Atalar belə deməyib
axı, cənablar!

 

O kəslər ki, abır-həyalıdır onların işi heç vaxt düz getmir...

 

Mən bu yazımda çalışacağam ki, günümüzlə səsləşən və səsləşməyən bəzi atalar sözlərinə şərhlər verim, əlbəttə, bu şərhlər mənim, ola bilsin ki, subyektiv fikirlərimdir.

 

Mən çox müşahidələr aparmışam və görmüşəm ki, "Abır harda, çörək orda", "Abır-həya olan yerdə bərəkət olar", "Qanan qanmazın quludur" tipli atalar sözləri bu gün demək olar ki, əhəmiyyətin itirib.

O kəslər ki, abır-həyalıdır onların işi heç vaxt düz getmir, abırlı olmaqla heç bir bərəkət əldə edilmir. Bu gün varlanmaq üçün gərək abır-həyadan vaz keçəsən.

Qanan yazıq nə vaxtadək qanmazın qulu olmalıdır?.

Kimsə işi yaxşı getsin deyə, özünü bilərəkdən qanmazlığa vuracaqsa, qanan nə üçün onun qulu olmalıdır? Olmaz ki, qanmazlara öz yerləri göstərilsin?

Bu gün yalan baş alıb gedir. Ayaq tutur da, yeriyir də. İşinin taraz getməyini istəyirsənsə, bol-bol yalandan istifadə etməlisən.

"Yalan ayaq tutar, yeriməz" kimi atalar sözlərinin ətəyindən tutmaqla bir yana çıxmaq olmaz.

Yalan danışmayana pis baxırlar. Adam var gözəl adı var, ancaq onunla yoldaş olandan sonra çox çirkin olduğunu görürsən. "Adı gözəl olanın özü də gözəl olar" ifadəsi çox vaxt yerinə düşmür. Eşşəyə məxmərdən palan tikməklə deyil ki, eşşək eşşəkdir.

Bu gün Allah bir olsa da, söz mindir. Nə var ki, sözün behi yox, bazarı yox. Necə istəyirsən, elə də danış. "Allah dərdi çəkənə verir". Gözəl ifadədir:

 

Kotana nə lazım qayış çəkə nə,

Nə qədər sitəm var, qorxma çək mənə,

Allah dərdi verir, dərdi çəkənə,

Allahın işinə qarışmayaq gəl!

 

Niyə sənə gündə ibadət edənlərə, dua edənlərə dərd kədər verirsən, harınlara, quldurlara bol-bol sərvət verirsən, ilahi? O dünyanın cənnəti ilə bizə təskinlik verirsən, ilahi?

Bu gün ağıllı danışığa pis baxırlar:

Yandırırlar, hey yaxırlar,

Ağılsıza "çin" taxırlar,

Ağıllıya pis baxırlar

Biz gedirik görən hara?

 

Danışırıq elə-belə,

Dözümlüyük, vallah, lələ

Əriyirik gilə-gilə,

Arsız-arsız, gülə-gülə,

Biz gedirik görən hara?

 

Bu gün ağıllılar addımbaşı aldanır. İndi satan yox, alan aldanır. Sizə elə gəlməsin ki, mən əsrlərdən süzülüb gələn, xalqın qan yaddaşına hopan atalar sözlərini pisləyirəm. Mən, sadəcə olaraq, bəzi atalar sözlərinin bu günümüzlə, bütövlükdə bu günkü dünyamızla səsləşmədiyini oxucuların nəzərinə çatdırmaq istəyirəm.

Bu gün bəzi üzdəniraq məmurların devizi belədir: "Babam mənə kor deyib, gəlib-gedəni vur deyib". Bu günkü dünyamızda buynuzsuz qoçun qisası qiyamətə qalır. Belə olmasaydı torpaqlarımız əldən getməzdi.

Bu gün yarımçıqların, psixoloji durumu yerində olmayanların əsridir. "Bilənin də başına dönüm, bilməyənin də, dad yarımçıq əlindən". Özünü savadlı göstərmək istəyən yarımçıqlara hər zaman rast gəlmək mümkündür. Təəssüf ki, bu tipli insanların içində məmurlar heç də azlıq təşkil etmir.

Atalar deyib: "Özündən böyüyə hörmətlə yanaş"

Biz doğurdanmı böyüklərə hörmətlə yanaşırıq?

Öz qəbahətini etiraf etməkdənsə, biz görürük ki, bəzi gənclər günahı böyüklərdə görür, onların üzünə ağ olur.

