Struktur islahatları dövlətin çevik idarə olunmasına hesablanıb

 

Prezident ölkəmizdə ciddi dəyişikliklərə start verib

 Hazırda Amerika, Avropanın elm və texnikanın sürətli inkişafı nəticəsində dünyanı irəliyə aparan lokomotivə çevrildiyi inkaredilməz həqiqətdir. Dünyanın insan üçün ən yüksək müasir təminatlı həyat tərzi məhz, bu məkanda mövcuddur. Kifayət qədər qüsurları olmasına baxmayaraq, demokratik üsul-idarə sistemi dünyada hələlik insanlıq üçün ən məqbul yol hesab olunur.

 Amerika və Avropa insan sivilizasiyasının bütün mərhələlərini sürətlə keçərək, nəhayət, insanların məmnuniyyətlə qəbul etdikləri indiki yüksək demokratik dəyərlərə malik olan cəmiyyətə sahibdir. İndi dünya xalqları Amerika və Avropanın nail olduğu uğurları öz həyatında gerçəkləşdirmək üçün var gücləri ilə çalışırlar.

Millət kimi özünü təsdiq etmək, bəşəriyyətə layiq mədəniyyət nümunəsi ortaya qoymaq hər bir toplumun arzusudur. Dünyanı zaman-zaman inşa etmiş türk toplumunun bir hissəsi olaraq, oğuz türkü kimi, biz də sivil dünyanın müasir prioritetlərinə uyğunlaşmaq əzmindəyik. Biz qədim millət olsaq da, tarixin müəyyən mərhələsində zamanın təlatümləri ilə bacarmayıb, dünya sivilizasiyasına bizdən gec qoşulmuş Qərb və Avropa toplumlarının inkişafından xeyli geri qalmışıq. Bu geriləmə bütün türk və islam aləminə şamildir. Qərb, Avropa sivil dünyaya gec qoşulsa da, dünyanın qeyri-bərabər inkişaf qanunlarının təsiri ilə sürətlə inkişaf  edib, nəticədə qədim dünyanın əsasını qoymuş türk toplumlarını xeyli arxada qoyub. Bunun mənfi nəticələri gözümüzün önündədir.

Heç təsadüfi deyil ki, dünyanın inkişaf baxımından zəif olan Afrika, Asiya və digər kontinentlərin diktator rejimlərinin istismarına məruz qalan, ən adi yaşayış tərzindən belə, məhrum olan kasıb insanları bütün çətinliklərə, hətta ölüm təhlükəsinin labüd olmasına baxmayaraq, müxtəlif yollarla Avropaya və Amerikaya qaçmağa cəhd edirlər.  Hazırda qaçqın problemi Amerikanın, Avropanın ən ciddi probleminə çevrilib. Dünyanın və Avropanın inkişaf etmiş ölkələri qaçqın axınının qarşısını almaq məqsədi ilə müxtəlif tədbirlər görürlər, hətta sərhədlərdə hündür və keçilməz sədlər çəkməyə məcbur olurlar.

Azərbaycan Respublikası da sovet imperiyasının əsarətindən azad olduqdan sonra, demokratik inkişaf yolunu seçdiyini bəyan edib və tədricən Qərbə inteqrasiyanı perispektiv proqram kimi qəbul edib. Müstəqillik qazandığı ilk ildən ölkəmizin götürdüyü inteqrasiya istiqaməti təsdiq edir ki, Azərbaycan bəyan etdiyi siyasi inkişaf kursuna sadiqdir və ölkədə demokratik təsisatların oturuşması üçün lazım olan bütün tədbirlər dövlət tərəfindən sistemli şəkildə həyata keçirilir. Bu proses son 27 ildə ağrılı olsa da, bundan əvvəlki prezidentlər tərəfindən də mümkün qədər davam etdirilib. Bu proses maneələr olmasına baxmayaraq, indi də uğurla həyata keçirilir.

 Azərbaycanda demokratik islahatların aparılması prosesi və Qərbə inteqrasiyası xeyli dərəcədə regionun demokratik və avtoritar rejim idarə olunan qonşu dövlətlərinin mənfi təsirlərinə məruz qalsa da, ölkəmiz götürdüyü Qərbə inteqrasiya kursunu iqtisadi sahədə uğurla davam etdirir. Lakin Cənub və Şimal qonşuları (İran və Rusiya) ABŞ və Qərb ilə boğuşan, Cənub-Qərb qonşusu isə təcavüzkar Ermənistan olan Azərbaycanın hansı çətin coğrafiyada yerləşdiyini təsəvvür etmək çətin deyil. Ancaq bütün çətinliklərə və ciddi maneələrə baxmayaraq, Azərbaycan var gücü ilə Qərbə inteqrasiya etməkdə israrlı görünür. Bir anlığa Qərb-Şərq neft-qaz kəmərlərinin və Bakı-Tiflis-Qars dəmir yolu xəttinin, Şimalla Cənubu birləşdirən dəmir yolunun ölkəmizdən keçərək, böyük qovşaq təşkil etidiyni diqqətə alsaq, dünya ilə iqtisadi inteqrasiyanın sürətlə getdiyini müşahidə edə bilərik.

