Cır armud dəyər qazandı və ya Qulançara ithaf edilən qərar

 

Dörd gün əvvəl sosial şəbəkələrdə bir əyalət müəlliməsi dərsdən yayınan şagirdi ilə aşağıdakı məzmunlu dialoqunu paylaşmışdı: “8-ci sinifdə sinif rəhbəriyəm. Sinifdə dərsə gəlməklə arası olmayan iki qardaş var. Yolda qarşılaşdıq, dedim niyə dərsə gəlmirsiniz? Dedilər müəllim işimiz var. İşləri ilə maraqlandım. Deməli gedib dağdan qulançar adlı göyərtini yığıb gətirib satırlar. Soruşdum ki, bir şey çıxir? Dedilər ki, bu sezon (yəni iki aya) iki inək almışıq (inəyin biri haradasa 1000-1200 manata). Az qaldım deyim ki, gedəndə məni də aparın, son anda özümü yığışdırdım, dedim ki, sabah dərsə gəlin.”

Yəqin oxucu zənn edəcək ki, yazının davamı elə ölkə müəllimlərinin aşağı olan əmək haqqından, onların sosial durumlarının acınacaqlı olmasından bəhs edəcək. Məntiqlə belə də olmalıydı. Müəllimənin insanın hisslərinə toxunan bu daloquna istinad edib hökuməti suçlamaq elə də çətin deyil. Amma və lakin gələcəyimizin təlim-tərbiyisi ilə məşğul olan müəllim ordusunun durumu zatən hamıya məlumdur. O səbəbdən də bu dəfə biz bu maraqlı olayın daha mübhəm tərəfinə diqqət yetirmək istədik. Mövzuya keçməzdən öncə müəllimənin bəhs etdiyi o QULANÇAR bitkisinin faydasından qısaca danışmaq istərdim. Onun insan sağlamlığı üçün nə dərəcədə önəmli olduğu barədə qoy bu sahənin mütəxəssisləri, həkimlər danışsın. Aşıq gördüyün çağırar; deyə bilərəm ki, Qulançardan çox ləziz yeməklər hazırlamaq olur ki, sözün həqiqi mənasında dadı damaqdan getmir. Keçək mətləbə.

Demək bu xəbər ictimailəşəndən üç gün sonra Nazirlər Kabineti Qulançar da daxil dağ və meşələrdə, düzənlərdə yabanı bitən, amma insanların qida rasionuna daxil olan bütün növ meyvə, giləmeyvələr, dombalan, göbələk, müalicəvi bitkilərin yığılmasını qadağan edən qərar qəbul etdi. İstər-istəməz adamlarda şübhə yaranır ki, bəlkə bu qərar qulançar və yabanı bitkilərdən əldə oluna biləcək gəlirlə bağlıdır. Yaxud, məlum olduğu kimi bu gün insanların böyük əksəriyyəti “Azərsun”un kimyəvi tərkibli çayından imtina edərək, əsasən bitki çaylarına üstünlük verdiklərinə görə şirkət çay satışında zərərə düşüb. Bu səbəbdən də məlum dairələrlə sövdələşərək (“əlbir olub bir ayı, bir şir ilə, ovladılar dovşanı tədbir ilə”) bitki çaylarının bazara yolunu bağlamaq fikirinə düşüb. Axı hər necə olsa da Nazirlər Kabinetinin töycüsündən sonra həmin məhsulların satış qiyməti azı 3-4 dəfə qalxacaq və kasıb təbəqə üçün əlçatmaz olacaq. Fikirimizcə Nazirlər Kabinetinin həm barəsində  danışdığımız, həm də bundan əvvəl qəbul etdiyi otlaq sahələrinə və meşə massivinə mal-qaranın girişinin qadağan edən qərarları Azərbaycanın mövcud iqtisadi və sosial durumu ilə nəinki tərs mütənasibdir, hətta ziyanlı, deyərdik ki, təhlükəli qərarlardır. Çünki otlaq sahələri, o cümlədən dağlıq rayonlarda maldarlıqla (istər həyətyanı təsərrüfat səviyyəsində, istərsə də kiçik fermer təsərrüfatı) məşğul olan, dolanışığı məhz bu  işə bağlı minlərlə insan faktiki olaraq dolanışıq mənməyindən məhrum edilmiş oldu ki, bunun da ağır nəticəsi çox yaxın zamanlarda bazarda ət və süd məhsullarının artan qiymətində özünü kəskin formada göstərəcək.

Heç şübhəsiz proses təkcə qiymət artımı ilə yekunlaşmayacaq. İri və xırdabuynuzlu heyvan saxlamağın səmərəsiz olduğunu görən minlərlə kəndli, o cümlədən meşələrdən, dağlardan meyvə, giləmeyvə, müalicəvi bitkilər toplamaqla ailəsini dolandıran yüzlərlə insan iş dalınca paytaxta, burada da iş tapmasa xaricə getməyə məcbur olacaq.

Mövzumuzu sualla yekunlaşdıraq: Siz kimin dayısısınız cənablar: qurd, quş yeyəcək cır armudun, çürüyüb torpağa qarışacaq itburnu, qantəpər, kəklikotunun, yoxsa  bunların hesabına bir çətən külfət saxlayan bir qarın ac, bir qarın tox ölkə vətəndaşının? Olmaya müəllimənin marağına səbəb olan QULANÇARda yaxşı pul olması sizin də diqqətinizi çəkdi? 

 P.S. Yazı çapa gedərkən məlum oldu ki, ölkə Prezidenti cənab İlham Əliyev doğru olaraq  baş nazirin yasaqlaycı qərarının ləğvi barədə göstəriş verib.

0.15296292304993