Fazil Qurbanov: "Qərar mənfi olsa, ÜAK-ın bazasında yeni təşkilat yaratmağı düşünürük" 

 

Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) prezidenti, professor Fazil QurbanovunAPA-nın Moskva müxbirinə

 - Fazil müəllim, ÜAK qeydiyyatının ləğv edilməsi ilə bağlı qərardan bu gün Rusiya Ali Məhkəməsinin Rəyasət Heyətinə kassasiya şikayəti verib. Müsbət cavab alacağınıza ümid varmı?

 - Bəli, bu gün vəkilimiz Konqresin qeydiyyatının ləğvi barədə qərardan Ali Məhkəmənin Rəyasət Heyətinə kassasiya şikayət verib. Şikayətimizə nə vaxt baxılacağı barədə bizə məlumat veriləcək. Gözləntilərimizə gəldikdə, deyə bilərəm ki, Rusiya Ədliyyə Nazirliyitərəfindən tutulan iradların hamısını aradan qaldırmışıq. Ümid edirik ki, Rəyasət Heyəti kassasiya şikayətimizə müsbət cavab verəcək. Necə deyərlər, ümid sonda ölür. Hesab edirəm ki, bizim bütün instansiyalara müraciət etməyimiz haqlı mövqedə olduğumuzu göstərir. Bizə hansısa kobud siyasi səhvlər buraxdığımız barədə iradlar olmayıb. İradlar məhz sənədləşmə işləri ilə bağlıdır. Ədliyyə Nazirliyinin xəbərdarlıqlarına vaxtında reaksiya verilməyib.

 - ÜAK-ın qeydiyyatının ləğvi ilə bağlı məsələdə ədalətin bərpa olunması üçün bir neçə ay əvvəl Rusiya prezidenti və baş nazirinə müraciət etmişdiniz. Son məhkəmə qərarları isə bu müraciətlərin hələ də nəticəsiz qaldığını göstərir.

 - Bəli, biz Prezident Administrasiyasına, Federasiya Şurasına, Dövlət Dumasına müraciət etmişdik. Deputatlarla görüşmüşdük. Demək olar ki, bütün instansiyalarda görüşlər keçirmiş, narahatlığımızı çatdırmışdıq. Bütün bu müddət ərzində əllərimizi yanımıza salıb oturmamışıq. Sənədləşmə işlərini tam qaydaya salmışıq. ÜAK bu müddət ərzində bir sıra tədbirlər keçirib, bır sıra tədbirlərdə iştirak edib. Hazırda tanınmış azərbaycanlı, Rusiya Kosmonavtikasının banilərindən biri general Kərim Kərimovun 100 illik yubileyinə hazırlaşırıq. Noyabrın 14-də Kərim Kərimovun 100 illik yubileyi ilə bağlı böyük tədbir keçirəcəyik.

 Qarşıdan Rusiyada "Xalqların birliyi" günü gəlir. Təşkilatımız noyabrın 4-də bu bayram tədbirinə də hazırlaşır. Gördüyünüz kimi, ÜAK işləyir, fəaliyyət göstərir. Biz ruhdan düşməmişik. Hesab edirəm ki, 2001-ci ildə əsası ümummilli lider Heydər Əliyev və Rusiya prezidenti Vladimir Putin tərəfindən qoyulan təşkilat fəaliyyəti dayanmamalıdır. ÜAK Rusiyada yaşayan bütün azərbaycanlıları özündə birləşdirir. ÜAK 2.5 milyona yaxın azərbaycanlını birləşdirən təşkilatdır.

 - Son ümid yeri olan Ali Məhkəmənin Rəyasət Heyətinə kassasiya şikayəti müsbət cavab vermədiyi təqdirdə ÜAK hansı addımları atacaq? Yeni təşkilatın yaradılması gündəmdə varmı?

 - Bizim əsas vəzifəmiz Ümumrusiya Azərbaycan Konqresini qoruyub saxlamaqdır. Əgər Rəyasət Heyətinin qərarı mənfi olsa, biz buna hazır olacağıq. 70-dən çox regionda nümayəndəliyi olan bir təşkilatı ləğv etmək asan məsələ deyil. 2,5 milyona yaxın azərbaycanlını təşkilatsız qoymaq mümkün deyil. Ona görə də əsas vəzifəmiz təşkilatı qoruyub saxlamaqdır. Əgər kassasiya şikayətindən mənfi nəticə çıxsa, o zaman təşkilatın adını dəyişməyi, ÜAK-ın bazasında yeni təşkilatın yaratmağı düşünürük. Bütün bunlar Ali Məhkəmənin Rəyasət Heyətinin qərarından asılıdır. Lakin biz ümidimizi itirmirik. Ümid edirik ki, ədalətli qərar çıxarılacaq.

0.20348811149597