Elmar Məmmədyarov Azərbaycanın Sudandakı fəxri konsulunu qəbul edib

 

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın Sudan Respublikasındakı fəxri konsulu Tarig Hamza Zeynəlabdini qəbul edib.

 APA-nın XİN-in saytına istinadən verdiyi xəbərə görə, E. Məmmədyarov T. H. Zeynəlabdini fəxri konsul qismində fəaliyyətə başlaması münasibətilə təbrik edib. Görüşdə Azərbaycan və Sudan arasında ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsi, turizm, hava nəqliyyatı və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

 Tarig Hamza Zeynəlabdin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) təcrübəsinin Sudanda böyük maraqla qarşılandığını qeyd edərək bu sahədə əməkdaşlığın vacibliyini diqqətə çatdırıb.

 Görüşdə beynəlxalq təşkilatlar, xüsusilə BMT və İƏT çərçivəsində həyata keçirilən səmərəli əməkdaşlığın iki ölkə arasında münasibətlərin inkişafına təkan verdiyi bildirilib. Bu xüsusda beynəlxalq təşkilatlar çərçivəsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləyən, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyən qətnamələrin qəbul edilməsində Sudanın göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyi qeyd olunub.

 Fəxri konsul fəaliyyəti dövründə iki ölkə arasında hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini deyib.

0.22841501235962