Qeyd edim ki, ölkə Prezidenti cənab İlham Əliyevin şəxsi prinsipiallığı və qətiyyəti sayəsində Azərbaycan beynəlxalq mövqeyini kifayət qədər möhkəmləndirib və regionun lider dövlətinə çevrilib. Ölkəmizin hazırda yüksək beynəlxalq nüfuza malik olmasını, hətta düşmənlərimiz belə, etiraf edirlər. Düşünürəm ki, bunu isbat etməyə heç bir ehtiyac yoxdur. Çünki qeyd etdiyimiz hallar konkret olaraq əldə olunmuş müsbət nəticələrə əsaslanır. Hazırda Prezident İlham Əliyev beynəlxalq aləmdə ölkəmizin əldə etdiyi yüksək nəticələri eyni zamanda, ölkədaxili idarəetmədə də reallaşdırmaq məqsədi ilə ciddi struktur və kadr islahatlarına başlayıb. Son bir neçə gündə ard-arda verilən sərəncamlara diqqət yetirib, hər kəs bu islahatlara start verilməsinin şahidi ola bilər.

Hökumət müşavirələrində Prezident tərəfindən də dəfələrlə tənqid olunan və ciddi həyacan doğuran ölkədəki məmur özbaşınalığı və rüşvətxorluq hallarına qarşı ciddi mübarizə aparılır. Ölkə əhalisi həm millətimizi üzən, həm də dövlətimizin beynəlxalq nüfuzuna zərbə vuran bu cür halların qarşısını almaq məqsədi ilə Prezident tərəfindən daha sərt tədbirlərin görülməsinin gündəmə gətiriləcəyi bu günü çoxdan gözləyirdi. Xarici düşmənlərin və onların daxildəki ünsürlərinin fəallığına baxmayaraq, xalq prezidentinə ciddi dəstək verdiyini öz fəaliyyəti ilə sübut edir. Ölkədə düşmənin maşası kimi çalışan başıbəlalı müxalifət isə, yenə köhnə havalar çalıb-oynamaqda davam edir. Xaricdən aldıqları çirkli pulların hesabını vermək məqsədi ilə yalan uyduqmaqla, hay-küy qoparmaqla, hər həftə mitinq elan etməklə məşğul olur.

Ölkədə indi aparılan struktur islahatları və kadr dəyişikliklərinə əhalinin göstərdiyi gündəlik münasibətdən aydın hiss olunur ki, xalq bu dəyişikliklərə böyük maraq göstərir, baş verən müsbət dəyişikliklərə böyük işlərin bünövrəsinin qoyulduğu ciddi hadisə kimi dəyər verir. Xalq cənab Prezidentin ölkədə apardığı quruculuq işlərinə yeni impuls verməsinə ölkədə mövcud olan mənfi halların aradan qaldırılması tədbirləri kimi dəstək verir! Son günlər əhali arasında apardığımız rəy sorğusunun nəticəsi də sübut edir ki, xalqımız ölkədə gedən son struktur dəyişikliklərinin onların həyatının daha da yaxşılaşmasına, rifahının yüksəlməsinə və düşmən tərəfindən zəbt olunmuş torpaqlarımızın işğaldan azad olunmasına təkan verəcəyinə əmindir!

Ölkəmizin inkişafı ilə bağlı pessimizmə qapılmaq üçün heç bir əsas yoxdur. Əsas odur ki, Azərbaycan getdikcə güclənir, dünyaya inteqrasiya edir. Düşmən Ermənistan isə, işğalçılıqla məşğul olduğuna görə, qonşuları tərəfindən dünyadan tam tədric olunmuş duruma düşərək, insanların normal yaşayışını belə, təmin edə bilmir. Bundan istifadə edən müxtəlif yönümlü siyasi qüvvələr hakimiyyət uğrunda savaşaraq, Paşinyan hökumətinə hücum edərək, bir-birini didib parçalamaqla məşğuldur. Bu isə, Azərbaycan üçün əlverişli məqamdır ki, ermənilərin Rusiya və Qərb arasında qalıb zəif düşməsindən səmərəli istifadə edib, torpaqlarımızın azad olunması istiqamətində ciddi işlər görülür!

0.23701906204224