Bu gün baş alıb gedən alkoqolizm, narkotika aludəliçiliyi, əxlaqsızlıqlar böyüklərin sözünə qulaq asmamağın, baxmamağın nəticəsi deyilmi?

Təbii ki, kapitalizm quruluşundayıq. Ağa da var, nökər də. "Bəy dediyin nədir, bəyənmədiyin nə", "Ağa deyir sür dərəyə, sür" kimi ifadələr əsrlərin süzgəcindən keçib gəlib. Ağa, bəy öz nökərinə qayğı ilə yanaşan varlı təbəqəyə deyirdilər. Nökər isə öz ağasına sədaqətlə qulluq edən aşağı (yoxsul) təbəqəyə deyirdilər. Gəlin görək bu doğrudanmı belədir?

Təəssüf ki, bu gün bir çox hallarda nə ağa öz üzərinə düşən missiyanı yerinə yetirir, nə də nökər. Əlbəttə, hərə öz üzərinə düşən vəzifəni doğru, düzgün yerinə yetirsə, ölkəmiz daha da inkişaf edər.

Çox maraqlıdır, ağa nökəri əzdikcə, nökər də çıxış yolunu qisas almaqda, qarətçilikdə, intiharda və digər xoşagəlməz hallarda görür. Yaxud da, nökər öz üzərinə düşən vəzifəni sədaqətlə, şərəflə yerinə yetirmir, ya da yerinə yetirə bilmir və ağanın yanında ona olan etimadı itirir. Belə olan hallarda yuxarıda misal çəkdiyimiz atalar sözləri də öz çəkisini, sambalını itirir.

Atalar deyib: "İşləməyən dişləməz".

Heç bir iş görmədən, fırıldaqçılıqla, oğurluqla, dövlət malını mənimsəməklə var-dövlət sahibi olanlara nə qədər desən rast gəlmək olar. Onlar "Hazırına nazir olan"lar, "Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş" olanlardandır. Aşağı təbəqə görəndə ki, dolayı yol ilə varlanmaq var, onda onlar, əlbəttə, mənən əziləcəklər.

Mən yuxarıda yalan haqqında atalar sözlərindən danışdım. Təbii ki, yalan pisdir. "Yalançının evi yandı, heç kəs ona inanmadı".

Bütün bunlara baxmayaraq, bəzən müharibə yaradan gerçəkdənsə, sülh yaradan yalan daha yaxşıdır. Mən çox istərdim ki, insanlar bir-birinə yalan deyəndə sülh, barışıq yaradan yalan desinlər, daha ayaq tutub yeriyən, konfilikt yaradan yalan yox:

 

Eşşək pisdir, palan yaxşı,

Pis adamdan ilan yaxşı,

Nifaq salan gerçəkdənsə,

Sülh yaradan yalan yaxşı.

 

Atalar sözü: "Torpaq deyir öldür məni, dirildim səni".

Bəli, torpağı əkmək, şumlamaq və ondan yaxşı məhsul götürmək, əlbəttə, olar. Ancaq görəndə ki, sənin zəhmətin heçə gedir, onda əlin də işdən soyuyur. Başqa yerləri bilmirəm, ancaq Beyləqan rayonunda bir çox torpaq sahələri, o cümlədən, Birinci Aşıqlı kəndinin torpaq sahələri acı, zəhərli su ilə suvarılır. Yəni şor kanalın qarşısına bənd atılır və həmin qrunt suları ilə toxum səpilmiş, əkilmiş sahələri suvarırıq. İndi isə siz mənə deyin, zəhərli su ilə suvarılan torpaqlardan hansı məhsul gözləmək olar?

 

Toxum səpdik, yoxdu bəhər,

Hamı bizə gülür, qardaş!

Kübrəsi yox, suyu zəhər,

Torpaq artıq ölür, qardaş!

 

Belə olan halda torpaq bizi necə dirildə bilər? Atalar belə deməyib axı, cənablar!

Atalar müdrik sözləri ilə insanları düzgün yola dəvət edib. "Ağanəzərəm belə gəzərəm" deməklə atalar deməyib ki, elə sən öz bildiyini işlət. İnsanlara yuxarıdan aşağı bax. "Ayağını yorğanına görə uzat". Amma indi ayağını yorğanına görə uzadana çox az rast gələrsən. İndi insanların münasibətində də get-gedə soyuqluq əmələ gəlməkdədir. Kimin maddiyyəti güclüdür ona təzim edilir. Maddiyyəti güclü olan adam sərsəm danışsa belə, onun danışığını ağıllı danışıq kimi qəbul edirlər. "Bağda ərik var idi, salaməleyk var idi, bağdan ərik qutardı, salaməleyk qutardı". Doğrudan da, əgər sən vəzifədəsənsə, çoxlu pulun varsa, hamı sənə salam verəcək, "müəllim"- deyə müraciət edəcək. Elə ki, vəzifədən çıxdın, ya iflasa uğradın heç kəs sənə salam verməyəcək, heç qapını açan da olmayacaq.

