DGK sədri BP-nin regional prezidenti ilə görüşüb

 

Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

DGK Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, A.Əliyev 1994-cü ilin sentyabr ayında Bakıda dünyanın ən iri neft şirkətləri ilə imzalanmış "Əsrin müqaviləsi"nin müstəqil Azərbaycanın ictimai-siyasi, iqtisadi həyatında çox mühüm tarixi anlardan biri olduğunu diqqətə çatdırıb. Sentyabrın 14-də isə Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanmasını da məmnunluqla xatırlayan DGK sədri bu əlamətdar hadisəni 2050-ci ilə qədər uzadılan "Azəri-Çıraq-Günəşli" nəhəng neft yatağının işlənilməsində yeni dövr kimi xarakterizə edib. Xəzər dənizi hövzəsində hasil edilən neftin əlverişli geostrateji mövqeyə malik ölkəmizin ərazisi vasitəsilə dünya bazarına çıxarılmasının respublikamızın inkişafı baxımından həm iqtisadi, həm də strateji əhəmiyyət daşıdığını qeyd edən A.Əliyev ümumiyyətlə, respublikamızda neft sektorunun inkişafı naminə BP şirkətinin gördüyü işlərdən məmnunluqla söhbət açıb.

Azərbaycanda fəaliyyət göstərən ən iri neft şirkəti kimi BP ilə gömrük orqanları arasında mövcud əlaqələrdən bəhs edən komitə sədri bu istiqamətdə gömrük orqanlarının üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini, gömrük nəzarətinin və gömrük rəsmiləşdirilməsinin daha operativ surətdə aparılmasını təmin etmək üçün ardıcıl tədbirlərin həyata keçirildiyini bildirib.

 Azərbaycan gömrüyünün keçdiyi inkişaf yoluna da qısaca nəzər salan A.Əliyev gömrük orqanlarının peşəkar kadrların hazırlanması, gömrük işi sahəsində informasiya texnologiyalarının tətbiqi, beynəlxalq əlaqələrin və əməkdaşlığın gücləndirilməsi və digər sahələrdə əldə etdiyi mühüm nailiyyətlərdən də bəhs edib. Gömrük işinin səmərəli təşkili məqsədilə son illərdə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən mütərəqqi islahatlardan bəhs edən A. Əliyev, ölkə başçısının təşəbbüsü ilə tətbiq olunan yeniliklər hesabına gömrük işinin bütün sahələrində mühüm nailiyyətlər əldə olunduğunu, sahibkarlar üçün daha əlverişli biznes mühitinin yaradıldığını və xarici ticarət əməliyyatlarının daha da stimullaşdırıldığını bildirib və qeyd edib ki, DGK-nın fəaliyyətində biznes-gömrük əməkdaşlığına xüsusi önəm verilir, bu məqsədlə vaxtaşırı olaraq işgüzar dairələrin nümayəndələri ilə görüşlər keçirilir, ölkədə baş verən iqtisadi proseslər, idxal-ixrac əməliyyatlarının vəziyyəti barədə həm sahibkarlar məlumatlandırılır, həm də onların fikirləri öyrənilir və təklifləri dəyərləndirilir.

 Komitə sədri xüsusilə gömrük işini öyrənən gənclərin yüksək ixtisas alması, bilik və təcrübəsini artırması işinə diqqət yetirildiyini də söyləyib. Bu ilin iyulunda Qusar şəhərində "Gömrük idarəçiliyində aktual məsələlər və çağırışlar" mövzusunda II Beynəlxalq Tələbə Konfransının da kadr potensialının artırılması işində irəliyə doğru növbəti mühüm addım olduğunu vurğulayan A. Əliyev bu konfransa göstərdiyi dəstəyə görə BP şirkətinin rəhbərliyinə minnətdarlığını bildirib. DGK sədri bu istiqamətdə BP şirkəti ilə əməkdaşlığın davam etdiriləcəyinə əmin olduğunu da ifadə edib.

 Q. Counz Azərbaycanda fəaliyyət göstərməsindən məmnunluğunu ifadə edib. "Əsrin müqaviləsi"ndən sonra ilkin neftin əldə olunması, bu istiqamətdə layihələrin uğurla həyata keçirilməsi yolunda BP şirkəti tərəfindən çox mühüm işlər görüldüyünü xatırladan qonaq ötən illər ərzində DGK ilə birbaşa qurulan müsbət əlaqələrdən də bəhs edib, qarşılıqlı əməkdaşlığı yüksək qiymətləndirib. Şirkətin həyata keçirdiyi irimiqyaslı layihələrin icrasında gömrük orqanlarının müstəsna rolundan danışan Q. Counz gömrük sistemi ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu, uzun illərdən bəri mövcud olan bu işgüzar əlaqələrin 2050-ci ilə qədər uzadılan "Azəri-Çıraq-Günəşli" nəhəng neft yatağının işlənilməsi dövründə daha da genişlənəcəyinə əminliyini ifadə edib. İxtisaslı kadrların yetişdirilməsi məsələsinə də toxunana şirkət təmsilçisi, son dövrlərdə Azərbaycanda BP şirkətinin həyata keçirdiyi layihələrin icrasında iştirak edən yerli mütəxəssislərin sayının sürətlə artdığını, bunun da ölkənin peşəkar kadr potensialının güclənməsindən xəbər verdiyini diqqətə çatdırıb.

 Görüşdə, həmçinin hər iki qurum arasında əlaqələrin səmərəliliyinin artırılması məqsədilə gələcəkdə keçiriləcək, xüsusilə gömrük sahəsində təhsil alan tələbələrin iştirak etdiyi tədbir və proqramlarda qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.

"Demokratik Musavat.com"

0.19315505027771