinoğlu: "Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi qrupunun Bakıda keçriləcək toplantısı Konvensiyadan irəli gələn digər məsələlərin həlli barədə müzakirələr aparacaq, prosesi inkişaf etdirəcək"

 Sovetlər birliyi dağılandan sonra Xəzər dənizi ətrafında artıq iki deyil, beş müstəqil dövlət yarandı. Bu beş dövlətin ümumi razılığa gələrək Xəzərin səthinin və dibinin bölüşdürülməsi illərdir çözülməsi mümkün olmayan problemə çevrilib. Lakin ötən ilin avqust ayından başlayaraq tərəflər müəyyən irəliləyişlərə nail ola biliblər - Xəzərin səthinin beş dövlət arasında bölüşdürülməsi məsələsində razılığa gəlinib. Qazaxıstanın Aktau şəhərində "Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya" imzalanıb və Beşinci Xəzər Zirvə Toplantısının Konvensiyası qəbul edilib. Bu sənədlərə əsasən, Konvensiyanın səmərəli yerinə yetirilməsi və Xəzər dənizində əməkdaşlığın nəzərdən keçirilməsi məqsədilə Xəzəryanı dövlətlərin səlahiyyətli nümayəndələrindən ibarət müntəzəm beştərəfli məsləhətləşmələr mexanizmi -Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi qrup yaradılıb. Azərbaycan tərəfi fevralın 19-20-də Bakı şəhərində adıçəkilən İşçi qrupun Xəzəryanı dövlətlərin nümayəndələrinin iştirakı ilə keçiriləcək birinci iclasına ev sahibliyi edəcək. İclasda Konvensiyadan irəli gələn bir sıra məsələlər üzrə, eləcə də Aktau şəhərində baş tutan Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının Beşinci Zirvə Toplantısının nəticələrinə dair müzakirələrin aparılması nəzərdə tutulub.

İclasda Azərbaycan Nazirlər Kabineti Aparatının rəhbəri, Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi qrupda Azərbaycanın səlahiyyətli nümayəndəsi Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunacaq.

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya Xəzəryanı ölkələr arasında logistikanın inkişafı və bu sahədə əməkdaşlığın genişlənməsi üçün yeni perspektivlər aça bilər. Xəzər dənizi Azərbaycanı Mərkəzi Asiya ilə əlaqələndirdiyi üçün çox böyük əhəmiyyət daşıyır. Xəzər vasitəsilə bir tərəfdən Azərbaycan, digər tərəfdən Qazaxıstan və Türkmənistan arasında böyük həcmdə tranzit daşımaları həyata keçirilir. Bundan başqa, Xəzər vasitəsilə Çindən Avropaya göndərilən yüklər keçir. Bu baxımdan Xəzəryanı ölkələr arasında qarşılıqlı fəaliyyət hər zaman yüksək səviyyədə olub, Konvensiyanın imzalanması isə tranzit yükdaşımaları üçün daha böyük imkanlar və perspektivlər yaradacaq.

Bu sənəd gələcəkdə Türkmənistan və Qazaxıstandan iri qaz həcmlərini Xəzərin dibi ili nəql etməyə imkan verəcək ki, daha sonra həmin qaz TANAP və TAP boru kəmərləri vasitəsilə Türkiyə və Avropa ölkələrinə çatdırılacaq. Əvvəllər isə bu cür boru kəmərinin tikintisi mümkün deyildi, amma sazişin imzalanmasından sonra maneələr demək olar ki, qalmayıb. Beləliklə, Konvensiyanın imzalanması, təkcə Azərbaycan üçün yox, həm də Türkmənistan və Qazaxıstan üçün böyük iqtisadi perspektivlər yaradır. Konvensiyanın imzalanması bütün növ yükdaşımaların artmasına, regionda təhlükəsizliyin güclənməsinə, eləcə də Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşmasına gətirib çıxaracaq.

 Azərbaycanla Türkmənistan arasında mübahisəni davam etdirəcək faktor olmamalıdır. Xəzərin dibi ilə boru xəttinin tikintisini Türkmənistandan və Azərbaycandan başqa, Türkiyə, Avropa İttifaqı və ABŞ da istəyir.Xəzərin statusu böyük perspektivlər açır ile ilgili görsel sonucu

"Atlas" araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirir ki, Xəzərin statusu ilə bağlı Konvensiyanın imzalanması və gələcəkdə Azərbaycanın İran və Türkmənistanla Xəzərin dibinin bölüşdürülməsinə dair sazişlərin imzalanması, bölgədə yeni əməkdaşlıq - Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran formatını gücləndirəcək: "Konvensiya hər bir sahil dövləti üçün faydalı institusional formata çevrilə bilər. Bu format imzalanan Konvensiyadan sonra gələcəkdə Xəzərdə başqa layihələri də gündəmə gətirə bilər".

"Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya"sı əsasında gələcəkdə Türkmənistan, İran və Azərbaycan arasında Xəzərin dibinin bölüşdürülməsi məsələsi üzrə üçtərəfli saziş imzalana bilər ki, bu sözügedən üç dövlətin öz aralarında razılaşmalarından asılı olan problemdir. Məsələn, Azərbaycanla Türkmənistan arasında mübahisəli "Kəpəz" yatağı (Türkmənistan onu "Sərdar" adlandırır) var ki, bu məsələ iki dövlət arasında çözülməlidir. Azərbaycanla İran arasında da belə problem var. Bütün bu problemlər zaman axarında Konvensiya çərçivəsində həll edilə bilər. Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi qrupunun Bakıda keçriləcək toplantısı Konvensiyadan irəli gələn digər məsələlərin həlli barədə müzakirələr aparacaq, prosesi inkişaf etdirəcək".

 Akif Nəsirli

[email protected]

0.16986012458801