Əvvəllər "Kişinin sözü bir olar"dı. İndi artıq bu atalar sözü də, demək olar ki, arxaikləşib.

Amma, hər halda:

 

...Kişilik heyrətdir,

Kişilik qeyrətdir.

Kişilik Allahın işidir,

Kişi elə kişidir!

 

"Qadın evin dirəyidir". Bəli, doğrudan da qadın evin dirəyidir. Zəhmətkeşdir. Yuxusuz gecələr keçirib övladlarını saxlayır. Amma "Qadın" yıxmayan ev min il tikili qalar". Həzrəti Əli deyir:

"Əgər bir evin dirəyi çürükdürsə, o dayanar, qadını pisdirsə o ev uçacaq".

Bu gün istər şou-biznesdə, istərsə də digər yerlərdə çılpaq bədənlərini nümayiş etdirən qadınlar bilirsiniz nə qədər evlər yıxır?

 

Kişiyə dayaqdı, qoldu, qanaddı,

Ömürlük sirdaşdı, yoldaşdı qadın.

Həyat yoldaşının qədrini bilsə,

Qızıldı, gümüşdü, daş-qaşdı qadın.

 

Boş yerə həmişə ağız dalarsa,

Tez-tez əsəbləşib özün yolarsa,

Evin söhbətini çölə salarsa,

Gözlərdə kədərdi, qan-yaşdı qadın.

 

Sözünün yerini, yurdunu bilsə,

Yerində danışıb, yerində gülsə,

Kədəri gizlədib, sevinci bölsə,

Hamıdan, hamıdan lap başdı qadın.

 

Qadınlar evlərin bəzəyi, tacı,

Qadınlar dərdlərin, vallah, əlacı,

Feyruz, onu bil ki, həm sənə bacı,

Həm də yeri gəlsə, qardaşdı qadın!

 

Bütün yuxarıda dediklərimi, yaxud demədiklərimi nəzərə alsaq, belə bir nəticəyə gəlirik ki, atalar sözləri həmişə yerində deyilib və yerində işlədilib. Ancaq zaman keçdikcə bəzi insanlar həmin atalar sözlərini deformasiyaya uğratmağa, öz mənafelərinə uyğunlaşdırmağa çalışsalar da, atalar sözləri heç vaxt öz dəyərini itirmir.

Bu təbiidir ki, biz dövrümüzdəki neqativ halları öz yazılarımızda göstərməliyik. Bütün dövrlərdə belə olub. Yubileyini keçirəcəyimiz İ.Nəsimi orta yüzillikləri tənqid edir. O, göstərir ki, bu həyatın safı, gözəli, yalan, şəkəri acı, balına isə zəhər qatılmışdır, sevgisi isə cəhənnəm oduna oxşayır. Qoca qarıya bənzəyən dünyanın işi qondarma, var-dövləti dərd və kədərdir. Ondan xoşbəxtlik gözləmək mənasızdır.

Sonrakı dövrlərdə M.Ə.Sabir, Mirzə Cəlil də həmin yolun layiqli davamçıları olublar.

Biz də çalışdıq ki, atalar sözləri fonunda bəzi əyər-əskiklərimizə ayna salaq. Buna nə dərəcədə nail olduq, deyə bilmərəm. Ancaq bu bir həqiqətdir ki, doğrudan da atalar belə deməyib axı, cənablar!

Ağıldan kora vəzifə verəndə istədiyini edəcək.

"Babam mənə kor deyib, gəlib-gedəni vur deyib", "Dəliyə yel ver, əlinə bel ver", yəni dəliyə vəzifə ver istədiyini eləsin. "Qanan qanmazın quludur", yəni qanmaz qananın ağasıdır kimi atalar sözləri ağılsız, dəli, qanmaz, başdanxarab adamlara aiddir. Daha atalar deməyib ki, belələrini məsul vəzifələrə qoy və onlar da xalqın başına min cür oyunlar açsın. Atalar belə deməyib axı, cənablar!

 

Fehruz Hilaloğlu

(şair-publisist)

0.23324394226074